Zərdabda Zəfər Gününün coşqusu yaşanıb

post-img

8 Noyabr - Zəfər Günü münasibətilə Zərdabda ümumrayon tədbiri keçirilib.

XQ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Zəfər Gününə həsr edilən əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra Heydər Əliyev Mərkəzində rəsmi yığıncaq keçirilib. Yığıncaqda Azərbaycanın Dövlət himini səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi, müharibədən keçən 5 il ərzində, həm də 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri haqqında məlumat verib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini verib. Prezidentin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı müxtəlif orden və medallarla təltif edilib.

Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva qeyd edib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, sınmaz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu, 30 illik yurd həsrətinə son qoyuldu. Millət vəkili çıxışında noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan qəhrəman övladlarımıza əbədi təşəkkür borcumuzun olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin əhəmiyyətindən və xalqın dəstəyinin vacibliyindən danışıb, gəncləri bu qələbənin nəticələrini qorumağa və ölkəmizin gələcəyinə töhfə verməyə çağırıb.

Digər çıxış edənlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olunub, 30 illik yurd həsrətinə son qoyulub.

Sonra Həsən bəy Zərdabi parkında respublikanın Əməkdar artisti İlkin Əhmədovun, gənc müğənni Rəvanə Əmiraslanlının və yerli özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.









Sosial həyat