BMT Təhlükəsizlik Şurası Ukraynanın tələbi ilə Şimali Koreyadan Rusiyaya hərbçilərin göndərilməsi ilə bağlı iclasa başlayıb. Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya Şimali Koreya ordusu ilə bağlı məlumatların “dezinformasiya” olduğunu bildirib. Məlumatı Ukrayna KİV yayıb.
“Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə gəlincə, bu dezinformasiyadır... Bu gün gördüyümüz çıxış Ukrayna prezidentinin “rejimini” dəstəkləmək üçün NATO qoşunlarını göndərmək qərarına haqq qazandırmaq cəhdidir”, - Nebenzya bildirib.
O əlavə edib ki, Rusiyanın KXDR ilə əməkdaşlığa dair mövqeyi açıqdır: “KXDR bizim yaxın tərəfdaşımızdır, bu, bizim suveren hüququmuzdur, çünki Rusiya Federasiyasının KXDR ilə hərbi və digər sahələrdə qarşılıqlı fəaliyyəti beynəlxalq hüququ pozmur, üçüncü ölkəyə qarşı yönəlməyib”, – Nebenzya bildirib.
Onun sözlərinə görə, Rusiya “bu əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır və heç kim buna mane ola bilməz”.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski KXDR kontingentinin Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiya ərazisinə gəldiyini bəyan edib.
P.ƏMİRCANOV
XQ