Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda bayram tədbiri olub.
XQ xəbər verir ki, Qazax şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, bu şanlı tarix təkcə hərbi qələbə deyil, həm də milli birliyin, strateji uzaqgörənliyin və dövlət idarəçiliyinin təntənəli qələbəsidir. Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsini, diplomatik çevikliyini, iqtisadi gücünü və milli ideoloji dayaqlarını möhkəmləndirərək, Cənubi Qafqazda tamamilə yeni geosiyasi düzənin əsasını qoyub.
Sonra bayram tədbiri hərbi-vətənpərvərlik mövzusunda mahnılarla davam edib.








