Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin Aprel döyüşləri – Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərindən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.
Hərbi-diplomatik uğurlar
Beş il əvvəl – Azərbaycan Ordusunun Qarabağda başladığı genişmiqyaslı və uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
İnformasiya savaşında uğurlar
Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr 30 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Hərbi-diplomatik uğurlarla yanaşı, Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə Türkiyənin “TRT Haber”, “CNN Türk”, “Haber Global”, “Habertürk”, “NTV”, “A Haber” televiziya kanalları, Rusiyanın “Rossiya-1”, “Pervıy Kanal”, “RBK” televiziya kanalları, TASS, “İnterfax, “Ria Novosti” agentlikləri, Almaniyanın “ARD”, Böyük Britaniyanın “Sky News”, ABŞ-ın “Fox News”, İspaniyanın EFE televiziya kanallarının, İtaliyanın “Rai1” televiziya kanalı və “la Repubblica” qəzeti, Fransanın “France 24” televiziya kanalı və “Le Figaro” qəzeti, Yaponiyanın “Nikkei” qəzeti, o cümlədən nüfuzlu “Euronews”, “CNN”, “BBC News”, “Al Jazeera”, “Al Arabiya” televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.
Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.
Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.
Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də 2021-ci il fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-də yayılaraq Azərbaycan, xüsusilə Qarabağ həqiqətlərini tutarlı faktlarla bütün dünyaya çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsasını qoydu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə də Qələbə qazandıq.
“Şuşa, sən azadsan”!
Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdir: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.
Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.
Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində mühüm Qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi.
Suverenlik və tarixi ədalətin bərpası
Qeyd etmək lazımdır ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.
İki il əvvəl - 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Prezident, Ali Baş Komandan, İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.
Bununla yanaşı, 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu müham və əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Nəticədə, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni separatçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından artıq iki il keçir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamda vurğulanır ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir: “Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Bu gün, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarının başa çatmasından və şanlı Zəfər Günündən 5 il keçir. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə Zəfərə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsi kimi yazıldı.
Azərbaycanın dövləti və xalqı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla anır və onları heç vaxt unutmayacaq! Zəfərimiz mübarək!
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru


