Kim kimi irqi ayrı-seçkliyə məruz qoyub?
BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycanın iddialarına baxmağa başlayıb. Məhkəmə aprelin 15-dən 19-dək Azərbaycanın Ermənistanın iddiasına etdiyi etirazlara dair arqumentləri nəzərdən keçirib. Ermənistanın Azərbaycanın iddiasına qarşı irəli sürdüyü etirazlar üzrə dinləmələr isə aprelin 22-dən 26-dək keçiriləcək.
Məhkəmə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tələblərinin tətbiqi ilə bağlı keçirilir. Beynəlxalq Ədalət Məhkəməsinin yaydığı məlumata görə, Azərbaycanın məhkəmədən tələbləri bunlardır:
– Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 22-ci maddəsində qeyd olunan danışıqlar üçün ilkin şərtə əməl etmədiyinə görə, onun iddialarının heç birinin məhkəmə qarşısında lazımi səviyyədə olmadığını əsas gətirərək, Ermənistanın müraciəti tam şəkildə rədd edilsin;
– Əlavə və ya alternativ olaraq, Ermənistanın Azərbaycan tərəfindən öz öhdəliklərini pozması ilə bağlı iddiaları üzrə məhkəmənin mövzu baxımından yurisdiksiyasına aid olmadığı bəyan edilsin.
Qeyd edək ki, Ermənistan beynəlxalq konvensiyanın yaratdığı imkanlardan sui-istifadə edərək, 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla bağlı iddia qaldırıb. Ölkəmiz 2020-ci ilin sentyabrında ermənilərə qarşı irqi ayrı-seçkilik etməkdə ittiham olunur. Rəsmi Bakı da buna cavab olaraq, əks iddia qaldırıb. Həmin iddiada qeyd edilir ki, Ermənistan bölgədə azərbaycanlılara qarşı milli mənsubiyyətinə görə ayrı-seçkilik törədib. Hər iki tərəf proses zamanı gərginliyin artmasının qarşısını almaq üçün məhkəmə tərəfindən müəyyən olunan müvəqqəti tədbirlərin tətbiqini tələb edib. Bu tələblər qismən təmin olunub.
2023-cü il sentyabrın 28-də Ermənistan tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə müvəqqəti tədbirlərlə bağlı yeni müraciət edilib. Müraciət 10 bənddən ibarətdir. Onlar arasında “Azərbaycanın Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönələn və ya buna xidmət edən hər hansı hərəkətlərdən çəkinməsi tələbi” yer alıb. Bakı bütün bu ittihamları rədd edib. Ümumilikdə, ölkəmiz əmindir ki, Ermənistanın irəli sürdüyü ittihamların heç bir əsası yoxdur.
Məhkəmədə çıxış edən Azərbaycan nümayəndəsi, Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Ermənistanın irəli sürdüyü iddialar İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə daxil olmadığı üçün məhkəmənin bu işə baxmaq səlahiyyəti yoxdur. Bundan əlavə, nazir müavini qeyd edib ki, Ermənistan mübahisənin ikitərəfli qaydada həlli üçün Azərbaycan tərəfi ilə danışıqların lazımi qaydada aparılmasının məcburi şərtini yerinə yetirmədiyi üçün də iddianın baxılması qəbuledilməzdir.
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev isə Ermənistanın iddiası üzrə dinləmələrin ikinci raundunda bildirib ki, İrəvan tərəfindən irəli sürülən iddialarda dəfələrlə təsdiq olunmamış məlumatlardan və yanlış şərhlərdən sübut kimi istifadə edilib. O, Ermənistan nümayəndələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı saxta məlumatlarına münasibət bildirərkən deyib: “Ötən gün Ermənistanın yanlış tərcümə və sübutların təfsirindən dəfələrlə istifadə etməsi Azərbaycanı hiddətləndirib. Bununla bu ölkə hesab edib ki, onun bəyanatlarının müvafiq hissələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə düşə bilər. Ancaq Ermənistan tərəfinin bəyanatlarına irqçi ifadələrin işlədilməsinə dair real sübutlara əsaslanmayan fikirlər daxil idi”.
R.Mustafayev qeyd edib ki, iddiaçı tərəf Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını təhrif edib: “Məhkəməni əmin edə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində heç vaxt belə şevronlardan istifadə edilməyib və ya bu simvollar nümayiş etdirilməyib. Ermənistan tərəfinin vəkilinin bu dinləmələrdə təqdim etdiyi sübut növbəti saxtakarlıqdır”.
Səfir onu da bildirib ki, Ermənistan tərəfinin aprelin 16-da keçirilən dinləmələrdə təqdim etdiyi arqumentlərdəki sübut bazası etibarsız məlumatlara əsaslanıb və Azərbaycanın konkret ilkin etirazları ilə heç bir əlaqəsi olmayan bəyanatlar verilib.
Əlbəttə, ölkəmizlə bağlı qaldırılan iddialar, əslində, rəsmi İrəvanın Qərbdəki havadarlarının dəstəyi və birbaşa iştirakı ilə Azərbaycana qarşı növbəti çirkin, qərəzli kampaniyaya start verməsinin göstəricisi hesab oluna bilər. Bunun nəticəsidir ki, Beynəlxalq Ədalət Məhkəməsinə erməni hüquqşünaslar tərəfindən qondarma, başdan-ayağa azərbaycanofob, saxta məlumatları əks etdirən iddialar daxil olub. Heç kəsə sirr deyil ki, Azərbaycan 44 günlük Vətən müharibəsini beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa tam riayət etməklə aparıb. Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hədəfləri nişan alıblar. Qarabağda yaşayan erməni sakinlərə qarşı hər hansı zorakılıq edilməsindən söhbət gedə bilməz. Bununla bağlı ortada heç bir fakt və sübut yoxdur. Əksinə, ermənilər özləri Azərbaycan xalqına qarşı zaman-zaman soyqırımları törədib və xalqımızı deportasiyaya məruz qoyublar. Birinci Qarabağ müharibəsinin gedişi zamanı azərbaycanlılara qarşı bir neçə yaşayış məskənində soyqırımı törədilib və etnik təmizləməyə yol verilib. Bunların arasında Şuşa rayonunun Malıbəyli və Quşçular, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban, Başlıbel, Goranboy rayonunun Ballıqaya, Xocalı rayonunun Meşəli, Cəmilli kəndlərində törədilən qırğınları və nəhayət, Xocalı soyqırımını qeyd etmək olar. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan terrorçu dövlət olduğunu növbəti dəfə təsdiqlədi. Ölkənin hərbi-siyasi rəhbərliyi Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutdu. Gəncə şəhərinə 5 dəfə endirilən zərbələr nəticəsində 27 nəfər həlak oldu, 125 nəfər yaralandı. Bərdə şəhərinə və rayonun Qarayusifli kəndinə endirilən raket zərbələri nəticəsində isə 27 nəfər dünyasını dəyişdi, 80 nəfər xəsarət aldı. Halbuki, Gəncə təmas xəttindən 100 kilometrdən çox uzaqlıqda yerləşirdi. Bərdə təmas xəttinə nisbətən yaxın yerləşsə də, bu, onun raket atəşinə məruz qalmasına heç cür bəraət qazandıra bilməz. Eyni zamanda, həm Gəncəyə, həm də Bərdəyə edilən hücumlar zamanı şəhər infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər tikililərə, avtomobillərə ziyan dəydi. Bu hücumlar nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da oldu.
Bundan əlavə, irqi ayrı-seçkilikdən dəm vuran Ermənistan hazırda monoetnik dövlət statusundadır. Azərbaycanda isə erməni əsilli vətəndaşlar ölkənin bütün şəhər və rayonlarında yaşamağa davam edirlər. Bu mənada, İrəvanın iddiaları heç bir məntiqə sığmır. Ancaq haylar öz əməllərinə görə utanıb-qızarmaq əvəzinə, necə deyərlər, qabaqdangəlmişlik etməyə çalışırlar. Ermənistan mətbuatı yazır ki, Beynəlxalq Ədalət Məhkəməsinin binası qarşısına toplaşan erməni diasporunun fəalları ölkəmizə qarşı etiraz şüarları səsləndiriblər. Onlar iddia ediblər ki, Qarabağın erməni sakinlərinə qarşı “zorakılıq və qətllər” həyata keçirilib. Aksiya iştirakçıları hələ də Azərbaycana qarşı sanksiyaların qəbul edilməməsindən narazılıqlarını bildirib, hətta döyüşlərdə məhv edilən separatçıların, terrorçuların fotolarını qaldırıblar. Aksiyada Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb və iddia edilib ki, 1915-ci il hadisələrinin təkrarlanması ssenarisinə yol verilməməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən rusiyalı politoloq, “PolitRUS” ekspert-analitik şəbəkəsinin yaradıcısı Vitali Arkov hesab edir ki, bu gün Qarabağda qalan erməni millətindən olan sakinlərin təhlükəsiz yaşaması rəsmi Bakının insanlara milliyyətinə görə ayrı-seçkilik nümayiş etdirməməsinin bariz sübutudur. Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin Ermənistana və digər ölkələrə kütləvi köçü Azərbaycanın öz suveren ərazisi üzərində tam nəzarəti bərpa etməsinin nəticələri ilə bağlı tamamilə əsassız qorxulardan irəli gəlirdi: “Qarabağdakı dinc ermənilər üçün heç bir təhlükə yox idi. Əksinə, Azərbaycan hakimiyyətinin yaxın gələcəkdə Qarabağ bölgəsinin kommunal, yol və sosial infrastrukturunun bərpası istiqamətində həyata keçəcəyi genişmiqyaslı işlər nəticəsində onların həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşacaqdı. Onların həyatı Ermənistanın əksər ərazilərindəki şəraitdən daha komfortlu olacaqdı”.
Onun sözlərinə görə, yalnız ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlı əhalisinə qarşı yol verilən zorakılıqlarda bilavasitə iştirak edənlər, həmçinin hərbi cinayətlər və Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar törədənlərin qorxması üçün əsaslar var idi: “Lakin bu halda da Azərbaycan qanunvericiliyi ilə cinayətkar hesab olunan şəxslərə münasibət ciddi şəkildə hüquq çərçivəsində olacaqdı. Biz saxlanılan bir sıra şəxslərlə bağlı işlərdə hazırda bunu müşahidə edirik. Bu isə erməni millətçilərinin həm işğal etdikləri Qarabağda, həm də Ermənistanın özündə azərbaycanlı əhaliyə qarşı etdikləri ilə kəskin ziddiyyət təşkil edir. Qanlı hadisələrin baş verməsindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, həmin cinayətlərlə bağlı iddia müddəti yoxdur”.
Politoloq İlqar Vəlizadə isə bildirib ki, son vaxtlar bölgədə davamlı sülhün əldə olunması istiqamətində ciddi addımların atılmasına baxmayaraq, Ermənistan tərəfi öz iddialarından əl çəkmir. Bu isə təəssüf doğurur. Onun sözlərinə görə, iddiaların uydurma olduğu isə göz önündədir: “Guya, Azərbaycan ermənilərin əsas hüquqlarını pozub. Guya, ermənilər Qarabağı məcburiyyətdən tərk ediblər və buna 2023-cü ildəki antiterror tədbirləri əsas yaradıb. Ermənistan tərəfi bununla köhnə əyyamları qaytarmaq istəyir. Amma başa düşmür ki, proseslər geridönməz xarakter alıb. Bunu deyərkən onu nəzərdə tuturuq ki, ermənilərin Qarabağ iqtisadi rayonuna qayıtmaq hüquqları olsa da, onlar Azərbaycan vətəndaşları kimi, ölkəmizin qanunlarına riyaət edərək yaşamalıdırlar. Ermənilərin Qarabağda hansısa xüsusi şərtlərlə, hansısa xüsusi imtiyazlarla yaşamaları qeyri-mümkündür. Təəssüf ki, Ermənistan tərəfi hələ də bu xülyalarla yaşayır”.
İ.Vəlizadə qeyd edib ki, Azərbaycanın məhkəməyə təqdim etdiyi iddialar isə konkret faktlara əsaslanır. Müsahibimiz bildirib ki, regionda, dünyada vəziyyət sürətlə dəyişir və Ermənistan tərəfi bu cür iddialar irəli sürməklə heç nə əldə edə bilməyəcək.
Səxavət HƏMİD
XQ