Azərbaycan–Qırğızıstan dostluq salnaməsinin yeni səhifələri

post-img

Türk dünyasının birlik, əməkdaşlıq və dostluq salnaməsi gündən-günə zənginləşir. Müstəqilliyini inamla möhkəmləndirən qardaş türk dövlətləri arasında tarixi əlaqələr üzərində çağdaş əməkdaşlıq davamlı olaraq intensivləşdirilir. Bu birliyi təmin edən dövlətlərarası ictimai-siyasi, elmi-mədəni münasibətlər dərinləşir və geniş miqyas alır.

Bu baxımdan Azərbaycan–Qırğızıstan əlaqələrinin yüksələn xəttlə inkişafını xüsusi qeyd etmək lazımdır. Ortaq tarixi dəyərlərin birləşdirdiyi xalqlarımız, oxşar taleli dövlətlərimiz arasında qurulan bu dostluq və qardaşlıq münasibətlərinin formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin və Ulu öndərin ən layiqli davamçısı olan Prezident İlham Əliyev kimi dünya şöhrətli siyasətçilərin, eyni zamanda, Qırğızıstanın dövlət rəhbərlərinin xidmətləri misilsizdir.

Görkəmli elm və sənət xadimlərimiz, Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov kimi Türk dünyasının şöhrət çələngini yaratmış yaradıcı ziyalılarımız da ucaltdıqları türklük məfkurəsi ilə ölkələrimizi daha da yaxınlaşdırmış, gələcək Turanın təməllərini möhkəmləndirmişlər.

Azərbaycan–Qırğızıstan qardaşlığının davamlı rəngarəng olmasında bu türk dövlətindəki sayı 20 mini ötən Azərbaycan icmasının da önəmli iştirakı var. Bişkek, Karabalta, Oş, Sokukluk və digər şəhərlərində 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim, 3 nəfər “Şöhrət” ordenli ziyalımız yaşayır və ümumi dostluğumuza samballı töhfələr verirlər. Vaxtilə bir qismi sovet sürgünləri nəticəsində, bir çoxu da talenin hökmü ilə bu torpaqlara gəlmiş azərbyacanlılar Azərbaycan-Qırğızıstan əlaqələrinin daha da möhkəmlənməsində böyük rol oynayırlar.

Soydaşlarımıza isti qucaq açmış qırğız qardaşlarımızın dostluq münasibəti onları onillərdən bəri bu torpağa möhkəm bağlayıb. Bu illər ərzində azərbaycanlılar öz dillərini, adət-ənənələrini qoruyub saxlaya bilmiş və onu bu gün də davam etdirir, zənginləşdirirlər.

Azərbaycan–Qırğızıstan əlaqələrindən danışarkən, təbii olaraq, yaxın keçmişə qayıtmaq lazım gəlir. Sovet İttifaqının dağılması dövlət müstəqilliyini qazanmış ölkələrimiz qarşısında yeni üfüqlər açmışdır.

Müstəqil dövlətlərimiz arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da yaranmışdır. İlk mərhələdə bu münasibətlərin inkişafı o qədər də yüksək səviyyədə olmamışdır. Lakin 2002-ci il aprelin 1-də Qırğızıstan Bakıda özünün fəxri konsulluğunu açmış, 2007-ci il mayın 6-da isə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 2008-ci ildə Qırğızıstanın da Azərbaycanda səfirliyi açılmışdır. O vaxtdan diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlamışdır.

Qırğızıstanla Azərbaycanın həm diplomatik, həm mədəni, həm siyasi əlaqələrinin gücləndirilməsində ümummilli lider Heydər Əliyevin danılmaz rolunu və onun bu məsələyə böyük əhəmiyyət verdiyini xüsusi qeyd etməliyik. Azərbaycan–Qırğızıstan mədəni əlaqələrinin formalaşmasında və möhkəmlənməsində hələ sovet dövründən əsərlərini maraqla oxuduğumuz, yaradıcılığı ilə öyündüyümüz böyük yazıçı Çingiz Aytmatov fenomeni doğmalıq duyğularını yüksəltmişdir.

Çingiz Aytmatov böyük sənəti və estetik idealı ilə sovet və dünya, eləcə də Azərbaycan ədəbiyyatına güclü təsir edən qüdrətli qələm sahibi idi. Onun əsərləri Azərbaycan dilinə sevilə-sevilə tərcümə olunur, məhəbbətlə oxunurdu. O dövrün ədəbiyyatçıları, xüsusilə gənc yazarlar Aytmatov əsərlərinin humanist ruhu ilə yaşayır, onun verdiyi ədəbi yönün meyarları ilə yaradırdılar. Bu baxımdan onun yaradıcılığı Azərbaycan ədəbiyyatına xeyli yenilik gətirmişdir. Çingiz Aytmatovun 85 və 90 illik yubileylərinin Azərbaycanda təntənə ilə qeyd edilməsi ölkəmizdə qardaş xalqın söz dahisinə bəslənilən hörmət və məhəbbətin təzahürüdür.

Lakin Azərbaycan–Qırğızıstan əlaqələrinin indiki yüksək səviyyəyə çatması Ulu öndərin ümumtürk birliyini formalaşdırmaqla bağlı yeritdiyi mükəmməl siyasətdən qaynaqlanmışdır. Prezident Heydər Əliyevin 1995-ci ilin avqustunda ilk dəfə “Manas” dastanının 1000 illiyi münasibətilə Qırğızıstana etdiyi səfər böyük tarixi addım olmuşdur. “Manas” dastanı ilə bağlı Ulu öndərin söylədiyi parlaq nitq bu gün də öz əhəmiyyətini itirməmiş və zaman keçdikçə onun dəyəri daha da artır.

Ümummilli lider Heydər Əliyev bildirirdi ki, “Manas” Azərbaycanda da çox sevilir, oxunur, ondan parçalar sazla ifa olunur. Eyni zamanda, “Manas” elə bir əsərdir ki, o iki xalqın ümumi dilində yazılıb. Məhz bu fikirlər bu gün “Manas” dastanının tədqiqatçıları üçün əsas istiqamətlərdən biri olmuşdur.

Ulu öndər “Manas” dastanı haqqında danışarkən onun böyük tarixi, ictimai-siyasi əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu mənəvi xəzinənin Azərbaycan və qırğız xalqlarının mənəvi dünyasını bundan sonra da zənginləşdirəcəyini, taleyində böyük rol oynayacağını və dastanda müəyyən olunmuş prinsiplərə sökənən xalqlarımızının böyük nailiyyətlər əldə edəcəyini bildirmişdir. Türk xalqlarının böyük öğlu Heydər Əliyev deyirdi ki, ayrı-ayrı sözləri, ifadələri biz başa düşməsək də ürəyimizlə bir-birimizi başa düşür və bundan sonra da başa düşəcəyik.

Ölkələrimiz və xalqlarımız arasında əlaqələr sonrakı illərdə uğurla davam etdirilmiş və müxtəlif tədbirlərdə hər iki ölkənin elm xadimləri, ziyalıları, dövlət rəhbərləri yaxından iştirak etmişlər. 2000-ci il aprel ayının 8-9-da Qırğızıstan Respublikasının prezidenti “Dədə Qorqud” dastanının 1300 illik, 2000-ci ildə Azərbaycan nümayəndə heyəti Oş şəhərinin 3 min illik yubileylərində iştirak etmişlər. 2001-ci ilin yanvarında ulu öndər Heydər Əliyev TÜRKSOY-un Daimi Şurasının iclasında iştirak etmiş Qırğızıstan nümayəndələrini qəbul edilmişdir. 2005-ci ilin dekabrında Azərbaycan və Qırğızıstanın Milli kitabxanaları arasında əməkdaşlıq müqaviləsi, imzalanmışdır. 2012-ci ildə isə dövlətlərarası turizm və mədəniyyət əməkdaşlığına start verilmişdir. Ümumiyyətlə, bu əlaqələri tənzimləyən onlarla akt uğurla yerinə yetirilir.

Ulu öndər Heydər Əliyev Türk dünyasının böyük yazıçısı və ictimai xadimi Çingiz Aytmatova hər zaman xüsusi diqqət yetirirdi. Heydər Əliyev həm keçmiş Sovetlər İttifaqının rəhbərliyində olarkən, həm də Azərbaycan Respublikasına rəhbərliyi dövründə onunla bağlı ən yüksək səviyyəli tədbirlərin keçirilməsinin təşkilatçısı və iştirakçısı olmuşdur. Heydər Əliyev Çingiz Aytmatov haqqında böyük fəxrlə, qürurla danışırdı. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov təkcə Qırğızıstanın deyil, bütün Türk dünyasının fəxridir. Ümummilli lider Heydər Əliyev Çingiz Aymatovun 75 illik yubileyini qeyd etmək barədə sərəncam vermişdir. Prezident İlham Əliyev 2008-ci ildə Azərbaycanın “Dostluq” ordeni ilə ilk dəfə Çingiz Aytmatovu təltif etmişdir.

Çingiz Aytmatov Azərbaycanda çox böyük hörmətlə anılan, xatirəsi əziz tutulan yazıçılardandır. Ulu öndər onu həm Qırğızıstanın, həm də Azərbaycanın qüruru adlandırmışdır. Təsadüfi deyil ki, 2024-cü il aprelin 26-da Bakıda Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev onunla birlikdə Çingiz Aytmatovun heykəlinin açılışını etmişdir. Xalq rəssamı Natiq Əliyev onun mükəmməl obrazını yüksək sənətkarlıqla yaratmışdır. Bu orijinal sənət nümunəsi gözəl Bakımıza həmişə yaraşıq verəcəkdir.

Həmin günlərdə Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinə də yekun vurulmuşdur. Musiqili Teatırda keçirilən təntənəli mərasimdə iki qardaş ölkənin mədəniyyət nazirləri çıxış etmiş və ikitərəfli əlaqələrin inkişafında xidmətləri olan şəxslərə, o cümlədən, qırğızıstanlı nazir Altınbek Maxsutov Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Nəriman Əbdülrəhmanlıya Qırğızıstanın medalını təqdim etmişdir.

Ümumiyyətlə, Çingiz Aytmatovun Bakıda həmişə böyük nüfuzu olub. Azərbaycan yazıçıları bu böyük sənətkarın əsərlərini Azərbaycan dilinə sevə-sevə tərcümə etmiş, onun yaradıcılığından həmişə bəhrələnmişlər. Yazıçının Bakıdakı dostları arasında İmran Qasımovun, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Elçinin, Şahmar Ələkbərzadənin, Cəmil Əlibəyovun, Hüseynbala Mirələmovun və başqalarının adları hörmətlə çəkilir. Çingiz Aytmatov haqqında bizdə bir çox dissertasiyalar yazılmış, onun yaradıcılığı hərtərəfli tədqiq olunmuşdur.

Azərbaycan–Qırğızıstan əlaqələrini möhkəmləndirilmədində tanınmış yazıçı, dramaturq, diplomat Hidayət Orucovun əməyini də vurğulamaq lazımdır. O, hələ sovet dövründən yaxından tanıdığı Çingiz Aytmatov və digər qırğız yazıçıları, şairləri, mədəniyyət xadimləri ilə səmimi münasibətlər quraraq, əlaqələrimizin gücləməsinə töhvə vermişdir.

Çingiz Aytmatovun yaxından ünsiyyət saxladığı bilavasitə əsərlərinin tərcüməsində iştirak etdiyi insanlardan biri də tanınmış yazıçımız Hüseynbala Mirələmov olmuşdur. Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilərkən Ulu öndərə məhəbbət rəmzi olaraq “Görkəmli insanların həyatı” seriyasından Hüseynbala Mirələmovun Viktor Andriyanovla onun haqqında birgə yazdığı kitabın qırğız dilinə tərcüməsi müzakirə olunmuşdur. Bu əsər 2005-ci ildə Rusiyanın “Molodaya Qvardiya” nəşriyyatında nəşr olunmuş və dünyada yayılan ən populyar nəşrlərdən biri olmuşdur. Qürurverici haldır ki, bu kitab hazırda dünyanın 49 dilinə tərcümə olunub. Xatırladaq ki, yazıçı H.Mirələmov Qırğızıstan Yazıçılar İttifaqının, həmçinin Asya-Afrika ölkələri Yazıçılar Birliyinin üzvüdür.

Bu ilin sentyabr ayında Azərbaycan Yazıçılar Birliyində keçirilən dəyirmi masadan sonrakı və digər görüşlərdə Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq, bu kitabın tezliklə tərcümə olunması və oxuculara çatdırılması nəzərdə tutulmuşdur. Kitabın tərcüməsini Qırğızıstan Yazıçılar Birliyinin sədri Xanıbek İmanəliyev həyata keçirəcəkdir. O, vaxtı ilə rəhbər vəzifələrdə çalışmışdır və hazırda Qırğızıstan Yazıçılar Birliyinə rəhbərlik edir. Yazıçı Azərbaycan ədəbiyyatının öyrənilməsində, təbliğində, eyni zamanda qırğız dilinə tərcümə olunmasında böyük işlər görmüşdür.

Bu ilin aprel ayında Bakıda Qırğızıstan prezidentinin dövlət səfəri zamanı və sonra davam edən tədbirlərdə iki dövlətin elm, mədəniyyət xadimləri, yaradıcı ziyalıları qarşılıqlı əlaqələri geniş müzakirə etmiş, ortaq dəyərləri qorumaq və inkişaf etdirmək barədə razılığa gəlmişlər. Bunlardan biri də “Divanü lüğat-it-Türk” abidəsinin 950 illik yubiliyenin UNESCO səviyyəsində keçiriməsində yaxından iştirak etməkdir.

Çingiz Aytmatovun yaradıcılığı ilə yanaşı, Qırğız ədəbiyyatının digər nümunələri də Azərbaycan dilinə tərcümə olunub, yayılmaqdadır. Bütün bunlar Azərbaycan–Qırğızıstan əlaqələrinin daha da genişlənməsinə kömək edir. Azərbaycan ortaq Türk mədəniyyətlərinin formalaşmasında aparıcı rol oynayan türk dövlətlərindən biridir.

Çingiz Aytmatovun “XXI əsrin lider etalonu” adlandırırdığı Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə, onun tapşırıq və tövsiyələrinə uyğun olaraq Qırğızıstan–Azərbaycan əlaqələri bundan sonra da dinamik inkişaf edəcək və xalqlarımız arasındakı qardaşlıq münasibətləri gündən-günə möhkəmlənəcəkdir.

İsrafil QURBANOV,
Rövşən AĞAYEV

Siyasət