Ölkəmiz kağız üzərində olanlar naminə olmayanları da edir
“İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir”. Bu fikri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısının sülh xüsusunda dilə gətirdiyi digər fikirlər də var ki, yazımızda, eyni zamanda, onların üzərində dayanacaq, habelə A.Koştanın vurğuladığı ayrı-ayrı məqamların təhlinini aparacağıq.
Bəli, Azərbaycan Ermənistanla sülhə təkcə ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə kontekstindən yanaşmır. Prezident İlham Əliyev də vurğuladı ki, bəzən sənədlər uzun müddət kağız üzərində qalır. Deməli, əsas olan xoş niyyətdir və ölkəmiz məhz bunu göstərməkdədir.
Dövlətimizin başçısı A.Koşta ilə mətbuata bəyanatında Azərbaycanın xoş niyyətinin təzahürü sayılan məqamları da açıqlayıb. O məqamları ki, onlar rəsmi Bakının barış gündəliyinə məxsusilik gətirmək əzm və iradəsinin göstəriciləridir. Söhbət Ermənistanla ticarətin başlanmasından gedir. O prosesdən ki, onun ayrı-ayrı detalları həyati əhəmiyyətə malikdir.
Məsələn, Azərbaycanın Ermənistana neft məhsullarının ixracına başlamasından sonra ikincinin benzin bazarında qiymət azalması müşahidə olundu. Nəzərə alaq ki, son dövrlər dünyanın heç bir yerində belə hal qeydə alınmayıb. Deməli, Ermənistan cəmi 7 ay sülh şəraitində yaşamağın faydasını görməyə başlayıb. Ümid var ki, Azərbaycan da tezliklə real sülhün təkcə mənəvi deyil, habelə, daha praktik dividendlərini hiss edəcək. Hərçənd, onu da bildirək ki, Ermənistan, hələlik, sülhün qarşılıqlı fayda trayektoriyasına töhfə baxımından irəli sürülməsi mümkün olan hansısa əlahiddə ticarət məhsulu üstünlüyünə malik deyil. Hər halda, nikbinlik naminə ölkənin bu baxımdan fərqlənəcəyinə inanaq.
Amma Prezident İlham Əliyev fikirlərində fərqləndirmə aparmır, kompleks yanaşır. Ona görə dövlətimizin başçısının sülh şəraitinin faydaları baxımından irəli sürdüyü fikirlər barışın ümumi mənfəətləri kontekstində qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bu fikirləri də həmçinin: “Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq”.
Qeyd edək ki, ölkəmizin lideri Aİ Şurasının Prezidenti ilə məbuata birgə bəyanatında 2023-cü ilin sentyabrından, yəni Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustuna – Vaşinqtonda sülhə nail olunmasınadək olan müddətin azlığını da xatırladıb. Hesab edirik ki, bu xatırlatmanın özündə mesaj yükü var. Yəni, qısa müddətdə bu qədər işlər görülürsə, deməli, perspektivin daha ürəkaçan olacağını düşünmək mümkündür. Amma bunun üçün hər iki tərəfin fəallığı önəmlidir. Dövlətimizin başçısının vurğuladığı, başqa sözlə desək, özündə mesaj yükü daşıyan başlıca məqam da elə budur: “Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz”.
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl obrazlı qiymətləndirilə biləcək bəyanatla çıxış etmişdi. Onun sözlərindən belə qənaət hasil olmuşdu ki, hazırda regionda qərarlaşmış sülh balaca uşaq kimidir və ona daimi qayğı göstərilməsinə ehtiyac var. Əslində, erməni hökumət rəhbərini haqlı saymaq mümkündür. Yuxarıda bu qayğının ikitərəfli olmasının zəruriliyindən söz açdıq. Eyni zamanda, Azərbaycanın, belə demək mümkünsə, sülhə diqqət və qayğı ilə bağlı həyata keçirdiyi fəaliyyətin ayrı-ayrı detalları üzərində dayandıq. Onu da nəzərə alaq ki, iki gün əvvəl Ermənistana Azərbaycan vasitəsilə Rusiya taxılının növbəti hissəsi çatdırılıb. Yəni ölkəmiz barış mühitinin möhkəmlənməsi naminə səylər göstərir. O səylər ki, əslində, sülhün iqtisadi əsasları baxımından son dərəcə vacibdir və onlardan barışın dayanıqlılığı asılıdır. Bəs bu kimi məsələlərə dünyanın münasibəti necədir? Suala cavab vermək üçün Aİ Şurası Prezidenti A.Koştanın Bakıda mətbuata bəyanatında səsləndirdiyi fikirlərin üzərində dayanaq.
Əvvəla, Antoni Koştanın Prezident İlham Əliyevin bildirdikləri ilə həmrəyliyini ifadə edən bir fikrinə diqqət yetirək. O deyib ki, təmsil olunduğu qurum “həqiqi sülhün təkcə siyasi razılaşmalar, Sizin dediyiniz kimi, kağız üzərində yox, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu” bilir. Elə buna görədir ki, Aİ Şurasının Prezidenti, həmçinin, vurğulayıb ki, “Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır”.
Əlbəttə, dəstək yalnız bəyanatlar və açıqlamalar şəklində olmamalıdır. Habelə, dəstək tərəflərdən hansısa birinin daha əsas götürülməsi anlamı daşımamalıdır. Hərçənd, son dövrlər Aİ-nin Ermənistan prioritetinin mövcudluğunu təsdiqləyən müəyyən elementlər diqqətimizdən yayınmır. Bu elemetlərin çox zaman ölkənin Cənubi Qafqazda anti-Rusiya qalası kimi təqdimatına hesablandığı da həmçinin. Belə yanaşma sülhün əsl obrazından kənardır.
Avropada və dünyada kimlərsə Ermənistanı qorumaq və ya möhkəmləndirmək fikrindədirlərsə, bunu məhz barış mühitinə xas gündəlik çərçivəsində həyata keçirməlidirlər. Axı A.Koşta da bildirir ki, “Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir”.
Sonda bir daha qeyd edək ki, dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz formulu Azərbaycanın yaratdığı reallığın, irəli sürdüyü sülh gündəminin davamlılığından asılıdır. Bu məqamı Prezident İlham Əliyev dəfələrlə vurğulayıb və dövlətimizin başçısının mövcud xüsusdakı fikirləri konkret fəaliyyət istiqamətləri baxımından praktik əhəmiyyətə malikdir. Təkcə Aİ deyil, ümumən, “köhnə qitə”nin və dünyanın bütün mütərəqqi təşkilat və təsisatları bunu nəzərə almalıdırlar. Eləcə də onların Ermənistanla münasibətləri də sadaladıqlarımız məqamların əsas götürülməsi ilə qurulmalıdır. Çünki ölkənin hazırkı təlatümlü dünyadakı yeganə xilas yolu məhz sülhdür.
Ə.CAHANGİROĞLU
XQ

