Ağaclar yolboyu əsgər sırasına bənzəyirdi. Bir çiçəkli, kəpənəkli yaz günü bu əlvan cərgə əl-ələ tutub yolumu kəsdi. Onda bir günah elədim. Bənövşələr boynunu yerə əyəndə özüm də bilmədən körpəliyimin yaz yaşıdı çiçəkləri çığnayıb keçdim...
Uşağıydım, bilmədim. Kövrəldim, gözlərim doldu. Bənövşələrin qarşısında diz çöküb üzr dilədim. Dedim ki, günahsız qəlbimin keçin günahından. Öz-özümə təsəlli də verdim və düşündüm ki, bənövşədir, bir bitib, dönüb bir də bitər.
Tanrının hikmət duyğuları narın yağmur kimi yağdı. Buludların yükü boşaldı. Çöldə bitən bənövşələrlə mürgülü qönçələr görüşdü. Torpaqdan ilğım kimi isti bir səs, ilıq bir nəfəs gəldi. Torpaq oyandı. İlahi, torpaq olmağın nə böyük hikməti varmış?! Elə ki, torpağın canı qızdı, toxum pöhrə verdi.
Bir-birini qovub gedən fəsillər içində yaz mehi mələk nəfəsi kimi könlümə sığal çəkdi. Onda anladım ki, canda Tanrı sevgisi, torpağa məhəbbət olanda insanın qəlbində ilahi bir gözəllik yaranır. İnsan ilahi qanunlar nizamı ilə yaşayır.
Analı dünyamda torpağın qucağında yaşıl yarpaq kimi, toxumdan cücərən pöhrə ümidlərlə yaşayırdım. Kəndimizin baş qalası, yurdumuzun zirvə nişanı Gözəldağın arxasından doğan Günəş də lap körpəliyimdən mənə doğma idi. Həmişə ürəyimə nur çiləyən Günəşə tərəf can atırdım.
... Ailəmizin qayğıları çox idi. Hər səhər Günəşdən tez oyanan anamın qayğıları başından aşırdı. Qayğılar içindən keçə-keçə ağlımın, hissimin gözü ilə dünyanı dərk etməyə başlayırdım. Uzaq üfüqlər arxasında mənəvi yüksəlişə doğru gedən yollar görürdüm.
Torpaq üzərində çəkilən zəhmət ocağımıza həmişə ruzi-bərəkət gətirirdi. Ata-anamın gündəlik zəhməti yaz, yay, payız torpağa bağlı olurdu. Payızın son ayında çəpərimizdəki ceviz ağacından tökülən şıldırların üstü qırov bağlayırdı. Torpağa qırov düşəndən sonra qış qayğıları gəlirdi. Qışdan sağ-salamat çıxanda, yaz günləri yaxınlaşanda arzularım torpaqda toxum kimi cücərməyə başlayırdı. Ruhum bədəndən oynayırdı. Torpağa qanım qaynayırdı. Mən o ruh halımla dağların qoynunda, ata-anamın min bir zəhmətlə qazandığı halal çörəklə böyüyürdüm.
Onlar mənə görə, böyük əzab-əziyyətə qatlaşırdılar. Kəndimizin gözəl təbiətinə xas olan güneylərin xınalı daşlarından gətirib həyətimizdəki çala-çuxurların üstündə xalı kimi naxış vururdular. Ocağımızı gur yandırmaq üçün üstünü mamır basmış odunları meşədən yığıb gətirirdilər. Mamırlı odunların gözünə çırpı qatırdılar. Evimizin bacasına qırovdan ağ pərdə çəkiləndə buxarıda ocaq çatırdılar.
Ata-anam ocaqbaşı söhbətləri ilə məni əzizləyəndə könlüm isinirdi. Məni çox istəyirdilər. Üstümdə çox əsirdilər. Onların yeganə ümidi və dayağı mən idim. Atamın dilində adım özgə bir nəvazişlə səslənirdi. Kəndimizdə məndən başqa Həzi yox idi. Atam Aslan bu adı II Cahan savaşından, od-alovun içindən xalqımızın adını ucalara qaldırmış Sovet İttifaqı Qəhramanı Həzi Aslanovun adını yaşatmaq üçün “gətirmişdi”. Anam məni yaşatmaq üçün öz ömründən kəsib ömrümə calayırdı. Bunun səbəbini soruşanda gözəl sözlər söyləyirdi. Deyirdi ki, var-dövlət könül açır, övladın sevgisi, sevinci isə ömrümüzə nur saçır.
Anam ruhən torpaqla nəfəs alır, torpaq eşqi ilə yaşayırdı. Ağlım kəsəndən, torpağın qoynunda son mənzilə köçənədək anamı torpaqla ortaq olan gördüm. Bir gün də torpaqdan-torpağa güzar etdi. Mən onda bildim ki, həyat nədir, ölüm nə. Hər dəfə qəbrini ziyarət edəndə anam yatan o torpağın üzündən öpürdüm.
Anam ömrünü mənə bağışlayandan sonra, bu dünyadan təmiz addan başqa heç nə aparmadı. Onun yoxluğundan sonra könlümün yaz Günəşi göynədi. Anamın arzularının heç yarısını da yarıda bilmədim. Yorulub-usanmadan, rüzgara dönüb başqa səmtə əsdim. Ömrümü şəhərlərə bağlayanda gördüm ki, heç kim anam yatan torpaq kimi, könlünün qapısını üzümə açmır.
Bir yandan da anamdan əmanət və zəmanət kimi qalan torpağa dinsiz-imansız qonşu göz dikir, zəbt etmək istəyirdi. İmanı olan kəs heç vaxt başqasının haqqına girməz. Nə yaxşı ki, ilahi ədalət varmış. Yoxsa, narahatlıq duyğusu məni tərk etməzdi.
Günəşin torpağa nur çiləyən kəhraba telləri məni yenidən o doğma yerlərə bağladı. Torpağın keşiyində durmağa, becərməyə və sulamağa başladım. Əkdiyim bar verdi, səpdiyim bitdi, torpaq gül açdı. Mən onda gördüm ki, ana yurdun bərəkətli torpağında, saf havasında, lilparlı suyunda nə hikmət varmış:
Nə varmış suyunda, otunda sənin–
Qaynayıb üstündə, altında sənin
Süzülüb axdıqca damarlarımda
Nə yerə sığıram, nə göyə belə.
Belə çağlarımda, ey ana torpaq,
Sevgimi hər kəslə bölə bilərəm,
Uğrunda baş qoyub ölə bilərəm,
Bircə qarışını bölmərəm ancaq!
...Ömürdən ötən günlərin, həftələrin heç biri o birinə bənzəmir. Ta qədimdən gələn Novruz çərşənbələrinin adları kimi. Kərəm kimi yanan tonqala, göz yaşı kimi axan saf sulara, Tanrı dağlarından əsən Qumru səsli yellərə and olsun ki, qarşıdan gələn çərşənbə torpaq ətirlidi. Yazın ətrini gətirir torpaq çərşənbəsi. Qarşıdan gələn torpaq çərşənbəniz mübarək!
Həzi HƏSƏNLİ,
şair-publisist

