Bu marşrut ölkəmizə 3 milyard dollar tranzit gəliri vəd edir
“Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır”. Bu fikirləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda səsləndirib. Ölkə başçısı bildirib ki, indi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır.
Qeyd edək ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika sistemində mövqeyini gücləndirmək məqsədilə böyük infrastruktur layihələrinə ciddi investisiyalar yatırır. Bu investisiyalar əsasən Avrasiyanın ən mühüm tranzit marşrutları hesab olunan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb dəhlizlərinin inkişafına yönəlib. Həyata keçirilən layihələr dəmir yolu xətlərinin modernləşdirilməsi, limanların genişləndirilməsi, logistika mərkəzlərinin yaradılması və yeni nəqliyyat marşrutlarının formalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.
Şərq-Qərb istiqaməti, daha çox Orta Dəhliz kimi tanınan beynəlxalq nəqliyyat marşrutu Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirir. Bu marşrutun inkişafında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Ölkə ərazisində həyata keçirilən əsas layihələrdən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və genişləndirilməsidir. Hazırda limanın illik yükötürmə qabiliyyəti, təxminən, 15 milyon ton təşkil edir və gələcək mərhələdə bu göstəricinin 25 milyon tona çatdırılması planlaşdırılır.
Orta Dəhlizin digər mühüm elementi isə Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu marşrut Asiya ilə Avropa arasında yük daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradır. Aparılan modernləşdirmə işləri nəticəsində Gürcüstan hissəsində xəttin illik yükdaşıma gücü, təxminən, 5 milyon tona qədər artırılıb. Bununla yanaşı, Xəzər dənizində gəmi parkının genişləndirilməsi, yeni bərə və yük gəmilərinin tikilməsi, həmçinin liman və logistika infrastrukturlarının gücləndirilməsi də Orta Dəhlizin səmərəliliyini artıran amillərdən hesab olunur.
Azərbaycanın mühüm rol oynadığı digər beynəlxalq marşrut isə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu marşrut Rusiya, Azərbaycan və İran vasitəsilə Şimali Avrasiyanı Hind okeanı və Cənubi Asiya ilə birləşdirir. Dəhlizin Azərbaycan seqmentində bir sıra mühüm layihələr həyata keçirilib. Bunlara Azərbaycanla İran arasında yerləşən Astara–Astara dəmir yolu bağlantısının yaradılması, Ələt-Astara xəttinin modernləşdirilməsi və ölkənin şimal istiqamətində yerləşən dəmir yolu xətlərinin yenidən qurulması daxildir. Bu tədbirlər nəticəsində dəhlizin yükdaşıma potensialı mərhələli şəkildə artırılır.
Şimal-Qərb nəqliyyat marşrutu da Azərbaycanın tranzit strategiyasında mühüm yer tutur. Bu xətt Rusiya, Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanan yük daşımalarını təmin edir. Azərbaycanın dəmir yolu infrastrukturu, xüsusilə şimal istiqamətində həyata keçirilən yenidənqurma layihələri bu marşrutun səmərəli fəaliyyətinə şərait yaradır. Bakı limanı və Bakı–Tbilisi–Qars xətti bu marşrutun logistika imkanlarını daha da genişləndirir.
Bütün bu layihələrin həyata keçirilməsi Azərbaycanın Avrasiyada əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsinə şərait yaradır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişdiyi strateji nöqtədə yerləşir. İnfrastruktur layihələrinə yatırılan investisiyalar nəticəsində Azərbaycan qitələrarası ticarət marşrutlarında getdikcə daha mühüm rol oynayan nəqliyyat habına çevrilir.
XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev Zəngəzur dəhlizinə də xüsusi diqqət yetirib. Ölkə başçısı qeyd edib ki, Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək: “Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”.
Məlum olduğu kimi, Şərqi Avropada və Yaxın Şərqdə aparılan müharibə Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırıb. Münaqişələrin və təhlükəsizlik risklərinin artması fonunda region ölkələri arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası və genişləndirilməsi məsələsi daha aktual xarakter alıb. Bu baxımdan Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə, regionun iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Bu prosesdə əsas layihələrdən biri kimi Zəngəzur dəhlizi ön plana çıxır. Layihənin mühüm komponentlərindən biri olan TRIPP çərçivəsində yeni dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu yaradılması istiqamətində işlər aparılır. Bu marşrutun istifadəyə verilməsi nəticəsində uzun illərdir kəsilmiş quru nəqliyyat əlaqələri bərpa olunacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha sürətli və təhlükəsiz logistika xətti formalaşacaq.
Ekspertlərin hesablamalarına görə, dəhlizin illik yükötürmə potensialı, təxminən, 15 milyon ton təşkil edə bilər. Eyni zamanda, bu layihə region dövlətlərinin tranzit və logistika imkanlarını genişləndirərək onların büdcə gəlirlərinin artmasına şərait yaradar. Analitiklərin qiymətləndirməsinə görə, yaxın illərdə Avrasiya məkanında qitələrarası ticarət dövriyyəsinin, təxminən, 200 milyard dollar artacağı proqnozlaşdırılır. Əgər bu yük axınının 10–15 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, ölkə tranzit xidmətlərindən ildə, təxminən, 3 milyard dollara qədər gəlir əldə edə bilər.
Musa BAĞIRLI
XQ

