Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfərə yola düşüb. Bu barədə XQ-yə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvəti ilə gerçəkləşdirilən səfərin əsas məqsədi 2026-cı il martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı keçiriləcək referendumu izləməkdir.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Qazaxıstanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə əlaqədar müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Azərbaycan Mərkəzi Seçki Komissiyası Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun müşahidəsində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də təmsil olunur. Belə ki, Komissiyanın digər nümayəndələri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və Müstəqil Dövlətlər Birliyi missiyalarının tərkibində sözügedən referendumun müşahidəsində iştirak edirlər.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə referendum prosesini müşahidə edəcəklər.
XQ

