Yaxud erməni baş nazirin Rusiyanın hakim rol oynadığı təşkilat üçün avantürizm gündəliyi
Ermənistan baş naziri Nikol Paşinyan əlinə düşən hər fürsətdəcə ölkəsinin Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına qarşı irəli sürdüyü “Dünyanın kəsişməsi” təşəbbüsünü ortaya atır. Sədrlik etdiyi Avrasiya İqtisadi İttifaqının Ali Şurasının növbəti iclası da bu baxımdan istisna olmadı. Erməni baş nazirin mövcud xüsusda nələrdən danışmasının üzərində dayanacağıq.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda bildirdiklərinə diqqət yetirək: “Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli bəyanata hörmət edilməlidir”.
Bəli, Ermənistanın “Dünyanın kəsişməsi” ideyasını ortaya atmaqda məqsəd 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı yerinə yetirməkdən boyun qaçırmasıdır. Prezident İlham Əliyevin sözügedən forumda bildirdiklərinə nəzərən deyə bilərik ki, rəsmi İrəvanın tutduğu yol həm də Azərbaycan–Ermənistan sülh prosesi baxımından zərərli tendensiyadır. Bu yerdə dövlətimizin başçısının səsləndirdiyi daha bir fikrə diqqət yetirək: “İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış, sözsüz ki, çox məyusedicidir. Üçtərəfli bəyanatın necə imzalanması ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”.
N.Paşinyan imzasına hörmətsizliyini Moskva səfəri ərəfəsində keçirdiyi mətbuat konfransında da ortaya qoymuşdu. O, üçtərəfli bəyanatın qüvvəsini tamamilə itirdiyini bildirmişdi. Sədrlik etdiyi iclasdakı çıxışında “Dünyanın kəsişməsi” ideyasını qabartmaqla isə sənədə etinasız yanaşdığını yenidən sübuta yetirdi. Beləliklə, obrazlı desək, oturduğu budağı kəsməkdə israrlı göründü. Fikrimizi izah etmək üçün Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun ötən ay bildirdiklərinə nəzər salaq.
Məsələn, Lavrov demişdi ki, Aİİ-də proporsional olaraq Ermənistan ən çox qazanandır. Ardınca konkret rəqəmləri açıqlamışdı. O, Ermənistan iqtisadiyyatının 35 faizinin Aİİ-də iştirak hesabına formalaşdığını vurğulamışdı: “2023-cü ildə Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar təşkil edib və bunun 37 faizi Aİİ-nin, 13 faizi Avropa İttifaqının, 3 faizi ABŞ-ın payına düşüb. Ermənistan kiçik ölkə olmaqla, Aİİ-yə digər ölkələrə nisbətən daha az töhfə verir. O cümlədən, maliyyə töhfələri azdır. Ancaq, eyni zamanda, qərarlar qəbul edildikdə, səs verəndə Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir... “Qazprom” Ermənistana 1 min kubmetr qazı 177 dollar satır. Qərbdə buna iki-üç dəfə artıq pul ödəyirlər. Əgər Ermənistanı öz qazı ilə qızdırmaq istəyirlərsə (Qərbi nəzərdə tutur – red.), onda bilmirəm necə olacaq... Atom elektrik stansiyasını bağlayıb, onu modul reaktorlarla əvəz etmək istəyirlərsə... Ümid edirəm ki, ermənilər “Metsamor” atom elektrik stansiyasında hasil edilən enerjinin əhəmiyyətini anlayırlar”.
Bəli, Lavrovun söylədikləri Ermənistanın Aİİ müstəvisindəki qazanclarıdır. Paşinyanın qurumun Ali Şurasının iclasında “Dünyanın kəsişməsi” xüsusunda dedikləri isə həm təşkilata əlavə, özü də qəbuledilməz gündəm sırımaq cəhdidir, həm də bildirdiyimiz kimi, üçtərəfli bəyanatı heçə saymaqdır. Nədənsə, erməni baş nazir səbəb-nəticə əlaqələrinə diqqət yetirmir. Məsələn, o, fərqinə varmır ki, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi ilə aranı pis edib Aİİ platformasında rahat hərəkət mümkünsüzdür. O, bu amilə önəm vermədiyi kimi, eyni zamanda, anlamır, yaxud anlamaq istəmir ki, üçtərəfli bəyanatı kənara atıb “Dünyanın kəsişməsi”nin üzərində dayanmaq siyasi avantüradan başqa bir şey deyil.
Məlum olduğu kimi, hazırda Ermənistan Aİİ-yə rotasiya qaydasında rəhbərlik edir. Bu, ötən il qurumun Sankt-Peterburqda keçirilmiş zirvə toplantısında rəsmiləşmişdi. Paşinyan məhz həmin vaxt etdiyi çıxışla Aİİ-ni Ermənistanın oyunbazlıq meydanına çevirəcəyinin anonsunu vermişdi. Baş nazir təşkilatın siyasi məqsədlər naminə alətə çevrilməməsinin vacibliyindən söz açmışdı. Yəni, Ermənistan siyasi baxımdan Rusiyaya qarşı hər şeyi edəcək, amma qarşılığında ona iqtisadi planda heç bir təsir və ya təzyiq göstərilməməlidir. Nikol eyni kursu yenə də davam etdirməkdədir.
Əslində, rəsmi İrəvanın anti-KTMT xəttindən, qurumu boykot etməsindən, Paşinyanın ölkəsinin oradakı fəaliyyətini dondurduğu barədə bəyanatlarından sonra Ermənistanın Aİİ müstəvisini hələ də aktiv saxlaması bir qədər qəribə görünür. Bir çox ekspertlər vəziyyətə təxminən belə izahat verirlər: Ermənistan rəhbərliyi Aİİ-nin əhəmiyyətini anlayır. Anlayır ki, ölkənin hazırkı iqtisadi inkişaf tempi qurumda təmsilçiliyin, konkret desək, Rusiyanın hesabınadır. Rəsmi İrəvan isə anti-Rusiya xəttini yerinə yetirir. Ona KTMT kimi Aİİ-ni də gözdən salmaq lazımdır. Ancaq Ermənistana vaxt udmaq da vacibdir. Vaxt udub Qərbdən gələn gəlirlə Aİİ-də təmsilçiliyin mənfəətlərini eyniləşdirmək. Yəni, indiki durumda paşinyanlı Ermənistan, faktiki olaraq, təşkilatın içərisinə qoyulmuş saat mexanizmli bombadır. Nikol Aİİ-ni də KTMT kimi Ermənistan üçün tam faydasız qurum qismində göstərmək istəyir. Hazırda mövcud istiqamətdə zəmin hazırlayır.
Əgər Rusiyadan sərt addımlar gələcəyi təqdirdə, məzlum, Moskvanın təzyiqləri qarşısında tab gətirməyə çətinlik çəkən İrəvan obrazı yaradılacaq. Bu, kollektiv Qərbin anti-Rusiya ritorikası baxımından önəmlidir. Müvafiq olaraq, Ermənistanı müdafiə məqsədli daha geniş layihələr dövriyyəyə girəcək. Deməli, Paşinyan həm xidməti qarşılığındakı mükafatını alacaq, həm də özünün Qərbə sadiqliyini nümayiş etdirəcək.
Bəli, bütün bunlara görə N.Paşinyan Aİİ-dəki çıxışında “Dünyanın kəsişməsi”ni, daha doğrusu, indiki məqamda Rusiyaya zidd məsələni qaldırır. O, çox yaxşı bilir ki, təşkilata üzv dövlətlər sözügedən təşəbbüsü dəstəkləməyəcəklər. Əvvəla, qurumdakılar başa düşürlər ki, “Dünyanın kəsişməsi” Azərbaycanın “Zəngəzur dəhlizi” məntiqinə qarşıdır. O məntiqə ki, Naxçıvana maneəsiz yolun yaradılmasını hədəf seçir. Üçtərəfli bəyanata əsasən, həmin yolda təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidməti təmin etməlidir.
***
İqtisadi məsələlərdən və Ermənistanın Aİİ-ni iflic qurum kimi göstərmək istəklərindən söz düşmüşkən, N.Paşinyan Aİİ Ali Şurasının iki gün əvvəlki iclasında ötən il Sankt-Peterburqda söylədiklərini yenidən təkrarladı. Bildirdi ki, mövcud olduğu on il ərzində qurum üzv ölkələrin iqtisadiyyatları naminə onlar arasında sıx iqtisadi qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrilib. Erməni baş nazir ardınca vurğuladı ki, guya, Aİİ-nin normativ-hüquqi bazası formalaşmaqda davam edir və bu proses tam başa çatmaqdan çox uzaqdır. Paşinyan nə üçün işləkliyi sübuta yetirilmiş və sınaqdan çıxmış mexanizm barədə belə düşünür? Səbəb çox sadədir. O deyir ki, Aİİ-nin hazırkı mexanizminin sırf iqtisadi məntiq çərçivəsində formalaşması vacibdir: “Yalnız tərəfdaş ölkələrin maraqlarına hörmət və hər bir üzv dövlətin mənafeyinə cavab verən konstruktiv həllərin axtarışı əsasında biz Aİİ-nin fəaliyyətinin effektivliyini qoruyub saxlaya biləcəyik. Biz səylərimizi sosial-iqtisadi inkişafın milli prioritetlərini nəzərə almaq üçün cəmləşdirməyi zəruri hesab edirik”.
Deməli, Paşinyan Aİİ-nin effektivliyinin qorunub saxlanılması kimi sərsəm məntiqi irəli sürür. Guya, qurumun effektivliyi az idi. Bu, o deməkdir ki, İrəvan istənilən an onun fəaliyyətsizliyi barədə fikir yürüdə bilər. Əslində, Nikol çıxış yox, şantaj edir. Daha sonra baş nazir enerji resursları sahəsində vahid tənzimləmə sistemləri ilə ümumi bazarın formalaşdırılması prosesinin xeyli ləngidiyini vurğulayır. Yəni, Paşinyan ölkəsi üçün heç bir siyasi maraq və mənafelərdən asılı olmayan enerji təminatından söz açır. Yenə də eyni məntiq – Aİİ-də təmsilçilik Ermənistana rahat yaşamaq imkanı qazandırmalıdır. Elə bir imkan ki, qərbyönümlü siyasi xətti götürməsinə görə ölkəni zərərə salmasın. Nikolun ümumi elektrik bazası xüsusunda səsləndirdikləri də mövcud mərama söykənir. Əlbəttə, onun baxışı qəbuledilməzdir.
***
Sonda bir daha Paşinyanın Aİİ-nin prioritetlik gündəliyinə sırımaq istədiyi “Dünyanın kəsişməsi” ideyasına qayıdaq. Nikol məsələni qurum ölkələri arasında nəqliyyat infrastrukturunun inkişafı ritorikası, ticarət dövriyyəsinin artmasına əlavə təkan verəcək amil kimi ortaya atır. Əlbəttə, bu, manipulyativ xətdir. Çünki Azərbaycan Aİİ ölkələrinin hər biri ilə dərin iqtisadi əməkdaşlıq konturlarına malikdir və indiki məqamda onlar ölkəmizin həmin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün irəli sürdüyü təşəbbüsə önəm verirlər. Aİİ-yə üzv dövlətlər Azərbaycanın Cənubi Qafqazdakı liderlik statusuna etimad göstərirlər. Onlar sınaqlardan çıxmış, inam və etibar qazanmış müstəvini özünü ayaqda tuta bilməyən Ermənistanın avantürizminə qurban vermək istəməzlər.
Digər tərəfdən, yenə üçtərəfli bəyanatın üzərində dayanmaq ehtiyacı yaranır. Ortaya elementar sual çıxır: Əgər Ermənistan həmin bəyanata əməl etmirsə, yəni, Rusiyanı heçə sayırsa, o zaman nəyə görə Aİİ ölkələri təşkilatda hakim rol oynayan Moskvanın maraqlarını saymazdan gəlib “Dünyanın kəsişməsi”nə “hə” desinlər?
Ə.CAHANGİROĞLU
XQ