Qarabağ Universiteti – Zəfərdən doğulmuş ali məktəb

post-img

Xankəndi gəncliyin yurd sevgisi ilə yenidən milliləşir

Fəaliyyətə başladığı gündən qarşıya qoyulan böyük hədəflərə doğru inamla irəliləyən Qarabağ Universiteti ali təhsilalma anlayışına müasir yanaşma nümayiş etdirir. Bu gün Xankəndinin sürətlə artan əhalisi arasında xüsusi çəkiyə malik olan tələbələrin yaşayış şəraiti və asudə vaxtlarının səmərəli təşkili xüsusilə diqqətdə saxlanılır.

İşğaldan azad olunmuş ərazilərin inkişafında pay sahibi olmağın qürurunu yaşayan bu gənclərlə görüşüb təəssüratlarını bölüşmək, tələbəlik həyatının necə keçdiyini öyrənmək üçün yaşadıqları mənzil tipli yataqxanalara yollandıq. Həftənin şənbə günü olduğundan tələbələrin əksəriyyətinin daha çox məişət qayğıları ilə məşğul olduqlarını, mənzillərində təmizlik işləri apardıqlarını təxmin etsək də, şəhərciyin ərazisində yerləşən böyük yeməkxana binasında başqa mənzərə ilə rastlaşdıq. Rahat, işıqlı zalda qrup şəklində əyləşmiş gənclərin əksəriyyəti kitabdan və ya notbukdan nəsə oxuyur, qeydlər edir, dərsləri ilə bağlı müzakirələr aparırdılar. Təbii ki, çay içən, yemək yeyən, söhbətləşən tələbələr də vardı.

Yaxınlaşıb söhbətlərinə qoşulduq. Hüseyn, Rəvan və Orxan mühəndislik fakültəsinin 2-ci kursunda təhsil aldıqlarını bildirdilər. Öyrəndik ki, ölkəmizin müxtəlif rayonlarından gəlmiş bu gənclərin hər üçü ali məktəblərə qəbul zamanı ixtisas seçimi edərkən ilk olaraq Qarabağ Universitetini qeyd ediblər. Yəni təhsillərini işğaldan azad edilmiş torpaqlarımızda davam etdirmək öz arzuları olub. 2-ci ildir Xankəndidə yaşayan gənclər vaxtlarını əsasən auditoriyalarda, evdə, yaxud da kitabxanada oxumağa sərf edirlər. Çünki özlərinin də dedikləri kimi, Qarabağ Universitetinin ilk tələbəsi olmaq həm qürurverici, həm də böyük məsuliyyətdir – yaxşı təhsil almaq, xalqımıza, dövlətimizə layiqli kadrlar kimi yetişmək, universitetin adını təkcə ölkəmizdə deyil, dünya səviyyəsində tanıtmaq məsuliyyəti.

Yataqxanalarında rahat yaşayışları üçün hər cür şəraitin yaradıldığını bildirən gənclər asudə vaxtlarını da səmərəli keçirirlər. Belə ki, futbol, voleybol, şahmat, dama oynayır, intellektual yarışlar keçirirlər. Hərdən də Xankəndiyə gəzməyə çıxırlar.

Söhbətin sonunda Hüseyn də, Rəvan və Orxan da təhsillərini bitirdikdən sonra işğaldan azad olunmuş torpaqlarımızın yenidən dirçəldilməsində mühəndis kimi iştirak etmək arzularını dilə gətirdilər. Dedilər ki, gələcəkdə Xankəndidə, Qarabağın digər ərazilərində aparılan tikinti işlərində yüksəkixtisaslı kadrlar kimi çalışmaq, hətta daimi bu yerlərdə yaşamaq istəyirlər...

Tələbələrin necə və hansı yeməklərlə qidalandıqları ilə də tanış olmaq imkanımız oldu. Yeməkxananın açıq mətbəxindəki iş prosesini zaldan izləmək mümkündür. Burada müasir avadanlıqlar quraşdırılıb. Aşpazların, xidmət göstərən əməkdaşların xüsusi geyimləri, hər yerin səliqəli və təmiz olması tərifəlayiq, vitrində yan-yana düzülmüş müxtəlif növ yeməklər isə iştahaçıcıdır. Tələbələr bildirdilər ki, yeməklərin dadından, keyfiyyətindən, xüsusilə də qiymətindən razıyıq. Hərə büdcəsinə uyğun yemək yeyə bilir. Milli təamlarla yanaşı, “fast food” yeməkləri də təklif olunur. Bir sözlə, hamının zövqü, ağız dadı və büdcəsi nəzərə alınıb.

Şəhərçiyə yolumuz düşmüşkən, yataqxanalardakı mənzillərdən birinə baş çəkib tələbələrə qonaq olduq. Düzü, qızların yaşadığı mənzilə daxil olanda təəccübümüzü gizlədə bilmədik. Bura yataqxana deyil, müasir təmirli, yaşayış üçün hər cür şəraitlə təmin edilmiş çoxotaqlı mənzil idi. Bina mərkəzləşdirilmiş sistem vasitəsilə isidilir, daimi isti və soyuq su təminatı, limitsiz, üstəlik, ödənişsiz yüksəksürətli internet mövcuddur. İkinəfərlik yataq otaqları ilə yanaşı, geniş, rahat, mebellə, soyuducu və digər avadanlıqlarla təchiz olunmuş mətbəx də tələbələrin istifadəsinə verilib.

Otaqlarda yazı və kompüter stolları qoyulub, oxumaq üçün rahat şərait yaradılıb. Üstəlik, “ev sahibləri”, Qarabağ Universitetinin pedaqoji fakültəsinin 2-ci kurs tələbələri Aysel Namazova, Nəzrin Şahbazlı, Qureyş Şirinova və Zivər Ağayeva bildirdilər ki, şəhərciyin ərazisində hər ay bir nəfər üçün 17 kiloqrama qədər pulsuz olmaqla camaşırxana da fəaliyyət göstərir. Yəni gənclərin paltar yumaq kimi problemləri yoxdur.

Söhbər zamanı qızlar istər təhsil həyatlarından, istərsə də yaşayış yerlərindən məmnun olduqlarını dedilər. Belə ki, dərsdən qayıdanda istirahətə edə, tələbə yoldaşları ilə vaxt keçirə bilirlər. Universitetin könüllülük fəaliyyətlərinə qatılan tələbələr özləri bilik və idman yarışları təşkil edir, tələbələrlə iş mərkəzində klublarda təmsil olunurlar. Məsələn, Nəzrin “Dəyərlər” klubunun sədri olduğunu, klub üzvlərinin milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq üçün müxtəlif tədbirlər keçirdiyini bildirdi. Öyrəndik ki, belə klublar və digər fəaliyyət növləri kifayət qədər çoxdur.

Gənclər magistratura təhsillərini də azad Xankəndidə davam etdirmək niyyətindədirlər. Məqsədləri yüksək səviyyəli pedaqoji kadrlar kimi gələcəkdə yeni nəslin savadlı və vətənpərvərlik ruhunda böyüməsinə töhfə verməkdir. Axı onlar həm də Qarabağ Universitetinin ilk məzunları olacaqlar.

Tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb sağollaşdıq. Bir daha əmin olduq ki, Xankəndidə gənclərin rahat yaşayışları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Onlar isə bu diqqət və qayğının haqqını təhsildə, elmi biliklər uğrunda mübarizədə uğurlu nəticələr əldə etməklə ödəyəcəklər.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi







Sosial həyat