Adı vətəndaş qurumu, özü vətəndaş qənimi

post-img

“Daşnaksütyun”un “böyük məqsədlər naminə” öz ermənisinin də başını yeməsi təzə məsələ deyil

Onlara Ermənistanla Azərbaycan arasında sülh sərf eləmir. Çünki bundan sonra onların bölgə ilə bağlı maraqlarını reallaşdırmaq şansları sıfıra bə­rabər olacaq. Məhz bu səbəbdən bir pozucu mərkəzdən idarə olunan an­ti-Azərbaycan cəbhəsi suyu bulandırmaq üçün, hətta, Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə hücuma keçir, ona qarşı məntiqə sığmayan ittihamlar irəli sürür.

“Baş nazir Nikol Paşinyan 1915-ci il faciəli hadisələrində erməniləri günahlandı­ran ilk erməni lider oldu”. ABŞ-də fəaliyyət göstərən “Soyqırımının qarşısının alınması üzrə Lemkin institutu” öz bəyanatında Pa­şinyanla yanaşı, Türkiyəni və Azərbaycanı da hədəfə alır. Beynəlxalq terrorizmin ma­liyyələşdirilməsində, çirkli pulların yuyul­masında adı hallanan və nəhayət, Qarabağda separatçı rejimi dəstəklədiyinə görə hazırda Bakıda məhkəmənin hökmünü gözləyən fırıldaqçı Ruben Vardanyan və ondan geri qalmayan digər dələduz Nubar Afyanın sponsorluq etdikləri bu “institut”, əslində, muzdlu mirzələr yığnağından ibarətdir. Üç il bundan əvvəl Birləşmiş Ştatlarda “Soyqırı­mının qarşısının alınması üzrə Lemkin ins­titutu” adında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmiş bu qurumun idarə heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürləri təmsil olunurlar. 

* * * 

Dünyada soyqırımı hallarına qarşı bey­nəlxalq mübarizənin formalaşmasında bö­yük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edən bu təşkilat indi də Nikol Paşinyanın üzərinə hücuma keçib. Hər yerdə soyqırımı mövzu­sundan bəhs edildiyi kimi, Lemkin institutu­nun idarə heyətinin üzvlərindən biri də etnik ermənidir. Beləliklə, son illər Azərbaycana qarşı məqsədyönlü təbliğat kampaniyası apa­ran Amerikadakı bu qeyri-hökumət təşkilatı 1915-ci il hadisələrinin növbəti ildönümün­də Paşinyanın erməni xalqına müraciətini kəskin tənqid atəşinə tutub. Bu qeyri-hö­kumət təşkilatının ekspertləri bəyanatlarında iddia edirlər ki, Ermənistan lideri xalqa ün­vanladığı səhifə yarımlıq müraciətində üs­tüörtülü şəkildə “erməni soyqırımı”nı inkar etməyə çalışıb. Qeyd edək ki, aprelin 24-də xalqa müraciətində “mets yegern” ifadəsini ilk dəfə Paşinyan səsləndirib. 1915-ci ildə­ki məlum hadisələri dəyərləndirən baş nazir “böyük qırğında” birbaşa çar Rusiyasını və həmin illərdə Osmanlı İmperiyasının tabeli­yində olan erməniləri günahlandırıb.

Baş nazir Nikol Paşinyan müraciətində bunları deyib: “...Birinci Dünya müharibəsi zamanı genişmiqyaslı faciə baş verib. Döv­lətçiliyi olmayan, onu çox əsrlər əvvəl itirən erməni xalqı, əslində, özünün dövlətçilik ənənəsini unudub və 1915-ci ildə geosiyasi intriqaların, yalan vədlərin qurbanı olub. O, ilk növbədə, dünyanı və onun qaydalarını özü üçün başa düşülə bilən siyasi təfəkkür­dən məhrum idi”.

Lemkin institutunun Nikol Paşinyanın aprelin 24-nə təsadüf edən müraciətinə re­aksiyasına gəlincə, bunu mübaliğəsiz sen­sasion hesab etmək olar. Çünki Ermənistan baş naziri özünün “soyqırımı” açıqlaması ilə bu QHT-nin ekspertlərini, Vaşinqtondakı ermənipərəst qüvvələri nəinki təəccüblən­dirməyə, hətta hiddətləndirməyə nail olub. Daşnakların və “beşinci kolon”un yönəltdiyi Ermənistan müxalifətinin nümayəndələrinin proqnozlarının əksinə olaraq, Paşinyan 24 aprel müraciətində “soyqırımı” sözünü dilə gətirsə də, mətnə, adətən, xaricilərin işlətdi­yi “mets yegern” (“böyük qırğın”) ifadəsi­ni də əlavə edib. Bununla da, o, cəmiyyətə “1915-ci il hadisələrini “soyqırım” adlandır­maq istəmirəm” mesajını vermiş olub. 

* * * 

Kağız üzərindəki nizamnaməsinə əsasən, fəaliyyəti dünyanın müxtəlif guşələ­rində baş verən etnik təmizləmə və soyqı­rımı aktlarını öyrənmək, eləcə də onların qarşısının erkən alınması üçün xəbərdarlıq etmək missiyasını yerinə yetirmək olan ic­timai təşkilat təsis olunduğu gündən işinin çox hissəsini Azərbaycana qarşı uydurma ittihamlar və ideoloji hücumlar üzərində qurub. Keçən ilin sentyabrında Azərbayca­nın Qaqrabağda həyata keçirdiyi lokal an­titerror tədbirindən sonra bu başabəla QHT ABŞ və Avropa ictimaiyyətinin diqqətini Qarabağda “etnik ermənilərə qarşı soyqırım təhlükəsi”nə yönəltməyə çalışırdı. Bundan bir nəticə hasil olmayanda isə Bakı ilə sülhə və əməkdaşlığa meyillənmiş baş nazir Nikol Paşinyanın üzərinə total hücümlürın təşki­latçısı rolunda çıxış etməyə başlayıb. 

Lemkin institutu yaydığı bəyanatında iddia edir ki, baş nazir Paşinyan Ermənistan xalqına müraciətində “soyqırıma görə Tür­kiyə və Azərbaycanın məsuliyyətini şübhə altına alıb”. İntəhası, bu zaman institunun “ekspertləri” bu məsələnin 1915-ci ildə, ümumiyyətlə, mövcud olmayan Azərbay­canla hansı əlaqəsinin olduğunu izah etməyi “unudublar”. Amma bunun əvəzində təşkila­tın başbilənləri qeyd edirlər ki, “diqqətçəkən ən vacib amil odur ki, Paşinyanın “soyqı­rım”la bağlı xalqa müraciətində “təcavüz­karlardan” bəhs edilmir. “Ermənistan baş naziri Osmanlı İmperiyasının rəhbərliyini soyqırımda günahlandırmaq əvəzinə, siyasi vəziyyəti düzgün anlamadıqları üçün soyqı­rımı öz üzərlərinə götürmüş kimi görünən ermənilərə ox atdı”, – Lemkin institutunun bəyanatında deyilir.

Daha sonra Vaşinqtonlu “soyqırımı ekspertləri” belə bir yanlış versiyanı irə­li sürürlər ki, 1915-ci il hadisələri ilə bağlı Türkiyənin tezislərini təkrarlayan Nikol Pa­şinyan müasir Ankaranın bu hadisələrə görə məsuliyyət daşımadığını bəyan edir. Bunun­la da, o, “erməni soyqırımı”nın tanınması istiqamətində indiyədək göstərilən səylərə zərbə vurur. Bunun ardınca institut Ermənis­tan baş nazirini müraciəti redaktə etməyə və rəsmi İrəvanın “erməni soyqırımı” məsələ­sində “ədalətə nail olmaq” səylərinə sadiq qaldığını bir daha təsdiqləməyə çağırıb. Lemkin institutunun çağırışlarına Ermənis­tan hökumətindən rəsmi cavab verilməyib. Yalnız o məlumdur ki, baş nazirin mətbuat katibi bu mövzunu işıqlandıran jurnalistlərə “yazılı şəkildə sorğu göndərməyi” tövsiyə edib.

* * * 

İqtidardakı “Mülki müqavilə” partiya­sından olan deputat Arusyak Culakyan Lem­kin institutunun bəyanatını Ermənistanın daxili işlərinə və siyasi həyatına “kobud və qəbuledilməz müdaxilə” kimi qiymətlən­dirib. Parlamentari sözlərinə onu da əlavə edib ki, nə baş nazir, nə də başqa rəsmilər heç vaxt “soyqırımı”nı inkar etməyiblər. A.Culakyanın sözlərinə görə, əslində, Lem­kin institutunun bəyanatını “Daşnaksütyun” partiyasının Amerika ofisi hazırlayıb. “Er­mənistanın xarici siyasətinin qiymətləndiril­məsi özlərini tədqiqat institutu adlandıran­ların səlahiyyətlərindən çox kənara çıxır”, – deyə deputat vurğulayıb.

Erməni deputat, həmçinin ümid etdiyi­ni bildirib ki, institut “Ermənistanın daxili siyasi diskursunda iştirak etməkdən çəkinə­cək və bundan sonra özünün bəyan etdiyi məqsədlərinə, yəni soyqırımların qarşısının alınmasına diqqət yetirəcək”.

Rəsmi Vaşinqtonun qeyri-rəsmi patro­najlığını qazandığı şübhə doğurmayan bu qeyri–hökumət təşkilatı saytında bəyan edib ki, onun fəaliyətinin əsas qayəsi soyqırı­mının qarşısının alınması üsullarını təbliğ etməklə bütün dünyada əhalinin geniş tə­bəqələrini birləşdirməkdir. Amma təəssüf ki, belə xoşməramlı missiyanın çətiri altın­da Lemkin institutu lövbər saldığı ölkənin geosiyasi maraqlarına qulluq göstərdiyini dəfələrlə sübuta yetirib. İndi də monoetnik Ermənistan, torpaqlarımızı otuz il işğal al­tında saxlamış vandalların törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu qey­ri-hökumət təşkilatı, üstəlik, Azərbaycana böhtan atmağa, onun güclənməkdə olan bey­nəlxalq imicini ləkələməyə çalışır. 

Qısa araşdırmanın nəticəsində üzə çıxır ki, Lemkin institutu, bir növ, erməni lobbi­sinin okeanın o tayındakı filialı kimi fəa­liyyət göstərməkdədir. Korporativ maraqla­rının qarşılanması müqabilində işləyən bu bədnam qurum gerçək soyqırımlarını araş­dırmaq, onların qarşısını almaq barədə dü­şünmür, faktiki olaraq, “erməni soyqırımı” epidemiyasının yoluxdurucusu missiyasını yerinə yetirir. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Görünən odur ki, bir sıra xarici institut və təşkilatlar Azərbaynla Ermə­nistan arasında münasibətlərin normal­laşmasını görərək, hərəkətə keçiblər. Onlar hesab edirlər ki, rəsmi İrəvanın 1915-ci il hadisələrinə yanaşması düz­gün deyil. Lemkin institutu deyilən təşkilat bununla bağlı Nikol Paşinya­na birbaşa iradını bildirib. Amma Er­mənistanın baş naziri, əslində, aprelin 24-də “soyqırımı” ifadəsini işlət­məməklə reallığa daha yaxın olub. Doğrudur, tam mənada yaxın olduğunu da deyə bilmərik. Bu məqam bəzi da­irələri möhkəm qıcıqlandırıb. Başqa bir məqam isə ondan ibarətdir ki, həmin dairələr Ermənistanda daxili vəziyyəti gərginləşdirmək üçün yeni addımlar atmağa başlayıblar. Bundan ötrü ən müxtəlif vasitələrdən, bəhanələrdən istifadə olunur. Əsas məqsədləri Pa­şinyanı devirməkdir. Yəni, bununla baş nazirə zərbə endirməyə çalışırlar. Ən maraqlısı odur ki, həmin Limken ins­titutunun mövqeyi hazırda Moskvanın mövqeyi ilə, müəyyən mənada, üst-üstə düşür. Emmanuel Makron da Paşinya­nın atdığı son siyasi addımlarından na­rahatdır, amma soyqırımı ilə bağlı han­sısa bəyanat və ya açıqlama verməyib. Paris, xüsusilə, Ermənistandakı möv­cud daxili durumdan və onun Rusiya ilə yaxınlaşmasından əndişələnir. 

Hesab edirəm ki, bu cür bəyanatlar, yanaşmalar Nikol Paşinyanı hakimiyyət uzaqlaşdırmağa səbəb ola bilməz. Çün­ki, Paşinyanın da kifayət qədər tərəfdarı var. Əlbəttə ki, bu, İrəvanın soyqırımı ilə bağlı yeni və fərqli açıqlamasıdır. Yəni, buna qədərki məlum bəyanatlar­la bəzi qüvvələri sakitəşdirirdilər. Artıq yeni yanaşmanı bəhanə edən maraqlı qüvvələr Ermənistan haklimiyyətinə zərbə endirməyi hədəfləyirlər. Amma yaxın gələcəkdə bunun reallığa çevrilə­cəyi qeyri-realdır.

İmran BƏDİRXANLI
XQ



Siyasət