Şəhid mayor Natiq İsmayılova həsr olunan kitab

post-img

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidi mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, kursant və zabit yoldaşları, eləcə də şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. 

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışı zamanı Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb:

“İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən tarixi bir hadisə idi. Bu müharibə xalqımızın, dövlətimizin həqiqətən necə vətənpərvər və milli ruhda olduğunun əyani sübutu idi. Çünki döyüşlərdə iştirak edən, bütün bu hadisələrin canlı şahidi olan bir şəxs kimi azərbaycanlı oğul və qızlarımızın ürəklərinin necə vətənlə bir döyündüyünü bir daha gördüm”.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, şəhidin xidmət yoldaşları- polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib, gəncləri qəhrəman şəhid və qazilərimizdən örnək olaraq Azərbaycanımızın suverenliyini əbədi qorumağa çağırıb. 

Şəhidin ailə üzvləri adından çıxış edən həyat yoldaşı Nigar İsmayılova Natiqin vətən sevgisindən danışıb, bu sevgi ilə canını qurban verdiyini deyib. Natiqin və bütün şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağına inandığını deyərək onların adının yaşadılması üçün addım atan hər kəsə təşəkkür edib. 

M.NƏRİMANOĞLU,

XQ















Sosial həyat