Sakinlər dövlət başçısının müvafiq sərəncamını sevinclə qarşılayıblar
Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 21-də “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu mühüm sənəd Azərbaycanın ayrılmaz hissəsi olan muxtar respublikada dərin razılıq hissi doğurub.
Vurğulamaq lazımdır ki, muxtar respublika ərazisi su ehtiyatları baxımından zəngin deyil. Bu regionun ən böyük çayları – Arpaçay, Naxçıvan çay, Əlincəçay, Gilançay, Vənəndçay, Ordubadçay, Gənzəçay və Arazın sol qollarından ibarət digər kiçik çaylar muxtar respublikanın ümumi hidroqrafik şəbəkəsini təşkil edir. Müxtəlif illərdə yaradılmış süni su arxları (suvarma kanalları) və su anbarları da daxil olmaqla, bu hidroqrafik şəbəkə muxtar respublikanın su ilə təminatını tam ödəyə bilməyib.
Bunun nəticəsində bəzi rayonlarda torpaqların şoranlaşmağa məruz qalması, əkinəyararlı torpaq sahələrində isə su çatışmazlığı səbəbindən lazımi səviyyədə əkinlərin aparılmaması muxtar respublikanın torpaq mülkiyyətçilərinin hər zaman qarşılaşdığı problemlərdən olub. Qədim diyarın ən gənc rayonu olan Kəngərli də bu sırada istisna deyil.
Kəngərli ərazisində iri çay və göllər olmadığından rayonun əsas su mənbələri kəhriz, bulaq və subartezian quyularıdır. Rayon ərazisində ümumilikdə, 160 ədəd kəhriz, bulaq və 60 ədəd subartezian quyusu qeydə alınıb. Bu su mənbələrindən həm suvarma, həm də içməli su kimi istifadə olunur. Rayonun əsas suvarma suyu isə Şərur rayonunun ərazisindən keçən Arpaçaydan çəkilən sol kanal vasitəsilə təmin olunur. Bu isə çox məhdud sahədə əkin sahələrini ödəyir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bizimlə söhbətində bildirdi ki, ölkə başçısının məlum sərəncamı hər birimizi sevindirdi. Rayonda su ehtiyatları çox məhdud olduğundan sakinlərin bizə müraciətləri də ən çox bu sahə ilə bağlı olurdu. Su problemləri rayonda bir çox sahələrin, o cümlədən kənd təsərrüfatının, infrastruktur quruculuğunun da inkişafına problemlər yaradırdı.
RİH başçısı sonra qeyd etdi ki, Tədbirlər Planında rayon mərkəzi olan Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması nəzərdə tutulur. Halbuki, bu işlər aparılmadığından biz həmin yaşayış məntəqələrində daxili yolların abadlaşmasına kompleks yanaşa bilmirdik. Qıvraq qəsəbəsi rayon mərkəzi olsa da, burada kanalizasiya şəbəkəsi mövcud deyil. Bunun da səbəbi odur ki, digər rayon mərkəzlərindən fərqli olaraq bu ərazidə yaşayış olmayıb, yeni yaradılmış rayon mərkəzidir, artıq burada da yeni yaşayış binaları, fərdi evlər inşa olunur və qəsəbənin gələcək inkişafı baxımdan bu, zəruri layihədir. Həmçinin Xok, Qabıllı, Qarabağlar kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması sakinlərin davamlı olaraq içməli su ilə təminatına imkan verəcəkdir.
RİH başçısının müavini Hacırəddin Mehbalıyev isə bildirdi ki, layihə çərçivəsində Arpaçaydan ayrılan sol kanal yenidən təmir ediləcək və bu kanaldan Şahtaxtı kəndinə uzanan torpaq arx beton kanalla əvəz olunacaq ki, bu da su itkisinin qarşısını alacaq. Həmçinin rayonun ən böyük əkin sahələri kimi nəzərdə tutduğumuz Böyükdüz və Xok kəndlərinin əraziləri su problemi səbəbindən səhralaşmaya daha çox məruz qalan sahələrdir və bu məqsədlə həmin ərazilərdə qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək.
Kəngərli rayonunda olarkən, rayon sakinlərindən bir neçəsi ilə görüşmək imkanımız oldu və mövzu haqqında onların da fikirlərini öyrənməyə çalışdıq.
Xok kənd sakini, torpaq mülkiyyətçisi Məcid Məmmədov dedi:
– Ölkə başçısının Naxçıvanla bağlı atdığı bu addım biz təsərrüfat adamlarını çox sevindirdi. Əsasən taxılçılıqla məşğul oluram. Su problemindən çox əziyyət çəksəm də, bu işimdən heç zaman əl çəkməmişəm, çünki əsas dolanışığımız təsərrüfatdandır. Amma istədiyimiz nəticəni almağa da gücümüz çatmır, çünki əkin sahələrimizi vaxtında su ilə təmin edə bilmirik. Bu problemi illərdir yaşayırıq. Ümid edirik ki, qısa zamanda bu sahədə çətinliklərimiz öz həllini tapacaq.
Qıvraq qəsəbəsindən olan şəhid atası, müəllim Kəmaləddin Mehbalıyev Prezidentin bu sərəncamını böyük sevinclə qarşıladığını bildirdi. O qeyd etdi ki, qəsəbənin davamlı olaraq içməli su ilə təchiz olunması, burada yeni kanalizasiya şəbəkəsinin qurulması rayonumuz üçün çox əhəmiyyətli layihələrdən biridir. Qəsəbədə kimdən soruşsanız, onlar da mənimlə həmfikir olduğunu bildirər. Ümumiyyətlə, bu rayonun ən böyük problemi su problemidir desəm, yəqin ki, yanılmaram. Buna görə dövlət başçımıza minnətdarlığımızı bildiririk ki, nəhayət, bu sahədə problemlərimiz həll olunacaqdır.
Rayonun Şahtaxtı kənd sakini, rəssam Fikrət Babayev görüləcək işlərin əhəmiyyətini belə vurğuladı:
– Düşünürəm ki, Kəngərli rayonunun ən böyük problemi artıq həll olunacaq. Çünki bizim bölgənin insanları su sarıdan hər zaman çətinliklər yaşayıb. Son illərdə isə bu çətinliklər daha qabarıq özünü büruzə verib. Naxçıvanımız üçün, rayonumuz üçün xeyirli olsun.
Bəli, həqiqətən muxtar respublikada həyata keçiriləcək bu layihə ən xeyirxah addımlardan biridir. Çünki su həyatın mənbəyidir və insanların gündəlik ehtiyaclarının təmin olunmasında əsas rol oynayır. Bu təşəbbüs həm əhalinin rifah səviyyəsinin yüksəlməsinə, həm də kənd təsərrüfatının və digər sahələrin inkişafına müsbət təsir göstərəcək.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

