2020-ci il sentyabrın 27-də 30 ildən artıq müddətdə gözlədiyimiz haqq savaşı məqamı gəlib çatdı. Düşməni döyüş meydanında 44 günə məğlub edən Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib illər boyu əyilmiş başlarımızı dikəltdi.
Lakin ədalətli Vətən müharibəsi aparan xalqımızın qazandığı davamlı qələbələr o günlərdə dünyanın xarici ölkələrinin ermənipərəst dairələrində qəzəb və düşmənçiliklə qarşılanmışdı. Azərbaycan Prezidenti İlham Əliyevin o zaman dünya media qurumlarına verdiyi çoxsaylı açıqlamalarda bu qərəzli münasibət ifşa olunmuş, erməni işğalının və azadlıq davamızın mahiyyəti açılıb göstərilmişdi.
Xeyli erməni yazarın çalışdığı Rusiya mediasında da Zəfər yürüşümüz birmənalı qarşılanmamışdı. 44 günlük Vətən müharibəsi günlərində ermənilər istər mətbuat səhifələrində, televiziya kanallarında, istərsə də sosial şəbəkələrdə həm özləri, həm də ələ aldıqları ermənipərəst qüvvələr Azərbaycana qarşı olmazın böhtanlarını yayırdılar. Acı məğlubiyyətdən 4 il keçsə də ağlını başına yığa bilməyən erməni yazarlar indinin özündə də bu böhtanları, yalanları yaymaqda davam edirlər. Onların havadarları isə rüsvayçı “ikili standartlar”a sadiqliklərini davam etdirirlər.
Gəlin 4 il əvvəlin xarici mediasında yazılanlara yenidən nəzər salaq. Ölkəmizə məsafəcə ən yaxın olan Rusiyada o günlərdə düşmən mövqeli yazarlarla yanaşı, Azərbaycana rəğbəti olan, haqqı, ədaləti müdafiə edənlər də az deyildi. Onlar İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycanın haqq işini müdafiə edir, ermənilərin vəhşiliyini, qəddarlığını, faşizmə xas olan terrorçuluq siyasətini mediadakı çıxışlarında tənqid edirdilər.
Rusiya məkanında Azərbaycana dəstək olan şəxslər, əsasən, bunlar idi: jurnalist, hərbi ekspert, "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı jurnalist, televiziya aparıcısı Maksim Şevçenko, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Dövlət Dumasının deputatı, "Vətən" partiyasının sədri Aleksey Juravlyov, ictimai xadim, politoloq Sergey Markov, jurnalist, "qazeta.ru"nun siyasi icmalçısı Mixail Xodarenko, siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov və başqaları.
4 il əvvəl – Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına start verdiyi günlərdən başlayaraq başda baş nazir Nikol Paşinyan olmaqla Ermənistanın yüksək vəzifəli şəxsləri bir-birinin ardınca yalan dolu məlumatlar yaymağa, fikirlər səsləndirməyə başladılar. Döyüş meydanında uduzan düşmən öz xalqına guya üstünlüyün onların tərəfində olması barədə yalan məlumatlar verirdi. Amma çox keçmədi, sabiq baş nazir Qrant Baqratyan etiraf etməyə məcbur oldu ki, Ermənistan ordusunun 80 faizi yoxdur.
Həmin günlər Azərbaycanın mövqeyini müdafiə edən Maksim Şevçenko ermənilərə müraciətdə anladırdı ki, Qarabağ Azərbaycan torpağıdır və erməni hərbi birləşmələri o əraziləri tərk etməlidirlər.
Düşmən Rusiyanı müharibəyə cəlb etmək üçün döyüş meydanından yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, Bərdə, Goranboy rayonlarını raket atəşinə tutur. Maksim Şevçenkoya görə, Gəncəyə atılan raket Xocalının davamı idi. Rusiya müharibənin Azərbaycan ərazisində getdiyini əsas gətirərək erməniləri məyus edir. Söz yox ki, Ermənistanda Dağlıq Qarabağda Rusiya ilə Azərbaycanın toqquşmasında maraqlı olan qüvvələr var.
Müharibə zamanı ermənilər dünyaya hay salırdılar ki, Azərbaycan tərəfindən türklər, suriyalı muzdlular vuruşurlar. "Dojd" TV kanalının Qarabağda olmuş xüsusi müxbiri Vasili Polonski "Qovorim na çistotu" verilişində ermənilərin yalan danışdığını dedi. O bildirdi ki, müharibə vaxtı Qarabağda olub, hansısa muzdlu əsgər görməyib.
Noyabrın 8-də Qarabağın döyünən ürəyi, Azərbaycanın musiqi beşiyi Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi. Elə buradaca Ermənistanın baş naziri Paşinyanın Şuşada separatçı rejimin andiçmə mərasimindəki "yeni müharibə baş verərsə, Azərbaycan ərazilərinin xeyli hissəsini itirəcək" bəyanatını xatırladım. "Dəmir yumruq" əməliyyatı baş nazirin də, müdafiə nazirinin də arzularını ürəklərində qoydu. Əli hər yerdən üzülən düşmən məğlub olduğunu görüb ağ bayraq qaldırdı. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçıları arasında üçtərəfli Bəyanat imzalandı, Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Bu sənəd Ermənistan üçün kapitulyasiya aktı idi.
Rusiyalı politoloq Maksim Şevçenko o günlər Azərbaycanın qələbəsinə sevincini belə dilə gətirirdi: "Azərbaycanın Qarabağdakı qələbəsi mənim üçün həm siyasi, həm də geosiyasi mənada qələbədir. Qəlbim sizinlədir. Azərbaycana tarixi dəyişdiyinə görə təşəkkür edirəm. Bu qələbəni tam mənada anlamaq üçün hələ bir neçə ay düşünmək lazımdır. Noyabrın 8-nə qədər bağlı olan qapılar qəflətən açıldı. Mümkünsüz olan mümkün oldu".
Rusiyanın istefada olan general-leytenantı, 1991-ci ildə Füzuli şəhərinin komendantı olmuş Aleksandr Volox “Modern.az” saytına verdiyi müsahibədə Qarabağdakı qələbə münasibətilə Azərbaycan Ordusunu, Ali Baş Komandanı və Azərbaycan xalqını təbrik etdi. Xüsusilə Füzulinin azad edilməsinə sevinən A.Volox "İşğalın başa çatması çox sevindirici xəbərdir. Haqq-ədalət sonda qalib gəldi. Prezident İlham Əliyevin uzaqgörənliyini və qətiyyətini də alqışlayıram" fikri ilə Azərbaycana olan rəğbətini bildirdi.
Azərbaycan 10 noyabr bəyanatının bütün şərtlərinə əməl etsə də, Ermənistandakı bəyanatdan narazı olan separatçı qüvvələr sənədin dəyişdirilməsini istəyirlər. Bu məsələyə toxunan Leonid Kalaşnikov çox haqlı olaraq yazıb ki, "şovinist ermənilər Rusiyaya minnətdar olmaq əvəzinə, razılaşmaya yenidən baxılması üçün çağırışlar edirlər".
2020-ci il dekabrın 10-da Azadlıq meydanında böyük qələbəmizə həsr olunmuş Zəfər paradı keçirildi. Sergey Markovun təbirincə desək, bu, sadəcə bir Zəfər paradı deyildi, bir millətin yenidən doğulması idi. Düşmənə göz dağı olan Zəfər paradını Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin çox qısqancıqla qarşıladı. Dekabrın 11-də İrəvan–Moskva videokörpüsü zamanı "Bu parad yalnız Ermənistanı deyil, Rusiyanı da aşağılamaq cəhdidir" – deməklə erməniyə olan məhəbbətini gizlətmədi.
Bununla kifayətlənməyən K.Zatulin paradda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına tənqidi münasibət bildirərək, Azərbaycan–Türkiyə qardaşlığına olan qısqanclığını açıq büruzə verdi. Onun bu canfəşanlığı səbəbsiz deyildi – Zatulin Adler ermənilərinin səsləri sayəsində deputat seçilib.
Rusiya parlamentarilərinin işğaldan azad olunmuş Ağdama, Füzuliyə səfərləri onlarda acı təəssürat doğurdu. Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı gördüyü erməni vəhşiliyindən "şoka" düşmüşdü: "Sovet İttifaqında tanınan bir şəhər – Ağdam, demək olar ki, yoxdur. Ancaq məscid qismən salamat qalıb. O da deyilənə görə, atəşin korreksiyası üçün saxlanılıb".
Digər rusiyalı hərbi ekspert İqor Korotçenko təəssüratını jurnalistlərlə bölüşərkən belə dedi: "Mən Füzulidə və Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə-yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb".
Nümayəndə heyətinin digər üzvü Kalaşnikov Ağdamda Xurşidbanu Natəvanın qəbrinin dağıldığını görəndən sonra "21-ci əsrdə barbarlıq təzahürləri qəbuledilməzdir" – dedi.
Bu vəhşilikdən sonra ermənilərlə bir yerdə yaşamaq çox çətindir, qərtmək bağlamış yaralarımız hələ sağalmayıb. Hərbi ekspert Oleq Kuznetsov da bir yerdə yaşamağın mümkün olmadığını deyir: ermənilərin barbarlığından sonra Kreml azərbaycanlıların və ermənilərin Qarabağda münaqişəsiz və dinc yaşamaq perspektivini necə düşünə bilər?
Son vaxtlar Ermənistanda bəzi qüvvələr "Yeni müharibə gözləyin", "Müharibə hələ bitməyib, diqqətli olun!" kimi çaşqın fikirlər səsləndirirlər. Bu məsələyə toxunan Maksim Şevçenko bildirib ki, ermənilər 3-cü Qarabağ müharibəsinə hazırlaşır, onlar dünyanın siyasi gücləri ilə elə bir hiyləgər planın hazırlığındadır ki, Azərbaycan–Türkiyə və bütün dünya yenidən Qarabağ müharibəsinin başlanmasına görə Rusiyanı ittiham etsinlər. Buna görə də Rusiya Qarabağ ərazisindən ordusunu geri çəkdi. Azərbaycan Xankəndi başda olmaqla digər rayonları da işğaldan azad etdi.
Sonda yeni müharibə arzulayan erməni separatçılarına məsləhət görərdik ki, İqor Korotçenkonun xəbərdarlığını unutmasınlar: "Ermənistan qisas yolunu tutsa, birdəfəlik dünya xəritəsindən silinəcək".
Akif RÜSTƏMOV,
BDU-nun professoru