Bakıdan sülh və əməkdaşlıq mesajı

post-img

Azərbaycan regionun iqtisadi gücü kimi təkcə Avropaya uzanan enerji körpüsü rolunu oynamır. Eyni zamanda müxtəlif münaqişələrin və qlobal problemlərin müzakirə edildiyi, həlli yollarının araşdırıldığı, mədəni müxtəlifliyin qorunmasına töhfə verən mühüm ölkə kimi çıxış edir. Bakı uzun illərdir humanizm və dialoq ideyalarını təşviq edərək beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir. Bu baxımdan bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirə olunduğu qlobal forumların Bakıda keçirilməsi təsadüfi deyil. 

Azərbaycan müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma, sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən nadir məkan kimi yenidən dünyanın diqqət mərkəzinə düşdü. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu bu dəfə keçid dövründə olan dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması və qlobal dialoqun gücləndirilməsi məqsədinə xidmət edirdi. Zorakılıq, təhdidlər, münaqişələr, fikir ayrılıqları və humanitar böhranların yaşandığı bir dövrdə Bakı Forumu dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platforma kimi özünü bir daha təsdiqlədi. Dünyanın müxtəlif regionlarından gəlmiş siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər qlobal problemlərin müzakirəsi, ortaq həll yollarının tapılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar.

Forumda çıxış edən dövlət başçısı sülh və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq bildirdi ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələlərdən biri olub və ölkə uzun illər ərzində sülhün və sabitliyin təmin olunmasına xüsusi diqqət yetirib. Regionda sülh mühitinin formalaşması əməkdaşlıq və qarşılıqlı anlaşma üçün yeni imkanlar yaradır.

Dövlət başçısı qeyd etdi ki, sülh və sabitliyin təmin olunması güclü siyasi iradə, qarşılıqlı hörmət və dialoq nəticəsində mümkün olur. Bu baxımdan iki ölkə arasında münasibətlərin normallaşması regionda uzunmüddətli sabitliyin qurulmasına töhfə verir. Sülhün real həyatda təmin olunması isə regionda təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı Prezident enerji təhlükəsizliyi məsələsinə də toxunaraq bildirdi ki, bu sahə artıq ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan neft, qaz, elektrik enerjisi və digər enerji məhsullarının istehsalı və ixracı ilə beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir və bir çox ölkələrin enerji təminatına töhfə verir. Eləcə də nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır və bu istiqamətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu layihələr region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə və tranzit imkanlarının artmasına xidmət edir.

Beləliklə, qlobal problemlərin həlli yollarını araşdıran beyin mərkəzləri üçün Bakı Forumu yaddaqalan və alternativ platforma rolunu oynadı. Bakı bir daha beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edərək dünyada sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində açıq və məhsuldar müzakirələrin mərkəzinə çevrildi. Sirr deyil ki, Forum konkret əməkdaşlıq layihələrinin və uzunmüddətli strateji təşəbbüslərin başlanğıcı kimi dünyanın xilası üçün ümidverici nümunə yaradır. Bu nümunənin müəllifi isə Azərbaycan lideridir və regional, eləcə də qlobal səviyyədə sülhün təşviqinə töhfəsini verir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Sosial həyat