II MƏQALƏ
Siyasət fizikadan daha mürəkkəbdir.
Albert EYNŞTEYN
Gürcüstanı rahat buraxmırlar
Seçkidən sonra Gürcüstanda mümkün ssenarilərlə bağlı verilən bir sıra proqnozlar özünü doğruldur. Gürcüstanda seçki prioritetlərinin, bütövlükdə, ölkədə siyasi ab-havanın təhlili və böyük geosiyasi güclərin regionda getdikcə daha da kəskinləşən mübarizəsinin xüsusiyyətləri göstərirdi ki, hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyasının şansı daha çoxdur. Ehtimal olunurdu ki, Gürcüstan cəmiyyəti sabitlik, ölkənin bütövlüyü və təhlükəsizliyin təminatı naminə məhz bu siyasi qüvvəyə səs verəcək. Bilirdilər ki, Gürcüstanda parlament idarəetmə forması mövcud olduğundan, burada dövlətçiliyin taleyindən bəhs edilir. Hansısa dəyərin, məsələn, sözdə demokratiya, liberalizm və yaxud hansısa geosiyasi böyük gücün mövqeyinə uyğun qərar qəbul etmək ciddi risklər meydana çıxara bilərdi.
Maraqlı və əhəmiyyətlidir ki, Gürcüstan prezidenti S.Zurabişvilinin, sabiq prezident M.Saakaşvilinin, indi fəaliyyətdə olan bir sıra müxalif siyasətçilərin dəfələrlə müraciətinə baxmayaraq, seçicilər bir sıra dairələrin gözlədiyi kimi etiraz prosesinə yüksək enerji ilə cavab vermədilər. İlk mitinq cəmi 2 saatdan bir az çox çəkdi və müxalif liderlər belə sakitcə meydanı tərk etdilər. Bu, nəyin əlaməti ola bilər?
Latentlik və mötədillik
“Siyasi latentlik” həm də seçicinin hər hansı siyasi olaya bir “qədər gizli”, hansısa səbəbdən radikal münasibət nümayiş etdirmək istəməməsi halını nəzərdə tutur. Mötədillik isə seçicinin mövcud vəziyyətə yüksək radikal deyil, bir qədər “yumşaq” reaksiya verməsi kontekstində anlaşıla bilər. İndi Grücüstanda müxalifətə dəstək verən seçicilərin xeyli hissəsində belə bir əhval-ruhiyyə müşahidə edilir. Yəni əksər müxalif seçici kontingenti bir sıra dairələrin gözlədiyi dağıdıcı, çox radikal, cəmiyyətdə xaosa aparan reaksiyasını vermədi. Ekspertlər vurğulayırlar ki, hətta, adətən, çox enerjili kimi görünən Tbilisinin gəncləri ilk mitinqdə xeyli mötədil təsiri bağışladılar.
Doğrudur, sonra tələbələrin etiraz aksiyası başladı. Onlar seçkidəki pozuntuların araşdırılmasını və səslərin yenidən sayılmasını tələb edirlər. Bir sıra KİV orqanları “gürcülər yatmırlar, mitinq edirlər” kimi obrazlı ifadələr işlədirlər.
Lakin hiss olunur ki, gürcü müxalif seçici kütləsi müəyyən radikal davranış səddini keçmək istəmir. Yəni bu halda da cəmiyyətin nə nizamının pozulmasını arzulayır, nə dövlətçiliyə ziyan dəyməsini istəyir, nə də demokratiya və liberallıq kimi şirin vədlərdən imtina edir. Belə alınır ki, hazırda Gürcüstanda siyasi səhnədə latentlik, mötədillik özünü göstərir və siyasi mövqelər arasında açıq və ya pərdəarxası mübarizə gedir. Bu mübarizənin getdikcə daha da konkretləşəcək məzmunu Gürcüstan cəmiyyətinin nə dərəcədə yetkin olduğunun və dövlətçiliyə həssaslığının siyasi-ideoloji və geosiyasi barometri olacaq.
Ancaq ittifaq qonşu və dost ölkədə, bütövlükdə, daxili siyasi dinamikanın vurğulanan məqamlarla tam müəyyən olunduğunu da demək çox çətindir. Çünki müxtəlif istiqamətlərdən yayılan informasiyalar durumun daha da radikallaşması və proses olaraq kəskinləşməsi ehtimalının yüksək olaraq qaldığını göstərir. Biz, konkret olaraq, Qərbdən və Rusiyadan qaynaqlanan informasiyaları nəzərdə tuturuq. Ayrıca, Türkiyənin mövqeyi də çox önəmlidir. Regionda isə əsas faktor Azərbaycanın münasibətidir. Bütövlükdə, kompleks halında vurğulanan faktorların təsiri Gürcüstanda siyasi mənzərəyə ciddi təsir edə bilər.
Tbilisidə “havalar soyuyur”
ABŞ və kollektiv Avropa (Macarıstan istisna olmaqla) Gürcüstanda “Gürcü Arzusu”nun seçkidə qalib gəlməsinə kifayət qədər yüksək etirazla reaksiya verirlər. ABŞ Administrasiyası, Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti bu və ya digər kontekstlərdə seçkilərin nəticələrini tanımadıqlarını ifadə etmişlər. Bundan başqa, artıq 13 Avropa ölkəsi bu barədə birgə bəyanat yaymışdır və hətta Gürcüstanla əlaqələrə yenidən baxılmasını mümkün sayırlar. Baltikyanı dövlətlər də eyni mövqedədirlər.
ABŞ-nin rəsmi nümayəndələri isə həm seçkilərin nəticələrini qəbul etmədiklərini, həm də “Gürcüstan yolundan dönməsə, onun mümkün mənfi nəticələrini görəcəyini” (Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi M.Miller) bəyan edirlər. Burada “yolundan dönmə” dedikdə amerikalılar Tbilisinin öncəki kimi geosiyasi seçimdə birtərəfli qaydada Qərb yönünə üstünlük verməsini nəzərdə tuturlar. Prezident C.Bayden isə Gürcüstan hakimiyyətinə müraciət edərək, “bütün pozuntuları şəffaf araşdırmağa və dərhal müxalif siyasi qüvvələrlə dialoqa keçməyə” səsləmişdir.
Avropa Şurasının prezidenti Şarl Mişel isə bəyan etmişdir ki, Avropa İttifaqının Budapeştdə olacaq qeyri-formal sammitində Gürcüstan məsələsini gündəmə salmaq niyyətindədir. O, tələb etmişdir ki, ATƏT-in qiymətləndirməsində göstərilən pozuntuları MSK “çevik, ciddi və şəffaf araşdırsın”. Bundan başqa, Grücüstan hakimiyyəti ölkənin Aİ-yə üstünlük verdiyinə möhkəm bağlılığını nümayiş etdirsin və Avropa Şurasının iyun və oktyabr xəbərdarlıqlarını nəzərə alsın. Xatırladaq ki, həmin xəbərdarlıqlarda əsas olaraq, Aİ-nin Gürcüstana münasibətinə yenidən baxa biləcəyi yer tutur.
Bu, açıq-aşkar sistemli və davamlı şəkildə Gürcüstan iqtidarının üstünə getməkdir. Hiss olunur ki, Qərb bu psoesdə Gürcüstan vətəndaşlarının taleyinə fikir vermək niyyətində deyildir – əsas məqsəd öz geosiyasi maraqlarını təmin etməkdən ibarətdir.
Gürcüstandakı seçkilərə fərqli münasibət bildirən Rusiya da kifayət qədər sərt ritorikadan istifadə edir. Onu ümumiləşdirsək, Moskvanın mövqeyi belədir: “Gürcüstandakı seçkilərin nəticələrinə hər hansı ciddi hüquqi müdaxilə olsa və o, nəticə verməyə başlasa, hətta “kimlərisə öldürmək” variantı belə istisna deyildir. Etiraf edək ki, Avropanın özü də xeyli əvvəl uyğun ritorikada Baş nazir İ.Kobaxidzeni hədələmişdi.
Bu faktiki münasibətlər onu göstərir ki, Qərb və Rusiya Gürcüstanda ümumi səviyyədə son dərəcə sərt, güzəştsiz və amansız geosiyasi mübarizəyə hazır vəziyyətdədirlər. Təəssüf ki, həm də bu cür yanaşmalar, bütövlükdə, Cənubi Qafqazda geosiyasi dinamikaya ciddi təsir edir. Bununla yanaşı, fərqli yanaşmaları da arxa plana atmaq olmaz.
Avropada fərqli münasibət
Macarıstan iqtidarının Gürcüstandakı seçkilərin nəticəsinə münasibəti çoxlarını təəccübləndirdi. Baş nazir V.Orban oktyabrın 28-də Tbilisiyə səfər etmişdir. O, “Gürcüstan xalqının hansı seçimi etmək lazım gəldiyini daha yaxşı bilir” demişdir. Ancaq Brüssel dərhal “Orban təşkilatı təmsil etmir” bəyanatını vermişdir. Buna baxmayaraq, V.Orban Avropada yerləşən dövlətin Baş naziridir və onun mövqeyi əhəmiyyət daşıyır. Bunun fonunda xarici işlər naziri P.Siyartonun Gürcüstanda seçkilərin legitimliyinə şübhə etməyin “demokratiya üçün alçaldıcı olduğunu” deməsi, Budapeştin məsələyə ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirilir.
Region dövlətləri
Qərb və Rusiyadan olan münasibətlərin fonunda region dövlətlərinin də münasibəti çox əhəmiyyətlidir. Əlbəttə, Rusiya da həmin qrupa daxildir və onun münasibəti aydındır. Türkiyə Prezidenti R.T.Ərdoğan Gürcüstandakı seçkiləri tanıdıqlarını və Gürcüstan cəmiyyətini uğurlu seçki keçirmək münasibətilə təbrik etdiyini demişdir.
İran hələ açıq şəkildə seçkilərin nəticəsinə münasibət bildirməmişdir. Ancaq Tehranın anti-Qərb mövqeyində olduğunu diqqətə alsaq və Cənubi Qafqazda region dövlətlərinin roluna üstünlük verdiyini xatırlasaq, Tehranın faktiki olaraq indiki hakimiyyəti dəstəklədiyi aydın olar.
Düşünmürəm ki, Ermənistan şəffaf şəkildə və real olaraq Gürcüstandakı seçkilərin nəticəsini dəstəkləsin. Lakin rəsmi İrəvanın Gürcüstanın indiki hakimiyyətinə qarşı da duracağı gözlənilən deyildir. Cavaxetiyada seçkilərin nəticəsi bunu təsdiq edən faktlardandır. Buna baxmayaraq, aydındır ki, Ermənistan indi Qərbin regionda əsas dayağıdır. Bəlkə də buna görə, rəsmi İrəvan Gürcüstanda hakimiyyətin qələbəsini daha çox arzulayırdı. Bunlarla yanaşı, məsələ regional kontekstə dayananda Ermənistanın sürüşkən və qeyri-müəyyən geosiyasi mövqeyi risk faktoruna çevrilir. O cümlədən, seçki məsələsində.
Bunlar regonal təhlükəsizlik kontekstində yeni və maraqlı bir gedişatı ortaya qoyur.
Azərbaycanın regional statusu və yeni şərtlər
Yuxarıdakı qısa müqayisələr göstərir ki, bütövlükdə, regionun və ayrıca Gürcüstanın geosiyasi təhlükəsizliyi Azərbaycanın regional lider kimi statusuna yeni önəm verir. İndi Azərbaycandan başqa, Gürcüstanın müstəqilliyi və təhlükəsizliyi məsələsində obyektiv və ədalətli mövqe tutan ölkə (Türkiyə istisnadır) yoxdur.
Digər maraqlı məqam ondan ibarətdir ki, Ankaranın qiymətləndirməsi Bakı ilə tam uyğunluq təşkil edir və belə görünür ki, Türkiyə regiona öncə Azərbaycanın maraqları kontekstində baxmaqda israrla davam edir. Deməli, yeni şərtlər daxilində Azərbaycan–Türkiyə tandeminin regional təhlükəsizlik kontekstində geosiyasi statusunun daha da yüksəldiyi nəticəsini ala bilərik. Bu, Şuşa Bəyannaməsi və Qarabağ Bəyannaməsindən sonra müstəqil Azərbaycanın regional nüfuzu və əhəmiyyətini yüksəltməsini təsdiq edən əsas faktlardan biridir.
İndi əsas məsələ ondan ibarətdir ki, Bakı öz dostu, qonşusu və strateji tərəfdaşı olan Gürcüstanı böyük güclərin təzyiq və təhrikindən hansı səviyyəyə qədər sığortalaya biləcək. Bəlkə də bir çoxları üçün inandırıcı deyildir, lakin tam əminəm ki, Azərbaycan–Türkiyə tandemi bütövlükdə situasiyanı nəzarətdə saxlaya biləcək. Bu işdə onlara Rusiyanın və bəlkə də qismən İranın dəstək verəcəyi yüksək ehtimallıdır. Çünki məhz Azərbaycan–Türkiyə xətti müəyyən səbəblərdən Rusiya üçün Gürcüstandakı vəziyyətə qanuni çərçivədə təsir etmək imkanı yarada bilər. İrana gəldikdə isə Tehran indiki durumunda mütləq Azərbaycan və Türkiyə faktorunu nəzərə almalıdır. Artıq Tehran–Ankara işbirliyi Yaxın Şərqdə konkret məzmun almışdır.
Belə nəticə çıxarmaq olar ki, Gürcüstan seçkilərdən sonra geosiyasi və siyasi turbulentlik vəziyyətinə düşmüşdür və oranı tərk edə bilməsi hələlik mümkün olmur. Əksinə, vəziyyət getdikcə daha dərində və əhatədə gərginliyə doğru gedir. İndi Gürcüstanda regionun maraqları birləşir. Burada hansı qüvvələrin üstün olacağından Cənubi Qafqazın taleyi asılıdır. Bu nöqtədən baxanda Tbilisidə siyasi ab-havanın “soyuması”ndan sonra “bahar”ın, yoxsa “dondurucu qışın” gələcəyini təxmin etmək asan deyildir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru