“Böyük bacı”nın “ikibaşlı” alqışı

post-img

yaxud “siyasi vedovillər” tamaşaçısız qalıb

Uzun sürən sükutdan sonra Yelisey sarayından da Azərbay­can və Ermənistan xarici işlər na­zirlərinin Almatı görüşü ilə bağlı açıqlama gəldi. Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olun­muş bəyanatda deyilir ki, o, sülh danışıqlarının Almatıda keçirilən yeni raundunu alqışlayır. Alqışla­mağına alqışlayır, amma, əvvəllər olduğu kimi, yenə də ikibaşlı və təkəbbürlü şərhindən qalmır.

Ermənilərə “böyük bacılıq” missiya­sını yerinə yetirməkdən əl çəkməyən Paris iki ölkə arasında aparılan delimita­siya işlərini sona çatdırmağın vacibliyini xatırlatmağı da “unutmur”. Guya, İrəvan və Bakı bu işləri onun “xeyir-duası” ol­madan yerinə yetirməyə qadir deyil. Sanki, Tavuşda başlayan sərhədin de­markasiyası, Azərbaycanın işğaldakı dörd kəndinin geri qaytarılması məhz Yelisey sarayından verilən göstəriş əsa­sında həyata keçirilib. 

Fransa XİN-nin bəyanatında keç­mişə “nəzər salması” da təsadüfi deyil: “2022-ci il oktyabrın 7-də Praqada ke­çirilən dördtərəfli görüşün davamı kimi tərəflərin 1991-ci il Alma-Ata Bəyan­naməsinə sadiqliyini və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təs­diqləməsi vacibdir”. 

Özünü hələ də tərəflər arasında “sülhyaradan” vasitəçi statusunda gör­mək istəyən Makron hakimiyyəti, görü­nür, sülh danılşıqaların bundan sonra yalnız ikitərəfli formatda, vasitəçilərsiz davamını qəbul etməkdə çətinlik çəkir. Bu səbəbdən Bakının birmənalı şəkildə imtina etdiyi kənar aktor kimi tərəflərə məsləhət verməyə çalışır: “Fransa 19 aprel 2024-cü il tarixli bəyannamədə qəbul edilmiş prinsiplərə əsaslanaraq sərhədin delimitasiyasını, həmçinin iki ölkə arasında sülh müqaviləsinin imza­lanması məqsədilə müzakirələri davam etdirməyə çağırır”. 

Məsləhətlərinə nəinki Bakının, artıq İrəvanın da ehtiyac duymadığı rəsmi Paris “Qazaxıstan hakimiyyətinin sülh danışıqlarını asanlaşdırmaq təşəbbüsü­nü alqışladığını” bildirir. Bəyanatda yer alan sonuncu tezis isə Fransanın Cənu­bi Qafqazla bağlı planlarının başa çat­madığına işarə sayıla bilər: “Beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar ol­ması üçün Fransa tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”. 

Buna alqışdan sonra gələn açıqla­manı Parisin boyundan yuxarı “tullan­ması”, ya da sadəcə, minnətli “qulp” ad­landıra bilərik. Yəni, Parisin “tərəfdaşları ilə birgə fəaliyyətini” hansı formada və hansı platformada davam etdirəcəyini özündən başqa heç kəs bilmir. Ən azı, son üç ildə bu “fəaliyyətin” xarakter və mahiyyətini yaxşı bilən Azərbaycan hakimiyyəti üçün Yelisey sarayında əyləşənlərin sülh danışqılarının indiki mərhələsində nəyi planladıqlarının heç bir əhəmiyyəti yoxdur. İyirmi səkkiz il ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münasibətlə­rinin tənzimlənməsində özünü neytral vasitəçi kimi deyil, tərəfkeş olaraq təs­diqləmiş Fransa indi hansı üzlə “dəstək­çi”, yaxud “məsləhətçi” rolunda çıxış edir? İki il bundan əvvəl “Ermənistan bizim xüsusi əlaqələrmiz olan ölkədir. Ondan heç bir halda vaz keçməyəcəyik” bəyanatını verən Emmanuel Makronun bununla Bakının yox, İrəvanın başının altına “yastıq qoyduğunun” artıq hamı fərqindədir. Doğrudanmı, bütün bunlar­dan sonra Fransa “vasitəçiliyi”nin Azər­baycan tərəfindən qəbul ediləcəyinimi düşünür? O, afrikalılardan qopara bil­mədiyi güzəştləri qafqazlılardanmı əldə etmək fikrindədir? 

Bakı üçün Fransa pərdələri endirilən retro-tamaşadır. Daha belə siyasi vedo­villərə nə bilet alan var, nə da baxan. Çünki, indi “Qafqaz evi”nin sakinləri mü­bahisə və anlaşılmazlıqları öz araların­dakı səhnədə həll edirlər. Bakı və İrəva­nın bundan sonra “beynəlxalq statuslu” kənar həmsədrlərə, “sülhməramlı missi­yalara”, təmənnalı vasitəçilərə bilmərrə ehtiyacları yoxdur! 

İ.HƏSƏNQALA
XQ

Siyasət