“Startap” şəhadətnaməsi almaq üçün kiçik və orta biznes subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub. Həmin müraciətlərə qurumun Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da ölkəmizdə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.
“Startap” şəhadətnamələri “İmza İdea Lab” MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, “Baysart” MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, “NM Soft” MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, “SALAMXPERT” MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, “AL Digital” MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, “TTC Service” MMC-nin “VmV App” brendi altında VPN servis xidməti, “Narchin” MMC-nin rəqəmsal yük daşıma platforması, “RR Company” MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
XQ

