8 Noyabr – Zəfər günü Ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışan Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib.
Dövlət Komitəsindən XQ-yə bildirilib ki, tədbirdə çıxış edən Komitə sədri Rövşən Rzayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Qələbəyə şəxsi töhfə vermiş hər bir veteran yüksək hörmət və ehtirama layiqdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər.
Vurğulanıb ki, tarixi Zəfər uzun illər yurd həsrəti çəkən məcburi köçkünlərin doğma torpaqlarına “Böyük Qayıdış”ını təmin edib. Son beş il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla icrasında fəal iştirak edirlər.
Keçmiş döyüşçülərdən Amil Əbilov, Kənan Ələsgərov, Gəray Səfərov və digərləri çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan Bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, doğma yurd yerlərinin yenidən dirçəlməsinə sevinclə şahidlik etdiklərini vurğulayıblar.
Görüş iştirakçıları Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edərək, əldə olunmuş tarixi Qələbənin nəticələrini qoruyacaqlarını, ölkəmizin davamlı inkişafına töhfə verəcəklərini və vətənpərvərlik ruhunun cəmiyyətimizdə daha da güclənməsi üçün səylərini davam etdirəcəklərini bildiriblər.



