Noyabrın 11-dən 22-dək paytaxtımızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yaxınlaşdıqca, Qərbin müxtəlif ölkələri və təsisatları tərəfindən Azərbaycana hücumlar intensivləşib.
Demək olar ki, hər gün ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı həqiqətə uyğun olmayan, qərəzli, yaxud təhrif edilmiş məqalələr dərc olunur. Bu məqalələrdə, bir qayda olaraq, ölkəmiz hədəfə alınır, onun dünyanın üzləşdiyi qlobal çağırışların, o cümlədən ekoloji problemlərin aradan qaldırılması sahəsindəki xidmətləri danılır, yanlış fikirlər əsasında dünya ictimaiyyətinin çaşdırılmasına cəhdlər edilir. Daha bir yalan isə 2023-cü ilin sentyabrıında erməni əhalinin Qarabağın dağlıq hissəsindən könüllü şəkildə çıxıb getməsinin “etnik təmizləmə” kimi qələmə verilməsi ilə bağlıdır. Halbuki, erməni əhali Birinci və İkinci Qarabağ müharibəsində törətdikləri əməllərə görə cavab verməkdən qorxurdular. Hərçənd ki, ədalət mühakiməsi yalnız sülh və insanlıq əleyhinə cinayət törədənləri gözləyirdi. Eyni zamanda, ermənilər Azərbaycanın qayda-qanunlarını qəbul etmək istəmədikləri üçün Ermənistana çıxıb getdilər.
Azərbaycan tərəfi bu qərəzli yazılara özünün etiraz səsini həm media orqanları, həm vətəndaş cəmiyyəti nümayəndələri, həm də dövlət qurumları səviyyəsində dəfələrlə ucaldıb. ABŞ-nin “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, Fransanın “Fiqaro”, “Le Monde” qəzetləri, həmçinin bir sıra digər media orqanları ölkəmizə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Prezident İlham Əliyev hələ 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında demişdi: “Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur – yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.
Bu kontekstdə qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Ceff Bezosun “Vaşinqton Post”da dərc edilmiş məqaləsinə münasibət bildirib.
Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin imzalanması üçün danışıqların aparılmasına baxmayaraq xaricdəki – əsasən ABŞ və Fransadakı ermənilər ölkəmizə qarşı bir an da olsun dayanmırlar. Onlar Azərbaycanın imicini ləkələmək üçün əllərindən gələni əsirgəmirlər. Bugünlərdə ABŞ-dəki “Responsible Statecraft” nəşrində dərc olunan “Azərbaycan lobbiçilərin ABŞ qanunlarını pozaraq onunla işləməsini istəyir” sərlövhəli məqalə də bu qəbildəndir. Qeyd edilib ki, ABŞ Ədliyyə Nazirliyi may ayında Texas ştatından olan konqresmen Henri Kuelyar və onun həyat yoldaşı İmelda Kuelyarı rüşvət almaqda və Azərbaycan üçün qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət göstərməkdə ittiham edib. Bildirilib ki, konqresmen digər şeylərlə yanaşı, “Dağlıq Qarabağdakı erməniləri dəstəkləmək səylərinin qarşısını almaq və Azərbaycan nümayəndələrinə Birləşmiş Ştatlar hökumətinə lobbiçilik etmək səyləri barədə məsləhət vermək” müqabilində Azərbaycanın nəzarətində olan şirkətlərdən (?) ən azı 360 min dollar alıb.
Kuelyarın ittiham olunmasına baxmayaraq, guya, Azərbaycan hələ də xarici təsir qanunu olan Xarici Agentlərin Qeydiyyatı Aktından (FARA) yan keçməyə çalışır. Bu akt lobbiçilərin qeydiyyatdan keçməsini və xarici agentlərin xeyrinə gördükləri işlərini açıqlamasını tələb edir.
“Politico” nəşri isə daha əvvəl iddia etmişdi ki, Azərbaycanı təmsil edən şəxslər, guya, bu yaxınlarda Vaşinqtondakı lobbiçilərdən FARA çərçivəsində qeydiyyatdan keçmədən işləmək fikrində olub-olmadığını soruşublarmış: “Dost və ya düşmən, heç bir ölkə qanundan üstün deyil. İsrail hökuməti də FARA-ya tabe olmaqdan yayınmağa çalışır. İsrail Ədliyyə Nazirliyinin hüquqi strategiya memorandumu, rəsmi şəxslərin FARA-nın ABŞ-də Tel-Əvivi tənqid edənlərə qarşı yönəlmiş 8,6 milyon dollarlıq piar kampaniyasını açıqlamasının qarşısını almağın yollarını müzakirə etdiyini ortaya qoyub. Memorandumda bildirilir ki, qeydiyyatın aparılması İsraildən maliyyə və təlimat alan bir neçə ABŞ qrupunun reputasiyasına xələl gətirəcək və onları şəffaflıq tələblərini yerinə yetirməyə məcbur edəcək”.
Guya, ötən ilin avqustunda Bakı Qarabağda etnik təmizləmə ittihamlarına qarşı Azərbaycanın mövqeyini müdafiə edən hesabat dərc etmək üçün beynəlxalq hüquq eksperti Rodni Diksonla əlaqə yaradıb. Dikson hesabatı ABŞ mediasında təbliğ edib və “Friedlander Group”un baş direktoru Ezra Fridlenderin rəhbərliyi altında 6 ABŞ nümayəndəsi və onlarca Konqres əməkdaşı ilə görüşüb. İddia edilib ki, onların heç biri xarici agent kimi qeydiyyatdan keçməyib: “Bəzi firmalar federal qanunlardan yan keçmək üçün təzyiqləri əsas gətirərək Azərbaycanla işləməkdən imtina etsələr də, digərləri neftlə zəngin Qafqaz ölkəsindən çeklər almaq üçün növbəyə dururlar. İyun ayında Azərbaycanın maraqlarını təmsil etmək üçün daha iki firma qeydiyyatdan keçib”.
Qeyd edək ki, ABŞ Konqresində ən çox lobbiçiyə malik olan erməni xalqıdır. Onlar uzun illərdir ki, bu işlə məşğul olurlar. Nəticədə ABŞ qanunverici orqanının hər iki palatasında, yəni həm Senatda, həm də Nümayəndələr Palatasında hələ 1992-ci ildə Azadlığa dəstək Aktına 907-ci düzəlişi qəbul etməyə nail olublar. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsinə çevirib. İndi isə onlar öz gözlərində tiri görməyərək, özgə gözündə tük axtarırlar. Öz əməllərini bizim adımıza çıxırlar. Belə yerdə “Adımı sənə qoyum, səni də yana-yana” atalar sözü yada düşür.
Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirdi ki, əslində, burada söhbət Azərbaycana yaxın, yaxud ölkəmizlə işləmək istəyən şəxslərin təqsirləndirilməsindən, onların şantaj olunmasından və ləkələnməsindən gedir. Onun sözlərinə görə, biz ABŞ-də lobbi təşkilatlarının olduğunu, onların tamamilə leqal, qanuni fəaliyyət göstərdiyini bilirik: “Lobbi təşkilatlara sifariş verənlər maraq qrupu adlanır. Bu maraq qrupu dövlət, iqtisadi təşkilat, yəni firma, kompaniya və sair ola bilər. Lobbi təşkilatları bu və ya digər şəkildə fəaliyyət göstərir, konqresmenlərlə, senatorlarla münasibət qururlar. Elə ermənilər də bir sıra lobbi təşkilatlarından istifadə edirlər. Əgər onlar kimlərisə federal qanunları pozmaqda, yaxud korrupsiyada ittiham etmək istəyirlərsə, o zaman elə ilk növbədə ermənilər üçün işləyən şəxsləri ittiham etməlidirlər.
Bilirsiniz ki, ermənilər üçün işləyən senator Robert Menendes bu yaxınlarda yol verdiyi qanunsuzluqlarla bağlı məhkəmə önünə çıxarıldı. Onlar bunu unutmamalıdırlar. Ola bilsin ki, bu, bəzi media orqanlarında işıqlandırılsın, bəzilərində işıqlandırılmasın. Amma Azərbaycanla bağlı yayılmış bu material siyasi sifarişdir. Bu sifarişin arxasında elə erməni lobbisi dayanır. Çünki onlar müəyyən çətinliklərlə üzləşiblər və bu çətinliklərdən yaxa qurtarmaq üçün Azərbaycana hücumlar edirlər”.
Politoloq qeyd etdi ki, bu gün ABŞ qanunverici orqanında Azərbaycana olan bütün hücumların, təzyiqlərin, Qarabağ ermənilərinin, guya, etnik təmizləməyə məruz qalması iddiasının arxasında bilavasitə ermənilər və onların maraqları dayanır.
Z.Məmmədovun fikrincə, “Responsible Statecraft” nəşrinin məqaləsində İsrailin adının çəkilməsi də təsadüfi deyil. Çünki Amerikadakı yəhudi lobbisi də erməni diaspor və lobbisinə kifayət qədər ciddi şəkildə mane olur: “Buna görə də onlar həm Azərbaycan, həm də İsrail kimi dövlətləri ləkələmək, bu dövlətlərin hansısa şəxslərini qanundankənar, qanunu pozaraq fəaliyyət göstərməkdə, kimlərləsə işbirliyində təqsirləndirmək istəyirlər. Bu, birmənalı olaraq erməni siyasətinə xidmət edən, tamamilə qərəzli yazıdır”.
Səxavət HƏMİD
XQ