Türk dünyasının son yüz ildə qazandığı ən möhtəşəm qələbəsi olan Qarabağ Zəfərinin beşinci ildönümünü qeyd edirik. Bu Zəfər Azərbaycan tarixində təkcə hərbi uğur deyil, eyni zamanda yarım əsrə yaxın bir müddət ərzində xalqın içində yığılıb qalan ağrının, gözləntinin və ədalət axtarışının cavab tapdığı dönüm nöqtəsini təmsil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce ifadə edib.
O bildirib ki, Qarabağ Zəfəri Şuşanın daşlarına hopmuş duaların, Xocalının susmayan fəryadının, kəndindən qovulmuş yüz minlərin “bir gün qayıdacağıq” hayqırtısının bədənə bürünmüş halıdır. Döyüş meydanında qazanılan bu Zəfər əslində xalqın yaddaşına hopmuş Vətən sevgisi, səbir və sarsılmaz iradə ilə yoğrulmuş birlik ruhun təcəssümüdür. Buna görə də Qarabağ Zəfəri təkcə bir hərbi əməliyyatın deyil, bir millətin öz tarixinə bağlılığının dastanıdır.
Professor sözlərinə belə davam edib: “Strateji baxımdan Qarabağ Zəfəri Cənubi Qafqazın geosiyasi xəritəsini köklü şəkildə dəyişdirərək yeni bir regional reallıq və davamlı güc balansı formalaşdırdı. Azərbaycan 2020-ci ildə döyüş meydanında göstərdiyi hərbi bacarıqla dövlət potensialının yeni bir mərhələyə çatdığını sübut etdi. 2023-cü ildə cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə Azərbaycan Qarabağda konstitusion quruluşu tam bərpa edərək təxminən otuz illik faktiki bölünməyə son qoydu. Bu hadisə yalnız sərhədlərin deyil, həm də milli suverenliyin, kimliyin və dövlət qüdrətinin yenidən bərpası anlamına gəlir. Qarabağın yenidən qurulması və regionun ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın inkişaf baxışında strateji sıçrayış nöqtəsinə çevrildi. Buna görə də Qarabağ artıq yalnız bir Zəfərin deyil, həm də yeni bir dövlətçilik mərhələsinin mərkəzi oldu”.
Bu Zəfərin Türk dünyası baxımından mənasının isə daha geniş çərçivədə qiymətləndirilməsinin vacibliyini vurğulayan Mehmet Yüce deyib: “2020-ci ildə Türkiyə ilə Azərbaycanın nümayiş etdirdiyi siyasi birlik yalnız iki ölkənin deyil, bütün Türk coğrafiyasının strateji özünəinamını artırdı. Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik, enerji və logistika sahələrində yeni inteqrasiya perspektivləri açdı. Zəngəzurun gələcəyi, Orta Dəhlizin güclənməsi və Türk dünyasının Avrasiya məkanındakı geosiyasi çəkisinin artması birbaşa bu Zəfərin yaratdığı geostrateji impulsdan qaynaqlanır. Qarabağın azadlığı Türk dünyasının “yenidən qovuşma və diriliş geosiyasəti”nin ən mühüm dayaqlarından birinə çevrildi”.
O qeyd edib ki, Azərbaycan Zəfərdən sonrakı dövrdə intiqam, münaqişə deyil, inkişaf, regional inteqrasiya yönümlü bir siyasət yürütdü. Buna görə Azərbaycan həm müharibə, həm də sülh prosesinin aparıcı aktoru kimi regional düzənin və təhlükəsizliyin arxitekturasının formalaşmasında həlledici rol oynadı: “Müharibə boyunca göstərdiyi diqqət, mülki əhalinin hüquqlarına hörmət, döyüşləri Qarabağ ərazisindən kənara daşımaması ilə Azərbaycan ədalətli müharibə və davamlı sülh yolunu müəyyənləşdirən, həm Vətənin şərəfini qoruyan, həm də bölgəyə ümid bəxş edən bir iradənin adı oldu. Qarabağ Zəfərinin beşinci ilində ortaya çıxan mənzərə təkcə keçmişin ağrılarından xilas olmaq deyil, həm də Azərbaycanın öz taleyinin memarı kimi regional liderlik iddiasını möhkəmləndirdiyi yeni və tarixi bir dövrün başlanğıcıdır. Bu prosesdə Türkiyə–Azərbaycan qardaşlığı zamanın və coğrafiyanın hüdudlarını aşaraq regionun balansını müəyyənləşdirən və gələcəyin geosiyasətini formalaşdıran strateji bir gücə çevrildi”.

