Dostoyevskinin gözəl bir deyimi var: “Yer kürəsində ən nadir tapıntı– ədalətli insandır”. Anar məhz belə insan idi. Qayğıkeş ailə başçısı, bacarıqlı zabit, Vətən sevdalı komandir, sadiq dost, qədirbilən övlad – bir sözlə, bütün gözəl keyfiyyətlərə malik idi. Bu fikirləri igid şəhidin həyat yoldaşı Vüsalə Əliyeva söyləyir.
Söhbət Vətən Müharibəsi Qəhrəmanı, Zəngilanın işğaldan azad olunmasını Azərbaycan Prezidentinə məruzə edən polkovnik-leytenant Anar Əliyevdən gedir. O Anar Əliyevdən ki, Naxçıvandan başlayan döyüş yolu Xocavəndin Tuğ kəndindən Şuşaya açdığı yolda şəhidlik məqamına ucalmaqla bitmişdi. Anar Azərbaycan Silahlı Qüvvələrinin “Usta” məharət dərəcəli hərbi qulluqçusu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri idi.
Ömürlüyünə nəzər
Qəhrəmanımız 1980-ci ilin avqustunda Kəlbəcər rayonunun Boyaqlı kəndində Xarici Dillər İnstitutunun məzunları–ingilis dili müəllimləri Vaqif Əliyevlə Səkinə Bayramovanın ailəsində dünyaya göz açıb. Valideynlərin təyinatı ilə bağlı Ağdərə rayonunun Levonarx ( indiki Göyarx) kəndində yaşayan ailə 1988-ci ildə Ağdərə terrorundan sonra Tərtər rayonunun Bəyimsarov kəndində, daha sonra müvəqqəti Şəmkir rayonunun Çaykənd kəndinə köçüb orada yaşayıblar. Anar 1-ci sinfə Ağdərənin Göyarx kəndində gedib. Yaşayış yerlərini dəyişdiklərinə görə, Bəyimsarovda, sonra Çaykənddə təhsil alıb. 1995-ci ildə Çaykənd kənd tam orta məktəbin 9-cu sinfini bitirib.
Ali təhsil arxasınca...
...Və onun hərbçi olmaq üçün seçdiyi yol bundan sonra, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsillə başlayır. 1995-ci ildə liseyə, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olur. 2001-ci ildə ali hərbi məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirir və həmin il xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olur. 2012–2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etdirir.
Döyüş bacarığını mükəmməlləşdirdiyi təlim və kurslar
Ali təhsilini bitirdikdən sonra öncə Bakıdakı “N” saylı hərbi hissədə, sonra Salyanda, ardınca Naxçıvanda xidmət edir. 2008-ci ilin yanvar ayında kapitan, 2012-ci ilin iyununda mayor, 35 yaşında – 2015-ci ilin iyununda vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alır. Azərbaycan, türk, ingilis, rus, erməni dillərini bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti 2003–2019-cu illərdə mütəmadi olaraq xarici ölkələrdə müxtəlif təlimlərdə iştirak edir. Türkiyədə “təməl paraşüt”, Macarıstanda “ingilis dili”, Çexiyada “sülhməramlı əməliyyatlar üçün təlimatçı”, İsveçrədə “qış-dağ”, Rumıniyada “hərbi əməkdaşlıq və təcrübə mübadiləsi”, həmin ildə Türkiyədə keçirilən “sərbəst paraşüt”, Sloveniyada “təkmilləşdirilmiş qış-dağ” kurslarında və İordaniya Krallığında baş tutan SOFEX–2010 Xüsusi Əməliyyat Qüvvələri Sərgisində iştirak edir. O, sonuncu dəfə Pakistanda 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən 5 aylıq kurs keçir. 2019-cu ildə ordumuzun nümayəndələri Beynəlxalq Qars təlimində Anar Əliyevin rəhbərliyi ilə birincilik əldə edirlər. O, təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik yazmaq istəyirdi. Qismət olmadı.
İlk döyüş – Günnüt əməliyyatı
2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər başladı. Bu döyüşlər Azərbaycan–Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi düşdü. Anar Əliyev həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçdi. Həmin döyüşlərdə fərqləndiyinə görə, o, “Şücaətə görə” medalı ilə təltif edildi.
Zəfər tarixi yazılır: Dövlət başçısına məruzə
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən cəbhəboyu zonada əks-hücum əməliyyatlarının başlaması barədə qərar veriləndə Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda, oktyabrın 11-dən isə Qarabağda – düşmənlə üzbəüz döyüşlərdə olur.
Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənir. Xocavənd ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi azad edilir. Komandiri olduğu xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndləri azad olunur. Günbəgün azad edilən ərazilər çoxalır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlarla oktyabrın 15-də Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavəndin Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri yağı tapdağından xilas olur. Oktyabrın 16-da Xocavəndin Ağbulaq, Axullu və Xırmancıq kəndləri, 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyi açıqlanır. Həmin gün Anar Əliyev “N” saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun xüsusi təyinatlılarına yol açır. Oktyabrın 20-də Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilir. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandan İlham Əliyevə məruzə edir.
Şəhidliyə aparan “772 metr” yüksəkliyi
Anar Əliyev sonuncu dəfə Füzuli– Xocavənd istiqamətində vuruşub. Oktyabrın 21-də briqadasının iştirak etdiyi son əməliyyatlarda Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri azad edilir.
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə ciddi tapşırıq həvalə edilir. Xocavənd–Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklər, xüsusilə, “772 metr” yüksəkliyi və Xocavəndin Tuğ kəndi azad edilməli idi.
Döyüş yoldaşlarının dediklərinə görə, o, aramsız atəş nəticəsində qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulur. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, yaralı zabiti ərazidən feldşer və ya sanitar çıxarmalı olsa da, Adil Əfəndiyev israrla qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur, lakin yaxınlıqda olan qarşı tərəfin açdığı atəş Adil Əfəndiyevin ürəyini tutur, həmçinin, düşmənin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəşdən və əl qumbarası partlayışından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev oktyabrın 21-də şəhidlik məqamına ucalırlar.
Oktyabrın 23-də onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə, 1 gün sonra isə boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilir. 1 gün sonra, 2020-ci il oktyabrın 25-də izdihamla, yaylım atəşləri və Azərbaycanın Dövlət himninin sədaları altında II Fəxri Xiyabanda dəfn olunur.
İrsi və xatirəsi
Azərbaycan dövləti və hökuməti şəhidlərimizin xatirəsini əziz tutur. Şəhid Anar Əliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir. Müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə Anar Əliyevin adı verilmişdir. Real Təhlil və İnformasiya Mərkəzi “Vətən haqqı” verilişinin 1 bölümü Anar Əliyevə həsr olunmuşdur. Tərtər şəhərinin küçələrindən biri şəhidimizin adını daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Bundan başqa o, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və digər medallarla təltif edilmişdir. Ailəsi mənzil və Prezident təqaüdü ilə təmin olunub.
Anarsız günlər, aylar, illər...
Polkovnik-leytenantın iki övladı yadigar qalıb. Şəhid xanımlarını dindirmək, onların müharibəyə qədər və ondan sonrakı talelərini dinləmək ağırdır. Onların kədər dolu gözlərinə “sənsizlik” deyilən acı həyatın kölgəsi lövbər salıb. Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevanın xatirələri ilə baş-başayam:
– Anar olduqca mərhəmətli, xeyirxah, mehriban, şərəfi, namusu, mənliyi olan əsl insan, qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Ailəsi, qohumları, iş yoldaşları, dostları onunla qürur duyuruq. Anar danışırdı ki, əslində, onun arzusu hüquqşünas olmaq imiş. Amma zalım düşmənin torpaqlarımızı işğal etməsini, yanmış evləri, o zaman Tərtərə gələn yaralıları görəndən sonra düşmənə nifrətdən hərbçi olmağı seçir və 1995-ci ildə Cəmçid Naxşıvanski adına hərbi liseyə daxil olur. Həmin vaxt onlar Şəmkirdə yaşayırdılar. Şəmkirin kəndinə gün ərzində bir dəfə avtobus işlədiyindən, gediş-gəliş çətin olub. Buna görə, Anargilin ailəsi 2002-ci ilin yayında yenidən Tərtərə qayıdıb.
Mən bərdəliyəm. Ana tərəfim laçınlıdı. Babamgil də o vaxt Tərtərin Bəyimsarov kəndində məskən salıblar. Mən babamgildə məktəbə getmişəm. Yəni Anarın vaxtilə oxuduğu məktəbdə təhsil almışam. 11-ci sinifdə (2002-2003) oxuyanda məktəbə yeni müəllimlər gəldi. Anarın atası Vaqif müəllim mənə ingilis dili fənnindən dərs deyib. Xətrimi çox istəyirdi. Vaqif müəllimə çox böyük hörmətim vardı. O hərdən dərsdə oğlan uşaqlarına örnək olaraq oğlu Anardan danışardı. Görürdük ki, həmişə oğlundan qürurla danışır. Biz Anarı görməsək də müəllimin söhbətlərindən qiyabi olaraq onu ucaboylu, idmançı, ciddi xarakterə malik əsl hərbçi kimi tanıyırdıq. O zamanlar nə bilərdim ki, Anar mənim həyatımın qəhrəmanı olacaq?
– Tanışlığınız necə oldu?
– Nə tanışlıq? Mən 3-cü kursda oxuyurdum. Bayram tətilinə babamgilə gəlmişdim. Eşitdik ki, Vaqif müəllimgil mənə elçi gəlir. Düzü, bir az həyəcan keçirdim, həm də utandım. Çünki o vaxt müəllim mənim üçün əlçatmaz, müqəddəs şəxs idi. Əvvəlcə ailəm razı olmadı, çünki bir-birlərini tanımırdılar. Mənim fikrimi soruşanda razı oldum. Dedilər ki, “Axı sən oğlanı görməmisən, tanımırsan”. Dedim: “Atası yaxşı insandır, yəqin ki, oğlu da atası kimidir.” Daha demədim ki, onu atasının söhbətlərindən qiyabi tanıyıram.
2006-cı il sentyabrın 15-də toyumuz Anarın anası Səkinə xanımın doğum günündə oldu. Həmin gün Səkinə ana dedi: “Kimin oğlu anasına belə hədiyyə edər?”
– Tanımadığın insan... Tez uyğunlaşdınız?
– Əlbəttə. 14 il Anarla həyat yaşadım. Kəşfiyyat briqadası Bakıdan Salyana köçəndə 8 il orada yaşadıq. Elə bilirdim ki, “şah sarayında” yaşayıram. İndi o illərə baxanda görürəm ki, hərbi şəhərcikdə (“qorodok”) təmirsiz– qaz gəlməyən, işıq olmayan, qışda su donan evdə yaşamışıq. Kür çayının bulanıq suyunu süzüb istifadə edirdik. Amma çox xoşbəxt idik. Yüksək şəraiti, təmin olunmuş ailələrdə olmayan xoşbəxtlik vardı bizdə! Amma Naxçıvanda komandanlıq çox yaxşı şəraiti olan 3 otaqlı ev vermişdi bizə. Anar bəzən istirahət günləri evdə olanda səhər yerindən qalxıb pəncərəni açır və deyirdi: “Şükür bu günümüzə ki, belə şəraiti olan evdə qalırıq”.
2007-ci il dekabrın 13-də ilk övladımız Nigar dünyaya gəldi. Anarın sevinci yerə-göyə sığmırdı. Nigarı hədsiz çox istəyirdi. Adını özü qoydu. Qızına ilk 8 mart hədiyyəsi çəhrayı rəngdə yumşaq tüklü dovşan oldu. Nigar indi də hər axşam onu qucaqlayıb yatır… 2012-ci il sentyabrın 27-də Əli doğuldu. Həmin il bizim üçün uğurlu il idi. Anar mayor rütbəsi almışdı, Ali Hərbi Akademiyaya daxil olmuşdu. O, çox qayğıkeş ata idi. İşdən yorğun, gərgin gəlsə də bizə onu çox hiss etdirmirdi.
Nigarın çox xarakteri atasına oxşayır. Qorxmaz, məqsədli və ciddidir. Əli isə görünüş olaraq atasına çox bənzəyir, bəzi xüsusiyyətləri də atasınınkı ilə eynidir. Atası kimi rəqs etməyi, şəkil çəkdirməyi sevmir. Anar çox istəyirdi ki, uşaqlar ingilis–rus dillərini öyrənsinlər. İndi Nigar ingilis dilini yaxşı bilir. Keçən il Almaniyada 15 günlük yay, sonra Türkiyədə qış düşərgəsində oldu. Bu il qəbul imtahanı verəcək. İnşallah, istədiyi universitetə, arzuladığı ixtisasa yüksək nəticə ilə daxil olar, hamımızı sevindirər, atasının ruhunu şad edər. Arzusu hakim olmaqdır. Deyir: “Atam ədalətli, mərhəmətli idi və hər kəsə yaxşılıqlar edib. Mən də onun kimi yaxşı insan olacağam. Məhkəmədə ədaləti bərpa edən hakim olmaq istəyirəm”. Əli hələ 7-ci sinifdə oxuyur. İdmanı çox sevir. Futbolla məşğul olur. Hələ hansı peşədə olmaq istəyini qərarlaşdırmayıb. Əminəm ki, uşaqlar atalarının adına layiq olacaqlar.
– Atalar yaxşı deyiblər: “Ot kökü üstündə bitər”.
– Mən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük İdarəsində çalışıram. Mənim üçün dövlət işində işləmək, iki övlad böyütmək, ev işləri və bununla yanaşı, Anar adlı bir dərdi daşımaq çox çətindir. Amma öhdəsindən gəlməyə çalışıram. Üstəlik, həm də tələbəyəm. Bu il yenidən imtahan verdim. Azərbaycan Turizm və Menecment Universitetinin sosial iş fakültəsinə qəbul oldum.
Bu dörd ildə nə qədər çətin olsa da Anarın adına layiq addımlamağa çalışırıq. Anarın adına kitablar nəşr etdirmişik. Keçən il anım günü ilə bağlı Muğam Mərkəzində “Vətən Qəhrəmanı” adlı mahnı-klip təqdimatı etdik. Görülən işlər, atılan addımlar Anar Əliyevin adınadır. Məqsədim onu tanıtmaq və yaşatmaqdır.
Söhbətimiz bitir. Yolboyu Vüsalənin Anarın şəkillərini necə əzizlədiyi, adını necə ehtiram və ehtiyatla çəkdiyi fikrimdən çıxmır. Onun söylədikləri xəyalımda yenidən canlanır:
– Hərdən deyirlər: “Siz güclü qadınsınız”. Biz şəhid xanımları güclü durmaq məcburiyyətindəyik. Amma deyim ki, heç bir qadına bu cür güclü olmağı arzulamıram. Qadın nə qədər yüksək mənsəb qazansa da, onun hər zaman güclü ailəyə ehtiyacı var.
Deyirlər, dərd zamanla unudulur. Xeyr, dərd yaddan çıxmır, sadəcə elə dərinləşir ki, oradakı fəryadı ancaq sən eşidirsən. Mənə bu gücü verən Allahın verdiyi səbir, Anarın ruhu və qoyub getdiyi adıdır. Biz onunla qürur duyuruq.
Vüsalə doğru deyir. Dərd unudulmur. İnsan dərdə alışır, onunla yaşayır və yaşlanır. Dərdi yaşayan bilər. Bir də, dərdi bilən anlayar.
Zərifə HÜSEYNOVA
XQ