Köhnə elitanın yeni avantürası

post-img

Radikal müxalifət Koçaryanın rəhbərliyi ilə təxribatçı alyans formalaşdırır

Ermənistanda Azərbaycanla sülhün əldə olunmasına qarşı çıxan, revanşist düşüncələrlə yaşayan müxalifət qüvvələri siyasi gərginlik yaratmaq cəhdlərini artırıblar. Hakimiyyətlə mübarizə adı altında səsləndirilən bəyanatlar və çağırışlar, əslində, ölkədə sabitliyi pozmağa yönəlmiş addımlar kimi qiymətləndirilir. Radikal ritorika və davamlı təxribat xarakterli təşəbbüslər göstərir ki, müxalifət konstruktiv siyasi fəaliyyət göstərməkdən uzaqdır, daha çox qarşıdurma mühiti formalaşdırmağa çalışır.

Yaxınlaşan parlament seçkiləri isə qarşıdurmanın miqyasını daha da genişləndirir. Bu istiqamətdə “Hraparak” qəzetinin yazdıqları diqqəti cəlb edir. Nəşr bildirir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın komandası genişmiqyaslı tədbir hazırlayır. Ehtimal olunur ki, toplantı martın 16-da Karen Dəmirçyan adına idman-konsert kompleksində keçiriləcək. Həmin gün iyunun 7-də keçiriləcək seçkilərdə Koçaryanın rəhbərlik edəcəyi alyansın elan olunacağı gözlənilir. Qəzetin məlumatına görə, alyansa iki siyasi qüvvə daxil olacaq: Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” və Eçmiədzin şəhərinin meri vəzifəsinə namizəd Sevak Xaçatryanın rəhbərlik etdiyi sağ mərkəzçi “İrəli” partiyası: “Bu seçkilərdən əvvəl alyanslar üçün seçki baryeri 7 faizdən 8 faizə qaldırılsa da, ikinci prezidentin komandası bu həddi aşacaqlarına və hətta onu üstələyəcəklərinə şübhə etmir. Hökumət və onun təbliğatı ilə məşğul olan media isə israrla əksini iddia edir”. Qeyd olunur ki, alyansın ilk üç pilləsində 2021-ci ildə olduğu kimi, yenə eyni şəxslər yer alacaq – Robert Koçaryan, İşxan Saqatelyan və Anna Qriqoryan. “Keçən dəfə siyahıda dördüncü yeri “Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan tuturdu. Bu dəfə isə böyük ehtimalla həmin yerdə Sevak Xaçatryan qərarlaşacaq”, – “Hraparak” yazır.

Göründüyü kimi, yaxınlaşan parlament seçkiləri fonunda siyasi səhnədə yenidən köhnə fiqurların fəallaşması müşahidə olunur. Azərbaycana qarşı 1980-ci illərin sonlarından başlayan qanlı etnik təmizləmə prosesinin fəal iştirakçısı, Xocalı cəlladı, hazırda isə Qarabağ klanının aparıcı şəxsi olan R.Koçaryanın ətrafında formalaşan düşərgənin yeni alyans yaratmaq planları məhz bu prosesin tərkib hissəsi kimi təqdim edilir. Lakin bu cəhdlərə diqqətlə baxdıqda onların daha çox əvvəlki siyasi təsiri bərpa etmək arzusundan qaynaqlandığı görünür. Uzun illər hakimiyyətdə olmuş və ölkənin bugünkü problemlərinin formalaşmasında birbaşa rol oynamış qüvvələrin yenidən səhnəyə çıxması cəmiyyətdə birmənalı qarşılanmır. Koçaryan komandasının martın 16-da genişmiqyaslı toplantı keçirməyə hazırlaşması və seçkilərdə iştirak edəcək alyansı elan etmək niyyəti, əslində, seçki öncəsi fəallığın bir nümunəsidir. Lakin bu cür tədbirlər siyasi reallığı dəyişdirməyə yetərli deyil. Çünki Ermənistan cəmiyyətinin böyük hissəsi artıq illərdir davam edən siyasi qarşıdurmalardan və radikal çağırışlardan yorulub. Ölkə daxilində sosial-iqtisadi problemlər, təhlükəsizlik məsələləri və regionda cərəyan edən məlum proseslər fonunda ermənilər daha çox sabitlik və praqmatik yanaşma gözləyirlər.

Məhz bu səbəbdən radikal müxalifət düşərgəsinin yenidən köhnə şüarlarla meydana çıxması geniş ictimai dəstək qazanmaq baxımından inandırıcı görünmür. Koçaryanın ətrafında toplaşan qüvvələrin ritorikasında tez-tez sərt ittihamlar və emosional çıxışlar üstünlük təşkil edir. Bu isə konstruktiv siyasi gündəm yaratmaqdan çox, cəmiyyətdə gərginliyi artırmağa hesablanmış addımlar kimi qiymətləndirilir. Halbuki Ermənistanın indiki mərhələdə ehtiyac duyduğu əsas məsələ daxili qarşıdurmanı dərinləşdirmək deyil, siyasi mühitdə müəyyən sabitliyin qorunmasıdır.

Diqqətçəkən başqa məqam isə siyahının yenə, demək olar ki, eyni simalardan ibarət olmasıdır. 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində ön sıralarda yer alan şəxslərin bu dəfə də dəyişmədən qalması göstərir ki, müxalif düşərgə yeni ideyalar və yeni liderlər ortaya çıxarmaqda çətinlik çəkir. Bu isə seçicilərin gözündə həmin qüvvələrin cazibəsini xeyli azaldır. Çünki cəmiyyət artıq köhnə siyasi fiqurların hakimiyyət uğrunda növbəti mübarizəsini deyil, real problemlərin həllinə yönəlmiş yanaşmalar görmək istəyir. Bütün bunları nəzərə aldıqda Koçaryanın rəhbərlik edəcəyi alyansın seçkilərdə ciddi uğur qazanacağı barədə iddialar daha çox siyasi bəyanat təsiri bağışlayır. Seçki baryerinin aşılacağı ilə bağlı səsləndirilən optimist fikirlər hələlik real ictimai dəstəkdən çox, tərəfdarları ruhlandırmaq məqsədi daşıyır. Mövcud şəraitdə radikal xətt üzrə qurulan kampaniyanın geniş seçici kütləsini cəlb edəcəyi isə o qədər də inandırıcı görünmür. Ermənistan cəmiyyətinin mühüm hissəsi artıq keçmişin siyasi mübahisələrinə qayıtmaqdansa, daha sabit və real gələcək axtarışına üstünlük verir. Bu reallıq isə radikal düşərgənin gözlədiyi nəticələri əldə etməsini xeyli çətinləşdirir.

***

Bu arada Koçaryan dövrünün xarici işlər naziri, revanşist düşərgənin daha bir “görkəmli nümayəndəsi” Vardan Oskanyan dilə gəlib. O, özünün “Facebook” səhifəsində Baş nazir Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı ilə bağlı tənqidi status paylaşıb. Oskanyan Paşinyanın çıxışını absurd və utancverici adlandırıb: “Dövlət sükanı arxasında dayanan şəxsin diplomatiyanın, xarici siyasətin və sözün dəyərinin nə olduğunu, azacıq da olsa, anlamadığı təqdirdə müharibələrin və sonrakı fəlakətlərin, “dqr”ın boşalmasının, Ermənistanın suveren ərazilərinin “işğalının” (?) və Azərbaycanın bütün şərtlərinə itaətkar razılığın qaçılmaz olduğunu hələ də anlamayanlara, sadəcə, Paşinyanın çıxışının, heç olmasa, bir hissəsini dinləməyi tövsiyə edirəm. Avropa Parlamentinin tribunasında çıxış edən şəxs deyir ki, Erməni Apostol Kilsəsinin yepiskopları ona məlum olan hansısa ruhani qaydaları pozublar, onun sülhünü dağıtmaq istəyirlər. Əgər belə bir nitqin zalda əyləşənlərdə hansı absurd – ən yaxşı halda gülünc, ən pis halda isə utancverici – təəssürat yarada biləcəyini təsəvvür edə bilmirsinizsə, mən də bunu sözlərlə ifadə edə bilmərəm. Bu adam 2018-ci ildən bəri nə Qarabağ üzrə danışıqlar prosesində, nə müharibədən əvvəl, nə müharibə zamanı, nə də ondan sonra və bu günə qədər nəyin deyilməli, nəyin isə deyilməməli olduğunu, səndən nə gözlənildiyini, kimin üçün nəyin əhəmiyyətsiz olduğunu, nəyin isə sənin zəifliyini, savadsızlığını, qorxularını və açıq-aşkar səfehliklərini üzə çıxardığını hələ də anlamayıb. Ermənistanın niyə belə vəziyyətə düşdüyü sualının cavabı məhz bu sadə reallıqda gizlənir”.

Bu gün Oskanyan çox söz deyə və yaza bilər. Amma onun Paşinyanın AP-dəki çıxışı ilə bağlı səsləndirdiyi ittihamlar, əslində, köhnə siyasi elitanın uzun illər davam edən ritorikasının növbəti təzahürüdür. Koçaryan dövrünün əsas simalarından birinin bu gün “diplomatiya dərsi” keçməyə çalışması ən azı ironik görünür. Məhz onun təmsil etdiyi siyasi çevrələrin illərlə apardığı avantürist siyasət regionu qarşıdurma və müharibə dalanına sürükləmişdi. Bu gün həmin qüvvələrin məsuliyyəti öz üzərlərindən ataraq bütün problemləri yalnız indiki hakimiyyətin üzərinə yükləməyə çalışması siyasi manipulyasiyadan başqa bir şey deyil. Revanşist düşərgənin nümayəndələri hələ də reallığı qəbul etmək əvəzinə emosional ittihamlar və sərt bəyanatlarla gündəmdə qalmağa çalışırlar. Halbuki Ermənistan cəmiyyətinin qarşısında duran əsas məsələ keçmişin üslubunu yamsılamaq deyil, regionda formalaşan yeni reallıqlarla barışmaq və daha rasional siyasət yürütməkdir.

Səxavət HƏMİD
XQ

Siyasət