Yuxunuz şirin olsun!

post-img

13 Mart Ümumdünya Yuxu Günüdür

Gecə düşəndə dünya sanki bir anlıq nəfəsini dərir. Günboyu qayğı və tələskənliklə yaşayan şəhərlər sakitləşir, küçələrin səs-küyü azalır, pəncərələrdə işıqlar bir-bir sönür. İnsan isə fərqinə varmadan həyatın ən sirli və vacib aləmlərindən birinə – yuxunun səssiz dünyasına daxil olur. Bu dünya, sadəcə, istirahət deyil, o, insanın fiziki və mənəvi gücünü bərpa edən, sabahın enerjisini hazırlayan təbii bir möcüzədir.

Sağlam yuxunun əhəmiyyətini xatırlatmaq məqsədilə dünyada hər il mart ayının üçüncü cümə günü Ümumdünya Yuxu Günü kimi qeyd olunur. 2026-cı ildə həmin gün martın 13-nə təsadüf edir. İlk dəfə 2008-ci ildə Dünya Səhiyyə Təşkilatının qərarı ilə təsis edilən bu günün əsas məqsədi cəmiyyətin diqqətini sağlam yuxunun əhəmiyyətinə yönəltmək, yuxu pozuntularının yaratdığı problemlər barədə məlumatlılığı artırmaqdır. Elmi araşdırmalar göstərir ki, insan ömrünün, təxminən, üçdəbir hissəsi yuxuda keçir. Bu müddət ərzində bədən, sadəcə, istirahət etmir. Yuxu zamanı beynimiz gün ərzində topladığı məlumatları emal edir, yaddaş möhkəmlənir, sinir sistemi dincəlir, immun sistemi güclənir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yuxu çatışmazlığı diqqətin zəifləməsinə, yaddaş problemlərinə, depressiya riskinin artmasına və ürək-damar xəstəliklərinin yaranma ehtimalının yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, sağlam insan üçün gündə orta hesabla 7–9 saat yuxu normal hesab olunur. Yeni doğulan körpələr isə günün 14–17 saatını yuxuda keçirirlər ki, bu da onların beyin və bədən inkişafı ilə bağlıdır.

Tarix boyu bir çox görkəmli alim və yaradıcı şəxslər də yuxunun əhəmiyyətini vurğulayıblar. Məşhur fizik Albert Eynşteyn gündə, təxminən, 10 saat yatmağı üstün tuturdu və hesab edirdi ki, yaxşı istirahət aydın düşüncənin əsas şərtlərindən biridir. Bəzi elmi ideyaların və yaradıcı tapıntıların məhz yuxudan sonra meydana çıxması bunun təsadüfi olmadığını göstərir.

Lakin müasir həyatın sürətli ritmi, texnologiyaların geniş yayılması və gecə saatlarında telefon, kompüter və digər elektron cihazlardan istifadə insanların yuxu rejiminə mənfi təsir göstərir. Bu isə yuxusuzluq problemini daha da artırır.

Həkim-nevroloq Aynurə Usubova sağlam yuxu üçün bir neçə sadə qaydanın vacibliyini qeyd edir: Gecə vaxtında yatmaq, yatmazdan əvvəl elektron cihazlardan uzaqlaşmaq, sakit və rahat mühit yaratmaq, eyni saatlarda yatıb-durmağa çalışmaq. Yuxudan əvvəl alkoqol və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata yaxın vaxt keçməlidir. Bu sadə vərdişlər insanın həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərir.

A.Usubova pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edir. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssis bildirir ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

Nevroloqun sözlərinə görə, ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Onun fikrincə, normal yuxu müddəti gündə 7-8 saat təşkil etməlidir. Qadınların emosional olduğuna görə onlara daha çox yuxu lazım olduğunu hesab edən Aynurə həkim deyir ki, uşaqlar isə orqanizmin normal fəaliyyəti üçün sutkada ən azı 10 saat yatmalıdırlar. Onun sözlərinə görə, tam normal yuxu onlarda diqqətsizlik təzahürlərini azaltmağa və davranışı yaxşılaşdırmağa kömək etdir.

Sağlam yuxu – sağlam düşüncə, sağlam bədən və sağlam həyat deməkdir. Gecənin sakitliyində qazandığımız bu görünməz güc insanı yeni ümidlərə, yeni ideyalara və yeni uğurlara aparan ən etibarlı dayaqlardan biridir.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat