Bir kəhrizin son nəfəsi

post-img

Su kəsiləndə yaddaş da quruyur

Gəncə səssizcə dəyişir. Yeni binalar, yeni yollar, haylı-küylü maşınlar, asfaltın altından keçən kabellər, borular... Və bütün bunların içində bir səs çoxdan kəsilib. O səs kəhrizin nəfəsidi. Bir zamanlar torpağın altından gələn, sanki Gəncənin sinəsindən çıxan bu su səsi, həzin şırıltı daha eşidilmir.

Amma, əslində, kəhrizin son nəfəsi sükutdur. Təki bircə o sükut olmasın. Çünki bu sükut bəzən haraydan da gur olur.

Əsrlər boyunca Gəncə şəhərinin içməli su təminatında əsas rol oynamış kəhrizlər bu gün unudulmağa doğru gedir. Vaxtilə Göygöldən, dağlardan, bulaqlardan süzülüb gələn sular yerin altındakı bu əzəmətli su şəbəkəsi ilə şəhərə yayılırdı. Samovarlar bu sularla qaynayır, çayxanalar sərinlik tapır, evlərdə gil küplərə doldurulurdu. Kəhrizlər təkcə su qaynağı deyildi, həm də bir yaşayış mədəniyyəti idi.

Əgər kəhrizdən su gəlmirdisə, məhəllədə nə toy başlayar, nə yas keçirilərdi. Su gərək axaydı, bacalar tərpənəydi ki, həyat da öz yoluna davam etsin. Hətta bəzi məhəllələrdə belə adət vardı. Toy səhəri gəlinə gəldiyi evdə ilk su kəhrizdən içizdirilərdi. Yas günlərində su bacasının üstü təmizlənər, bir qab su ilə dua oxunardı.

Bizim həyətdə də bir-birindən aralı iki kəhriz quyusu vardı. Anam hər səhər pıçıldıya-pıçıldıya quyudan su çəkər və bizə içizdirərdi. O dad bir başqa bir dad idi. Mən deyərdim ilahi bir dad idi! İndi nə qədər istəyirəm o dadı xatırlayım, yada sala bilmirəm. Atam o sudan özü çay dəmləyərdi, ləzzətlə içərdi. İndi bütün bunlar yalnız şirin xatirələrdə yaşayır. Yoxdu daha o sudan!

...Tarixi mənbələrə görə, Gəncədə vaxtilə 70-ə yaxın kəhriz fəaliyyət göstərib. Bəziləri xalq arasında məşhurlaşıb, adları bu günə qədər gəlib çatıb: XVII əsrdə çəkilmiş, mühəndislik abidəsi sayılan Şah Abbas kəhrizi, məşhur hamamın su təminatını qarşılayan Çökək Hamam kəhrizi, şəhərin müdafiəsində strateji əhəmiyyət daşıyan Qala (İç Qala) kəhrizi, dini məkanlara və məhəllələrə su verən Məscid və Şahsevənlər kəhrizləri, Hacı Mirqasım kəhrizi, Ozan kəhrizi... Bu kəhrizlər sadəcə su xətləri yox, həm də mədəniyyət daşıyıcısı olub. Onlar suyu olduğu qədər tarix və yaddaşı da daşıyırdı.

Gəncənin su təchizatı əsasən kəhrizlər və bulaqlar vasitəsilə təmin olunurdu. Hər bir böyük məhəllənin özünəməxsus kəhrizi vardı. Məsələn, Şahsevənlər, Hacıkənd, Cavadxan, Nizami məhəllələrində bu cür qurğular mövcud idi. Kəhrizlər ictimai varlıq sayılırdı, onların qorunmasına və təmizliyinə məhəllə sakinləri birgə məsuliyyət daşıyırdı.

Keçən il bir tanışımızın həyətində köhnə bir daş bacaya rast gəldik. Toz basmış, kənarları otla örtülmüşdü. Ev sahibi dedi:

– Uşaqlıqda oradan su çəkərdik. İndi heç kim yaxın getmir... Bacaya yaxınlaşdıq. İçəridən zəif bir səs gəlirdi. Hiss etdim ki, bu, suyun yox, boşluğun səsidir. Sanki, torpaq öz səsini içində saxlamışdı. Kəhriz nəfəs alırdı, amma boğulmuşdu. Bir zamanlar Gəncənin neçə-neçə küçəsini, həyətini, insanını su ilə yaşadan kəhrizin son nəfəsi idi.

Əvvəllər kəhriz susanda bu, kənddə ya da şəhərdə bir hadisə sayılırdı. Su kəsiləndə adamlar kəhrizin ağzına toplaşar, kənkan çağırılar, bacalar təmizlənərdi. Bu, sadəcə texniki bir iş deyildi, bir cəmiyyətin birgə yaşamaq qərarı idi.

Bu gün isə bir kəhrizin susması nə mətbuata çıxır, nə də bir məhəlləni narahat edir. Sanki biz susan kəhrizlə birgə öz yaddaşımızı da torpağa basdırmışıq. Yadımdadır, Gəncədə belə bir deyim vardı: “Bir şəhəri tanımaq istəyirsənsə, onun kəhrizlərinə bax.” Çünki hər kəhriz bir dövrün səssiz salnaməsiydi. Qədim zamanlarda Gəncəyə gələn tacirlər, ziyarətçilər, ilk növbədə harada su olduğunu soruşarmışlar. Onlara deyərmişlər: “Get, Şah Abbas kəhrizinin bacası ordadır – bax orda su, həm də dua var.” Beləcə şəhərin xəritəsi sanki kəhrizlərə görə qurulmuşdu.

Əgər bir şəhər öz su yolunu itirərsə, ruhunu da itirər. Gəncədə yüzlərlə kəhrizin izi var – amma izi ilə maraqlanan yoxdur. Qorunmayan hər kəhriz təkcə texniki qurğu yox, sosial yaddaş abidəsi kimi yoxa çıxır.

Gəncə kəhrizləri unikal bir mədəni təbəqədir. Onları qorumaq üçün ilk növbədə pasportlaşdırma və bərpa işləri həyata keçirilməlidir. Turizm marşrutlarına salınmalı, yerində məlumat lövhələri quraşdırılmalıdır. Məktəblərdə, universitetlərdə maarifləndirmə proqramları hazırlanmalıdır. Bu su yolları arxeoloji abidə statusu almalı, mühafizə olunmalıdır.

Kəhrizlər təkcə keçmişin yox, gələcəyin də su ehtiyatıdır. Biz bu axarları qorumaqla həm keçmişə hörmət göstərmiş, həm də gələcək nəsillərə içində tarix axan bir həyat qaynağı miras qoymuş olarıq.

Bəlkə o son nəfəs deyil. Bəlkə biz hələ vaxtında yetişə bilərik. Gəncədə bir “Kəhrizlər Xəritəsi” tərtib olunsa, kəhriz izləri müəyyənləşsə, bəlkə bir neçə bacanı təmizləsək, su yenidən danışar. Hər halda su danışmaq istəyir. Sadəcə, qulaq asmaq lazımdır.

Bu yazı da elə o susan kəhrizlərə bir qulaq, bir qəlb, bir çağırış olsun deyə yazılıb. Çünki kəhriz nəfəs almasa, biz də rahat nəfəs ala bilmərik...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə





Sosial həyat