Araik Arutyunyan. Yox, söhbət Bakıda həbxsana həyatı yaşayan Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri olmuş Araikdən getmir. Bu, Arutyunyan Ermənistan baş naziri aparatının rəhbəri olan Arutyunyandır və Azərbaycanla sülh prosesi ilə bağlı fikirlərini yerli jurnalistlərlə bölüşüb.
A.Arutyunyan bildirib ki, rəsmi İrəvan rəsmi Bakı ilə dialoqun davam etdirilməsi baxımından bütün təmasları müsbət qiymətləndirir. Aparat rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Kazanda BRICS Sammiti çərçivəsində keçirdiyi görüşün yekunlarını şərh edərkən belə deyib: “Biz proseslərin davam etdirilməsini və sülh müqaviləsinin imzalanmasını təmin etməkdə qərarlıyıq. Bu baxımdan belə təmaslar faydalıdır”.
A.Arutyunyan Kazan görüşünün irəliyə doğru atılmış addım olub-olmadığına dair suala cavab verməkdə çətinlik çəkib. O, eyni zamanda, deyib ki, Rusiyadakı müzakirələr həm təkbətək, həm də geniş formatda aparılıb, bunları yayılan fotoşəkillər də təsdiqləyir. Erməni tərəfi burada sülh müqaviləsinin indiyədək razılaşdırılmamış bütün bəndləri üzrə razılığa gəlmək imkanını görür. O, həmçinin bildirib ki, istənilən sülh müqaviləsi güzəştlər olduqda yaxşıdır. “Ancaq güzəştlərə gəlincə, onlardan danışmaq səmərəsizdir”, – deyən erməni rəsminin sözlərindən belə anlaşılıb ki, tərəflər, bir qayda olaraq, kompromislərə maraqlı olmurlar.
Göründüyü kimi, A.Arutyunyan prosesə sırf nəzəri baxımdan qiymət verir. Sanki hər şeydən danışır, amma heç nə demir. Aparat rəhbəri onu da bildirib ki, hazırda sülh sazişinin redaktə edilmiş versiyaları tərəflərdədir və yeni düzəlişlər olanda variantlar tapılacaq, fikir mübadiləsi aparılacaq və görüşə ehtiyac olarsa, bu, baş tutacaq. O, sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişin olduğunu da diqqətə çatdırıb. Ancaq söhbət hansı irəliləyişlərdən gedir, məsələnin təfərrüatlarına varmayıb.
Ermənistan rəhbərliyinin mövqeyi budur ki, Bakı – İrəvan sülh sazişi üzrə razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalansın, razılaşdırılmayan məsələlərin həlli isə sonraya saxlanılsın. Ölkəmiz isə bunu məqbul saymır. Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib ki, indiki şəraitdə diqqət daha çox ikitərəfli danışıqlar müstəvisinə cəmlənib. Dövlətimizin başçısının səsləndirdiyi ən mühüm mesaj isə budur: Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
Maraqlı məqam odur ki, ABŞ başda olmaqla, kollektiv Qərbin yaratdığı görüntü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı olsa da, prosesə qüsurlu münasibət var. Çünki bir sıra konseptual məqamların üzərindən keçilir, onlar nəzərə alınmır. Belə yanaşma, eyni zamanda, İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasına dəstəkdir.
Qərb sülh müqaviləsinin ancaq regional əməkdaşlıq üçün geniş imkanlar yaradacağı ideyasını tirajlayır. ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter də bu fikirdədir. O, oktyabrın 21-də Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın bir müddət əvvəlki fikirləri üzərində dayanıb.
Yeri gəlmişkən, C.O'Brayn Bakı – İrəvan sülh sazişinə dair xeyli təfərrüatlı danışaraq, konkret konturları sadalamış və Cənubi Qafqazın qlobal kommunikasiya xəttinin mərkəzinə çevrilməsi perspektivini qabartmışdı. Ən əsası isə o, ölkəsinin başlıca məqsədinin regionun Rusiyadan asılılığını aradan qaldırmaq olduğunu dilə gətirmişdi. Nəticədə belə qənaət hasil olmuşdu ki, ABŞ Azərbaycan – Ermənistan sülh sazişini geosiyasi rəqabət kontekstində təsəvvürə gətirir. Bu yanaşmanın isə təhlükəli olduğunun sübuta ehtiyacı yoxdur və Azərbaycan hadisələrin bu səmtə doğru inkişafına razı olmayacaq. Çünki Bakı özünün balanslı siyasət xəttinə sadiqdir və region ölkələri ilə bölgədə tarixi maraqları olan dövlətlərin mənafelərinin uzlaşdırılması ritorikasını rəhbər tutur. Azərbaycan heç bir kənar dövlətə qarşı plasdarm olmayıb və olmayacaq. Bu mənada sülh müqaviləsinin də tam səmimiyyətə əsaslanması şərtdir.
Ermənistan rəhbərliyi isə səmimi deyil və mövqeyini, az qala, hər addımında nümayiş etdirməkdədir. Prezident İlham Əliyev də ABŞ rəsmisi M.Karpenterin diqqətinə, faktiki olaraq, məhz bunu çatdırıb. Dövlətimizin başçısının vurğuladığı kimi, Ermənistan sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərirsə, deməli, ölkənin real məqsədi sülh deyil, imitasiyadır. Hazırda A.Arutyunyanın, bir növ, ehtiyatlı diplomatik tonu da onu deməyə əsas verir ki, rəsmi İrəvan hər an sülh sazişi ilə bağlı hansısa məqamda, indiyədək əldə edilmiş razılaşmaları pozmaq potensialındadır.
Bəli, Qərb Azərbaycanla Ermənistan arasında barış müqaviləsinin yarımçıq şəkildə, prinsipial məqamlara aydınlıq gətirilmədən imzalanmasına səy göstərir. Bu, İrəvana sərfəlidir. Birincisi, səs-küylü natamam sülh sazişi ona gələcəkdə spekulyasiyalarını və təxribatlarını davam etdirmək üçün vacibdir. Azərbaycanın ehtimal edilən adekvat cavab tədbirləri görsə, bu, işğalçılıq kimi qiymətləndiriləcək. Hazırda Ermənistan və havadarları suverenliyimizin tam bərpasını, Qarabağı geri qaytarmağımızı təzavüz qismində qiymətləndirirlərsə, Avropa Parlamentində və digər qurumlarda bunun vurğulandığı qətnamələrin, bəyanatların qəbuluna çalışırlarla, deməli, onlardan hər şey gözləmək mümkündür. Elə A.Arutyunyanın mövqeyi də bunu deyir.
R.ƏVƏZ
XQ