Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyata keçirilib.
Tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 min ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.
Mərkəzdən XQ-yə verilən məlumatda deyilir ki, qurum tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Yeri gəlmişkən, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, mərkəzin direktor müavini Elşən Məcidov, mərkəzin balıq və su bioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiri Elşad Əhmədov, nazirliyin və yerli dövlət aqrar inkişaf mərkəzlərinin nümayəndələri balıqların çaya buraxılışı mərasimində iştirak ediblər.
Sonda bir daha xatırladaq ki, balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və çay ekosisteminin bərpasına şərait yaradır.
M.HACIXANLI
XQ

