yaxud “Armenpress”in “Qara dəniz” klubuna sırıdığı sərsəmlik
Məlum olduğu kimi, Ermənistan dövləti bütün səviyyələrdə “Dünyanın kəsişməsi” təşəbbüsünü qaldırır və onun yaşadığımız Cənubi Qafqaz regionu ilə bağlı önəmini vurğulamağa çalışır. Əlbəttə, bu cəhdlər Azərbaycanın 44 günlük müharibədən sonra Naxçıvana asan yol məsələsində irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasına qarşı çıxmaq məqsədini daşıyır. Avrasiya İqtisadi İttifaqı Ali Şurasının Moskvada iki gün əvvəl keçirilmiş iclası da bu baxımdan istisna olmadı. Baş nazir Nikol Paşinyan orada “Dünyanın kəsişməsi”ndən söz açaraq, onu mühüm iqtisadi paradiqma kimi vurğuladı.
Lakin Nikolun Qərbdəki dostlarına arxalanaraq uydurduğu avantüranı təbliğ edən təkcə erməni rəsmiləri deyil. Görünür, “Armenpress” informasiya agentliyi də bu işə girişib. Özü də təhrif yolu ilə. Media qurumunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskudan götürdüyü müsahibə belə deməyə əsas verir. “QDİƏT-in baş katibi əməkdaşlığın vacibliyini vurğuladı və “Dünyanın kəsişməsi” təşəbbüsünü alqışladı” sərlövhhəli müsahibənin mətnində L.Komanesku “Dünyanın kəsişməsi” ifadəsini bir dəfə də olsun dilə gətirməyib. Üstəlik, diqqət yetirəndə görürsən ki, o, jurnalistin sualına cavab olaraq, yalnız ümumi ifadələrlə məhdudlaşıb. Cənab baş katibin konkret nələri dediyini diqqətə çatdıracağıq. Hələlik isə bir məqamı vurğulayaq.
Deməli, Ermənistan gələn ildən rotasiya qaydasında QDİƏT-ə sədrlik edəcək. “Armenpress” bu amilə söykənərək bildirir ki, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsində regional və transsərhəd əməkdaşlıq vacibdir. Ermənistan hökuməti Hayastan və qonşu ölkələr arasında kommunikasiyaları inkişaf etdirmək məqsədi daşıyan “Dünyanın kəsişməsi” təşəbbüsünü hazırlayıb və elan edib. Təşəbbüs suverenlik və milli yurisdiksiya, eləcə də bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, Fars körfəzi, Qara və Xəzər dənizlərini birləşdirir ki, bu da regiondakı bütün ölkələrə böyük kommersiya faydası gətirəcək. Media orqanının sualı isə belədir: Bu iddialı layihəni necə qiymətləndirərdiniz?
İndi isə L.Komaneskunun cavabına diqqət yetirək. QDİƏT-in baş katibi deyib ki, təmsil olunduğu təşkilat üçün regionun həm iqtisadi, həm mədəni, həm də siyasi problemlərinin həlli vasitəsi kimi əməkdaşlığın real alternativinin olmadığı aydındır. İndiyə qədərki təcrübə açıq şəkildə göstərdi ki, istər ikitərəfli, istərsə də çoxtərəfli güclü iqtisadi əlaqələr və əməkdaşlıq təkcə iqtisadi inkişaf baxımından faydalı olmayıb, həm də sabitliyə, qarşılıqlı anlaşmaya və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə, yəni təhlükəsizliyə töhfə verib. “QDİƏT-in əsasını təşkil edən prinsiplər bunlardır. İstər iqtisadi, istərsə də siyasi aspektlərdə bu təşkilatın mövcudluğunun əsasını təşkil edən iqtisadi əməkdaşlıq, həqiqətən, üzv dövlətlər arasında diqqətlə öyrənilməyə layiq olan səmərəli əlaqələr qurulmadan həyata keçirilə bilməz. Ermənistanın QDİƏT-ə qarşıdakı sədrliyi bu baxımdan yaxşı imkan yarada bilər”, – deyə L.Komanesku fikrini tamamlayıb.
Bir daha görünür ki, QDİƏT baş katibinin cavabı heç də “Dünyanın kəsişməsi”ni təqdir etmək ruhunda deyil. O, sadəcə diplomatik nəzakət göstərərək, Ermənistanın təşkilata gələcək sədrliyi məsələsində pozitiv fikirlər səsləndirir. “Armenpress” isə həmin fikirləri baş katibin, ümumən, QDİƏT-in “Dünyanın kəsişməsi”nə dəstəyi kimi təqdim edir. Əlbəttə, bu media prinsiplərindən sui-istifadədir.
“Armenpress”in, yəni Ermənistanın dövlət informasiya agentliyinin yanaşması həm də onu göstərir ki, rəsmi İrəvan QDİƏT-i də özünün avantürizm plasdarmına çevirməyi düşünür. Əvvəldə də bildirdik ki, hazırda Paşinyan bu baxımdan Aİİ-ni hədəf seçib.
R.ƏVƏZ
XQ