Ermənistanda “impiçment” sövdələşməsi

post-img

Kilsə və “Daşnaksütyun” kimlərin təlimatı ilə hərəkətə keçiblər?

2020-ci ilin payızında baş verən 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğramasından, baş nazirin gizlicə təslimolma aktı imzalamasından nəticə çıxarmayan revanşist qü­vvələr yenidən aktivləşiblər. Olduqca rəngarəng olan bu düşərgədə az qala bütün siyasi qüvvələrin təmsilçiləri var. Onlar, necə deyərlər, alabəzəkdirlər. Digər vaxtlarda bir-biri ilə yola getməyən bu qüv­vələr indi Paşinyanı devirmək istəyində birləşiblər. Bu düşərgənin “xaç atası” rolunda ölkənin ikinci prezidenti Robert Koçaryan çıxış edir.

Onun əsas əlaltısı 2008-ci ildə hakimiyyəti təh­vil verdiyi, ondan çox dinc insanın həlak olması yolu ilə vəzifəyə yiyələnmiş Serj Sarkisyandır. İndi də hakimiyyətə gəlmək üçün Koçaryan–Sarkis­yan tandemi Azərbaycanla Ermənistan arasında pozitiv məcrada keçən delimitasiya prosesindən bəhanə kimi yararlanır, prosesdə erməni kilsəsinin simalarından və resurslarından aktiv istifadə edir. Aydın görünür ki, etiraz prosesinin gizli təşkilatçı­sı R.Koçaryan bu dəfə hakimiyyətə gəlmək üçün daha ciddi hazırlaşıb, əvvəlki uğursuzluqlarından nəticə çıxarıb, etiraz texnologiyalarını fərqli ssena­ri üzrə qurub. Bunu Paşinyanın 2018-ci ilin mayın­da kütləvi etirazlar fonunda hakimiyyətə gəlməsi ilə hazırkı aksiyalar arasında oxşar məqamlardan, o cümlədən paytaxta piyada yürüşdən, itaətsizlik aksiyalarından da görmək olar.

Faktiki olaraq, apostol kilsəsi və “Daşnaksüt­yun” partiyası bu gün Ermənistanda müharibə tərəfdarları kimi çıxış edirlər. Onların dəstəkçisi isə Fransa prezidenti Emmanuel Makron, ABŞ konq­resmeni Nensi Pelosi, senator Robert Menendes kimi şəxslərdir. Onlara ümumi rəhbərliyi isə ABŞ və Fransadakı erməni diasporu-lobbisi həyata ke­çirir. Elə 52 yaşlı Baqrat Qalstanyanın bioqrafiya­sı da şübhəli məqamlarla doludur. Məlum olub ki, o, Böyük Britaniyada Lids və Kanadanın Monreal şəhərlərində dini təhsil alıb. Eyni zamanda, on il ərzində Kanadadakı erməni kilsəsinə başçılıq edib. Hayastanın media qurumları onun Kanada vətəndaşlığı olduğunu yazıb. Daha sonra Qals­tanyan özü bu faktı etiraf etmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, Rusiya Dövlət Duması­nın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də hə­min “cəbhədədir”. Əli hər yerdən üzülmüş bu şəbəkə Paşinyanı, guya, qanuni yolla, impiçmentlə devirməyə çalışır. Baş nazirin impiçment proseduruna başlamaq təklifini ilk dəfə mayın 9-da Respublika meydanında keçirilən mitinqdə B.Qalstanyan səsləndi­rib. Ancaq ölkənin media orqanları dərhal araşdırma apararaq, hazırkı siyasi qüvvələr nisbətində bunun mümkün olmayacağını bəyan ediblər. Qaydalara görə, siyasi qüvvə baş nazirliyə öz namizədini təqdim etməli və müvafiq formanı aldıqdan sonrakı 24 saat ərzində 36 deputatın imzasını toplamalıdır. Hazırda müxalifətçi “Hayastan” və “Şərə­fim var” fraksiyalarının birlikdə cəmi 35 deputatı var. Onlar ya yeganə bitərəf deputat İşxan Zakaryanın, ya da hakim qüvvədən bir deputatın dəstəyini almalıdırlar. Məsələ Za­karyanla müzakirə olunmayıb, hakim frak­siyada isə mərkəzdənqaçma əhval-ruhiyyəsi hələ hiss olunmur. Lazımı sayda imzalar toplandıqdan sonra 48-72 saat ərzində səs­verməyə başlamaq tələb olunur. İmpiçment üçün minimum 54 səs lazımdır, yəni müxa­lifət əlavə daha 18 deputatın dəstəyini alma­lıdır. Bu qədər sayda səs ala bilməyəcəyini görən etirazçılar məsələni “küçədən təzyiq” yolu ilə həll edəcəklərinə inanırlar. Onların qarşıdakı günlərdə etiraz aksiyalarını geniş­ləndirmək istəyi də bununla bağlıdır.

Hazırda bölgədə sülh tərəfdarı qismində isə Avropa İttifaqının rəhbərliyi, ABŞ Döv­lət Departamenti və Türkiyə çıxış edirlər. Əgər, biz bunları bir-birindən ayırmasaq baş verənləri aydın qiymətləndirə bilmərik. ABŞ-nin “The National Interest” jurnalın­da Ermənistanda davam edən etirazlara və Bakı-İrəvan sülh prosesinə həsr olunmuş məqalədə qeyd edilir ki, Azərbaycanla çox­dan müzakirə olunan sülh sazişinin imza­lanması, üstəlik, bunun ardınca Türkiyə ilə əlaqələrin qurulması ölkənin uzun illərdir davam edən regional təcrid vəziyyətinə son qoymağa imkan verəcək. Bu da öz növbə­sində, Ermənistanın Azərbaycan və Türkiyə kimi müxtəlif layihələrdən iqtisadi fayda əldə edə bilməsinə imkan verəcək. Söhbət Orta dəhliz, “Bir kəmər, bir yol” və “Qlobal qapı” kimi layihələrdən gedir. Qeyd edilir ki, Paşinyan reallıqda Ermənistanın seçi­minin olmadığını artıq səmimi şəkildə başa düşür: Ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir. Bu, Bakı və Ankara ilə barışıq deməkdir ki, bu da istər-istəməz “Artsax”ın bitdiyi, “tarixi” və ya “böyük Ermənistan” xülyasının unu­dulduğu sərt reallığın etirafını tələb edir.

Mövzu üzrə söhbətləşdiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, poli­toloq Zaur Məmmədov bildirdi ki, bu gün Ermənistan daxilində baş verənlər Bakı və İrəvan arasında aparılan sülh danışıqları pro­sesinə zərbə vurmaq istəyən revanşistlərin xarici qüvvələrin hesabına aktivləşdiklərini göstərir. Onun sözlərinə görə, Nikol Paşin­yandan qisas almaq istəyən və onunla şəxsi ədavəti olan qüvvələr bu istiqamətdə xüsusi fəallıqları ilə seçilirlər. Bu prosesdə bəhanə kimi Qazax rayonunun 4 kəndinin Azərbay­cana qaytarılmasını və Ermənistan hökumə­tinin qarşıdakı aylarda ölkəmizə daha çox güzəştə gedəcəyini göstərirlər. Baqrat Qals­tanyan başda olmaqla, revanşistlər, əslində, özlərinin şəxsi mənafelərini güdərək, ermə­ni xalqını növbəti dəfə daha böyük çağırışla üz-üzə qoymaq istəyirlər: “Biz aksiyanın taktikasına nəzər yetirsək, onun təşkilatçıla­rının Paşinyan hakimiyyətə gələrkən yarar­landığı taktikadan istifadə etdiyini görərik. Yenə saqqallı, adi geyimli və guya, cəmiy­yətin sıravi üzvü, siyasi proseslərdən uzaq olan bir şəxsi – bu dəfə din xadimini ortaya atıblar. Əlbəttə, bu da təsadüfi deyil. Adətən, din xadimlərindən Yaxın Şərqin müxtəlif ölkələrində ayrı-ayrı beynəlxalq mərkəzlər istifadə edirdilər. Həmin mərkəzlər din xa­dimlərinin köməyi ilə 2011-ci ildə başlanan və “Ərəb baharı” adlanan proseslər zamanı Yaxın Şərqin ayrı-ayrı ölkələrində inqilab­lar etməyə müvəffəq olmuşdular. Biz bey­nəlxalq münasibətlər sistemində ilk dəfədir ki, xristian ölkəsində məhz arxiyepiskopun başçılığı altında çevrilişə cəhdə şahidlik edi­rik”.

Politoloq qeyd etdi ki, bu da səbəbsiz deyil. Erməni xalqı daim kilsə ilə bağlı olub. Din və diaspor haylar üçün hər zaman tə­kanverici qüvvə kimi çıxış edib. İstər “Daş­naksütyun” partiyasına, istər “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu”, yəni ASALA qruplaşmasına, istərsə də onların din xadimlərinin etdikləri moizələrə nəzər yetirsək, görərik ki, erməni ideyasının, “bö­yük Ermənistan” xülyasının, ümumiyyətlə, bütün miflərin arxasında hər zaman kilsə və diaspor dayanıb. Bu dəfə də kilsə və diaspor N.Paşinyanı hakimiyyətdən devirmək üçün hərəkətə keçib.

Z.Məmmədovun sözlərinə görə, müxa­lifət və onun arxasında dayanan qüvvələr sabiqləri birbaşa yolla hakimiyyətə qaytar­mağın mümkün olmadığını ötən bir neçə ildə dəfələrlə gördü: “Xalq onların arxasınca getməyəcək. Buna görə də kilsə faktorundan istifadə etmək qərarına gəldilər. II Qaregin özü də çox yaxşı başa düşürdü ki, əgər o, hərəkətə keçməsə, o zaman Paşinyan kilsə ilə bağlı öz bildiklərini edəcək. Ümumiyyət­lə, erməni kilsəsi və onun arxasında dayanan qüvvələr başa düşməlidirlər ki, hadisələr kil­sənin də, necə deyərlər, başı üzərində qara buludların yaranmasına gətirib çıxaracaq.

Əgər Azərbaycanın indiyə qədərki tələb­lərindən ən mühümü Ermənistan konstitusi­yasının və digər normativ-hüquqi aktlarının dəyişdirilməsi idisə, kilsənin canfəşanlığı sübut edir ki, Paşinyan iqtidarı təkcə qanun­ların dəyişdirilməsini deyil, eyni zamanda, kilsənin gələcək statusu və müqəddəratı məsələsini də həll etməlidir. Əks-təqdirdə erməni kilsəsinin özü daim Cənubi Qafqaz­da ürək bulandıran faktor olaraq qalacaq. İki ölkə arasında sülhün dayanıqlı olması üçün bu bədnam faktor mütləq şəkildə aradan qal­dırılmalıdır.

Baqrat Qalstanyanın mayın 12-də keçi­rilən mitinqdəki çıxışlarında Qarabağla bağ­lı məsələlərə, o cümlədən, bölgəyə qayıdışa dair eyham vurması onu göstərir ki, Paşin­yanı hakimiyyətdən devirərlərsə, erməni kil­səsinin və dövlətinin gələcəkdə hansı coğra­fiyada, hansı sərhədlər daxilində olmasının müqəddəratını da həll etməli olacağıq. Buna görə də erməni xalqı baş verən hadisələrdən ciddi nəticə çıxarmalı, meydanlara çıxan bu şəxlsərin əsl təxribatçı olduğunun fərqinə varmalıdır”.

Müsahibimiz bildirdi ki, 2018-ci il ha­disələri zamanı olduğu kimi, bu dəfə də eti­razçılar gənclərdən istifadə etmək istəyirlər. Onlar gördülər ki, Tavuşdan İrəvanadək olan 160 kilometrlik yürüşdə müəyyən say­da insan iştirak etsə də, cəmiyyətin avanqard hissəsi olan gənclər çatışmır. Bu mənada universitet rəhbərliklərinin N.Paşinyanın, yoxsa müxalifətin yanında yer alacağı ol­duqca mühüm məqamlardan biridir. Çünki gənclər təkanverici və ən radikal qüvvə kimi proseslərin istiqamətini bu və ya digər şəkil­də dəyişə bilərlər.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan parlamentindəki əksər siyasi qü­vvələrin sabiq prezident R.Koçaryanın rəh­bəri olduğu “Hayastan” blokunun ətrafında toplanması onların bu günədək susduqlarını, ancaq gələcəklə bağlı planlar qurduqlarını da göstərdi. Təxribatçılar arasında Qarabağ­dakı keçmiş separatçı rejimdə çalışan şəxs­lərin, səhra komandirlərinin, generalların ol­ması həm kilsənin, həm “Daşnaksütyun”un, həm Serj Sarkisyanın “Respublika” partiya­sının, həm də ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının baş verən iğtişaşlarda rolunun olduğunu göstərən məqamlardır.

Əlbəttə, Bakı və İrəvan arasında danı­şıqların müsbət məcrada getdiyi bir zaman­da belə təxribatların olması gözlənilən idi. Bu oyunlar şərti sərhəddə də törədilə bilərdi. İndiki halda isə Ermənistanın daxilində baş verdi. Məqsəd aydındır: Bir tərəfdən, “Azər­baycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin imza­lanmasına mane olmaq, digər tərəfdən N.Pa­şinyanın kürsüsünü, əvvəlcə necə deyərlər, laxlatmaq, sonra devirmək və sonda onu həbs etməkdən ibarətdir. Bütün bunlar Azər­baycan üçün yeni çağırışlardır. Ancaq, görü­nür, revanşistlər ölkəmizin istənilən cavaba hazır olduğunu unudublar...

Səxavət HƏMİD
XQ



Siyasət