Əvəz Rüstəmov
[email protected]
Siz heç gözəlliyə tamaşa edib ağlamısınızmı? Laçın məni ağlatdı. Amma bunadək ilk dəfə çıxdığım Zəfər yolundakı mənzərələrdən təsirlənmişdim. Bir-birini əvəzləyən eniş və yoxuşları gördükcə, qəhrəman əsgərlərimizin necə böyük fədakarlıqla irəliləmələrini təsəvvürə gətirmişdim. Görəsən, hansı ruh idi onların bu çətinliklərin öhdəsindən gəlmələrinə güc verən? Cavablarım çoxdur. Ancaq onları ümumiləşdirib yalnız birinin üzərində dayanacağam. O, sahiblənmək ruhu idi doğma torpağa, el-obaya, kənd-kəsəyə, yurd-yuvaya sahiblənmək ruhu.
Zəfər yolundakı gözəlliklər bir-birini əvəzləyirdi. Onlara tamaşa etdikcə içimdə qəribə hiss yarandı. Əvvəl o hissi ifadə edə bilmirdim. Daha doğrusu, ifadə etməkdə çətinlik çəkirdim. Bəlkə mənzərələrin sehrinə dalmışdım. Laçına çatanda isə gözümdən süzülən yaşla bərabər, beynimi qurcalayan o fikri də sakit səslə, heç kəsin eşitməyəcəyi, ancaq bədənimin hər əzasına hoparaq hayqıracaq tərzdə dilə gətirdim. Əslində, öz-özümə suallar ünvanladım: Belə yerləri erməniyə vermək olardımı? Hətta, bir qədər də ötkəm şəkildə: Necə olub ki, otuz ilə yaxın müddətdə bu yerlərə həsrət qalıb yaşamışıq? Necə dözmüşük?
Həmin an yadıma istedadlı jurnalist və şair, dəyərli dostum İlqar İlkinin Şuşa səfəri təəssüratları əsasında qələmə aldığı “Əsgərlərimizi Şuşaya kimlər qaldırmışdı?” sərlövhəli yazıdakı bir fikir düşdü. Həmin fikri olduğu kimi təqdim edirəm: “Biz Şuşayla cəzalandırılmışdıq. Bu şəhər bizim qiyamətə qədər ən dəhşətli günahımız idi. Bu, elə bir günah idi ki, Allah bağışlasa belə, onun bizi bağışlaması qədər rəzalət düşünmək olmazdı”.
İlqar yazısında Şuşanı azərbaycanlı ruhunun ümumiləşdirilmiş obrazı kimi tərənnüm etmişdi. Əminəm, fikirləri həm də Laçın, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl və digər otuz il düşmən tapdağı altında qalmış yurd yerlərimizin itirilməsindən doğan yanğının ifadəsidir. Həqiqətən, otuz il Allahın ona görə bizi bağışlamasının rəzalət olduğu günahı işlədərək yaşamışıq. Amma yadıma yaşamayanlar, daha doğrusu, yaşaya bilməyənlər düşdü. Laçının dolaylarında hərəkət edərkən, qeyri-ixtiyari mərhum müğənnimiz Məhəbbət Kazımovun böyük yanğı ilə oxuduğu “Laçınım”ı da zümzümə etdim. Bu yanğı ilə kimlər əbədiyyətə qovuşmadılar ki? Doğma el-oba həsrətindən çadır şəhərciklərində, vaqonlarda canını tapşıranlarımız oldu.
İndi itirdiklərimizi bərpa etmək vaxtıdır. Bu mənada Laçında və Şuşada, eləcə də Qarabağımızın bu istiqamətində gördüyüm mənzərələrdən heyrətləndim. Bəli, biz Qarabağa, sözün əsl mənasında, sahiblənirik. Hər yerdə bunun ən müxtəlif mənzərələrinin canlanmasından qürur hissi keçirməyə dəyər.
Sahiblənməyimizin böyük ölçüdə fərdi xüsusiyyət daşıdığı barədə də fikrə daldım. Son iki yüz ildə evimizə, qadınımıza, övladımıza, həyət-bacamıza sahibləndik, lokallıqdan çıxa bilmədik. Nəticədə İlqar demişkən, Şuşa ilə cəzalandırıldıq. Elə Laçınla da, Kəlbəcərlə də, Ağdamla da... İndi iki yüz ilin mənfi stereotiplərindən uzaqlaşmaq vaxtıdır. İndi zaman bizim xeyrimizə işləyir. Bunu mənə Laçın dedi. Dedi və gözümdən süzülən yaşı sildi ki, gözəlliklərini daha yaxşı görüm.
Ancaq istisnalarımız da olub və onların sayəsində həyata tutunmuşuq. Uca Tanrı böyük, insanımızı çiyinlərində daşımağı bacaran şəxsiyyətlər yetişdirmək bacarığını xalqımızdan əsirgəməyib, bizə lütf göstərib. Qətiyyətlə deyə bilərik ki, ən ali istisnamız ulu öndər Heydər Əliyevdir. O böyük şəxsiyyətin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi və Qarabağın bizə məxsusluğunu göstərən tədbirlər barədə eşitdiklərimi, oxuduqlarımı yada saldım. Axı məhz onun rəhbərliyə gəlişi ilə Azərbaycan torpaqları hesabına ermənilərə ərazi hədiyyələrinin qarşısına sədd çəkilmişdi.
Qarabağın Ermənistana verilməsi ilə bağlı qaldırılan “təşəbbüsləri” sıradan çıxaran Heydər Əliyev bölgəyə sahiblənmə xüsusunda böyük işlər gerçəkləşdirmişdi. Deməli, Ulu öndərin hakimiyyət olimpindən uzaqlaşdırılması ilə erməni millətçilərinin Qarabağ avantürasının start götürməsi heç də təsadüf deyilmiş. Nəticədə itirdik və itirdiklərimizi bərpa etmək yolunda otuz ilə yaxın dözdük, səbr etdik. Bu, həm də, Qarabağa sahiblənmək ruhumuzun sınağına çevrilmiş, acıları şirinlərlə əvəzlədiyimiz mərhələ oldu.
Zaman göstərdi ki, Qarabağa əvvəlki qaydada sahiblənmək mümkünsüzdür. Yəni, ermənilərin yaşadıqları Qarabağa sahiblənmək müşküldür. Nə qədər sərt səslənsə də, reallıq budur. Çünki erməniləri Qarabağın bizim olması üçün etdiyimiz cəhdlər puça çıxdı. Gördük ki, bütün beynəlmiləl, multikultural, tolerant baxışlarımız erməni qövmünə münasibətdə keçərsizdir. Zəfər yoluna çıxanda yaşıllıqlar içində utanırmış kimi gizlənmiş kəndlərimizin xarabazarlıqları da bunu dedi. Artıq tam məsuliyyətimizlə anlayırıq ki, erməni qövmünün başımıza gətirdiyi bəlalar vaxtilə buraxdığımız səhvlərə görə üzümüzə vurulan sərt şapalaqdır. Baxın, o qövm Qarabağa əsl sahiblənməyimizə dözmədi, şələ-şüləsini toparlayıb aradan çıxdı...
Bəli, biz özümüzə məxsus olanı sahiblənirik. Ən böyük örnəyimiz Prezident İlham Əliyevdir. Heydər Əliyev şəxsiyyətinin ideoloji məfkurə halına gətirdiyi Qarabağ davasına qlobal məzmun qazandıran, həmin davanı illər ərzində diri tutan, barışmazlıq, dönməzlik aşılayan, nəhayət, doğma torpağa sahiblənmək trayektoriyasını ustalıqla cızan odur. Söhbət əbədi sahiblənməkdən gedir. Otuz ilə yaxın davam etmiş işğal dövrünün ən böyük dərsi də məhz budur. Laçının və Şuşanın timsalında özümüzə məxsus olanlara sahiblənməyimizin örnəklərini görmək xoşbəxtlikdir. Uca Tanrı xalqımızı qorusun!