Mən həmişə xalqıma xidmət etmişəm.
Heydər ƏLİYEV,
Ümummilli lider
XX əsrin son onilliyinə baxış
Tarix sürprizləri sevmir. Ancaq hər bir xalq üçün sürprizlər olur. Toplumun gözləmədiyi anda, ağıla gəlməyən proseslərə yol açılır. Lakin, bu, zahirdə sürprizdir, görüntüdə gözlənilməzdir – gerçəkliyin ən dərin qatlarında isə təsadüf yoxdur. Cəmiyyətin xilası və uğurlu dövlət quruculuğu da proses olaraq bu qəbildəndir.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda kimin ağlına gələrdi ki, Heydər Əliyevin respublikaya rəhbərliyindən uzaqlaşdırılması, bütövlükdə, xalq, ölkə və dövlət üçün böyük faciələrə yol açacaq. Lakin müdrik Azərbaycan xalqı tarixi baxımdan qısa olan bir neçə ildə acı təcrübədən doğru nəticə çıxardı. Dərk etdi ki, müasir dövrdə xalqın və dövlətin xilaskarı Heydər Əliyevdir! Bu qənaətin kökü sovetlərə gedib çıxır.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər gəlməsəydi, Azərbaycanın respublika, xalq, mədəniyyət, iqtisadiyyat və qədim dövlətçilik ənənəsi olan məkan kimi qalıb-qalmayacağını bilmirik. Bəli, həmin mərhələdə vəziyyət o dərəcədə kritik hal almışdı ki, respublika rəhbərliyinə yeridilmiş yadlar planlı surətdə ölkəni dağıdırdılar. Heydər Əliyev təhlükəsizlik sistemində çalışanda konkret faktlar əsasında bu nəticəyə gəlmişdi. Ümummilli liderin ilk xilas addımı dərin təhlillər əsasında respublikaya rəhbər keçməsi ilə reallaşdı. Mərkəz bacarıqlı, siyasəti və diplomatiyanı çox gözəl bilən, yorulmaz, böyük əzmkar kadr kimi Heydər Əliyevi Azərbaycana rəhbər göndərdi. Bu, Azərbaycanın XX əsrdə ilk dəfə ölkə kimi xilası idi. Sonrakı proseslərin işığında bu tezis çox aydın görünür.
Belə ki, Heydər Əliyev 80-ci illərdə Bakıdan uzaqlaşdırılana qədər erməni təcavüzkar planlarının hamısının qarşısını alır, respublikanın parçalanmasına, hissə-hissə düşmənə ötürülməsinə imkan vermirdi. Çox güman ki, bu müqavimətə ermənilərdən başqa, Mərkəz də təəccüblənirdi. Çünki 1918-1920-ci illərdə, hətta, Azərbaycan millətçiləri Moskvanın və Qərbin təzyiqlərinə dözə bilməyərək torpaqların bir qismini əsassız olaraq ermənilərə güzəştə getmişdilər. Bizə dost olmaq istəməyən dairələrə elə gəlirdi ki, bu zəiflik, ümumiyyətlə, azərbaycanlı siyasi iradəsinə xas mənfi xüsusiyyətdir. Heydər Əliyev cəsarəti, qətiyyəti, iradəsi və strateji zəkası ilə bu yanlış və haqsız münasibəti formalaşdıran təsəvvürləri darmadağın etdi! Təcavüzkar və haqsız düşmənə heç bir güzəşt edilmədi, əksinə Azərbaycanda yaşayan ermənilərin qanuna əməl etməsi tələbləri gücləndirildi. Görünür, bu gedişat bolşevik-daşnak tör-töküntülərini qane etmirdi.
Təsdiqi Heydər Əliyev Moskvaya işə aparılandan sonra Azərbaycan SSR-in başına gələnlərdir. Yenə də ermənilərə torpaq güzəşt etmək “ənənəsi”, bir sıra məsələlərdə Azərbaycan SSR-in maraqlarına uyğun olmayan iqtisadi addımlara təhrik edilməsi (məsələn, Azərbaycanda istehsal olunan xammalı Ermənistana ucuz qiymətə ötürmək və orada hazırlanmış malı baha qiymətə Azərbaycana satmaq mexanizmi düzəltmişdilər) kimi hadisələrə rast gəlinir.
1988-ci ildən başlayaraq isə Azərbaycanın ərazisinə ermənilərin hərbi təcavüzləri özünü göstərməyə başladı. Qısa müddətdə ölkə ərazisinin bir qismi işğal edildi. Ən pisi isə o oldu ki, həmin mərhələdə Azərbaycana rəhbərliyə gələnlər yanlış siyasət, ideologiya, idarəetmə üsulu və tərəddüdlü siyasi mövqe seçməklə qarşı tərəfin əl-qolunu açdılar. Kulminasiya nöqtəsi 20 yanvar 1990-cı il qırğını oldu. Məhz həmin məqamlarda xalq anladı ki, xilaskar gəlməlidir.
Heydər Əliyev xalqın təkidi ilə 1993-cü ildə yenidən Azərbaycana rəhbərliyə dəvət olunduqdan sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı. Ermənilərin təcavüzkar hərəkətləri dayandı, atəşkəslə bağlı sənəd imzalandı. Paralel olaraq cəmiyyəti birləşdirən ideologiya – azərbaycançılıq yeni məzmun aldı və müstəqil dövlət quruculuğu düşünülmüş kurs daxilində davamlı surətdə həyata keçirilməyə başlandı. 1994-cü ildə “Əsrin müqaviləsi” isə postsovet məkanında ilk olaraq Azərbaycanda enerji strategiyasını həm bütövlükdə müstəqil dövlət quruculuğu xəttinə, həm də milli təhlükəsizliyin təmininə bağlayan xilaskar liderin “tarixi əsəri” oldu. Bu addım yalnız Azərbaycan miqyası ilə məhdudlaşmırdı – onun geosiyasi, geoiqtisadi, siyasi və təhlükəsizlik istiqamətləri üzrə təsiri regional və qlobal miqyasda özünü göstərirdi. Bununla Heydər Əliyev Avrasiyada müstəqil dövlət quruculuğunun uğurlu nümunəsini yaradan ilk güclü lider kimi özünü təsdiq etdi!
Siyasi varislikdən yeni liderliyə
Artıq XXI əsrə Azərbaycan inkişaf kursunu dəqiq müəyyən etmiş, müstəqil dövlət institutlarının tam oturuşduğu, milli ideyası dəqiq müəyyən olunmuş, cəmiyyətin bütövlük modeli sınaqdan çıxmış ölkə kimi qədəm qoydu. 2003-cü ildən isə Azərbaycan siyasi varislik seçiminə əsaslanan və xalqın demokratik seçkidən tam dəstək verdiyi yeni liderlə – İlham Əliyevlə davam etmək şansı əldə etdi! Cəmi 17 ilə müstəqil Azərbaycan bütün sahələrdə elə uğurlar əldə etdi ki, güclü liderliklə güclü dövlətçiliyin yüksək harmoniyasının nümunəsi oldu! Yəni, 2020-ci ilin noyabr ayınadək İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası tarixi inkişaf yolu keçdi və tarixi hərbi zəfər əldə etdi. Həmin zəfər milli ideyanın tam həyata keçməsi idi – Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi! Hələlik postsovet məkanında ikinci belə bir nümunə yoxdur.
İlham Əliyevin dövlət başçısı və lider kimi güclü olmasının təsdiqi bununla məhdudlaşmadı. Postmüharibə mərhələsində böyük məharətlə daxili inkişafda, idarəetmədə şəffaflıq və xarici siyasətdə suverenliyin tam təmininə aparan kurs qətiyyət və ardcıllıqla həyata keçirildi. Cəmiyyətdə reallaşan yeni layihələr, Türkiyə və Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilələrin bağlanması, ordu quruculuğunda Avrasiyada tayı-bərabəri olmayan modelin tətbiq edilməsi İlham Əliyev liderliyinin gücü ilə yanaşı, xalqı birləşdirmək potensialının tam bir nümunəsi oldu.
Dövlətlərarası münasibətin qurulması istiqamətində isə yeni liderliyin beynəlxalq hüquq çərçivəsində çox böyük uğura imza ata bilməsi imkanlarını göstərdi. Azərbaycan Prezidenti çox məharətli siyasi-diplomatik fəaliyyəti həm ikitərəfli, həm regional təşkilatlar, həm beynəlxalq təşkilatlar, həm də enerji strategiyasının üçüncü mərhələsinin reallaşma kursu daxilində dalbadal uğurlar əldə etdi. Ermənistanın güclü havadarları belə Azərbaycan liderinin ədalətə, tarixə, beynəlxalq hüquqa və xalqa arxalanan siyasəti qarşısında tab gətirə bilmədilər. Bunun ən bariz təsdiqi 2023-cü ilin sentyabrında ildırım sürətli antiterror tədbiri oldu! Cəmi 23 saat 41 dəqiqəyə Azərbaycan Ordusu düşmənin yenidən möhkəmləndirilmiş, yeni qüvvələrlə təchiz edilmiş, xüsusi hazırlanmış minlərlə əsgərini darmadağın etdi. Qəhrəman Azərbaycan əsgəri peşəkarlıqla yanaşı, yüksək sürətlə koordinasiyalı savaşmaq qüdrətini göstərdi! Nəticədə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərasizində suverenliyini tam təmin edən yeganə postsovet ölkəsi oldu! Bu tarixi uğurun memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir!
Şübhə etmirəm ki, istər ölkə daxilində olsun, istərsə də kənarda Azərbaycan dövlətçilik və liderlik ənənəsini bilməyən və ya qəbul etmək istəməyənlər üçün, bu, uzunmüddətli şok effekti yaratmış hadisədir. Lakin milyonlarla azərbaycanlı, türk, müsəlman üçün isə qürur mənbəyi, yeni işlərə motivə olmaq faktorudur. Azərbaycan müzəffər lideri olduğuna görə qalib gəldi Azərbaycan Prezidenti həm bir siyasətçi, vətənsevər dövlət xadimi kimi müzəffər liderdir! Azərbaycan isə regional lider ölkədir! Bu iki liderlik nümunəsini özünün tarixində, bu günündə və gələcəyində təcəssüm etdirə bilən Azərbaycan xalqıdır!
İndi Avropada, Amerikada, Rusiyada, İranda və Ermənistanda “hər şeyi bilən jurnalistlər və ekspertlər” gün kimi cavabı aydın olan bir suala cavab axtarırlar: “Bu, necə oldu?” Onlar hələ də anlaya bilmirlər ki, Azərbaycanın güclü lideri, müstəqil xarici siyasəti, ədalətə söykənən xarici siyasi kursu və bütün bəşər üçün faydanı nəzərə alan müstəqil dövlət strategiyası vardır! Onlar bu strategiyada “bir millət, iki dövlət” tezisinin yerini və rolunu adekvat dərk etməkdən özlərini qərəzli mövqe tutmaqla məhrum etmişlər! Yardım edək: 4 kəndin bir güllə atılmadan sahibinə qaytarılması dövlət quruculuğu strategiyasının düzgün müəyyən edilməsi ilə tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan güclü liderin məharətli siyasi-diplomatik fəaliyyətinin birbaşa nəticəsidir! Bu, ümummilli lider Heydər Əliyevin ruhunun gücü və Vətən sevgisinin ifadəsidir! Bu, bir millətin iki dövlətinin hüquqa dayanan müttəfiqliyinin növbəti təntənəsi və zəfəridir! 4 kənd ona görə belə dinc yolla qaytarıldı ki, İlham Əliyev yenilməz siyasi iradəyə, tam inandığı dövlər quruculuğu kursuna və strateji zəkaya malikdir!
Coğrafi miqyasına görə 4 kənd böyük faktor deyildir, geosiyasi əhəmiyyətinə görə isə çox böyükdür, syasi-ideoloji olaraq vacib hadisədir. Lakin 2020-ci ildən bu yana Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərənin elə bir yeni naxışıdır ki, regional miqyasda yeni mərhələnin “yol göstərici nişanı”dır. Bununla İlham Əliyev postmüharibə dövrünün bir mərhələsini tamamladı.
Postmüharibə dövrünün ikinci mərhələsi
Əgər 2020-2024-cü illər postmüharibə dövrünün özünü təsdiqi yolunda çətin “yol xəritəsi” oldusa, 2024-cü ildən başlayaraq yeni geosiyasi konstruktiv konfiqurasiya yaradılması mərhələsi başlanır. Onun ən azı dörd əlaməti vardır.
Birincisi, yeni geosiyasi konfiqurasiyanın memarı Azərbaycan – Türkiyə müttəfqiliyidir.
İkincisi, Rusiyanın qəti olaraq Azərbaycan – Türkiyə birliyi ilə konstruktiv geosiyasi əməkdaşlıq mövqeyinə keçməsidir (geniş anlamda Avrasiyada türk-slavyan tarixi əməkdaşlıq dövrü).
Üçüncüsü, Cənubi Qafqazda Azərbaycanın gətirdiyi yeni geosiyasi konstruktivizmə müqavimət göstərən güclü dairələrin bunu bacara bilməyəcəklərini anlamasıdır (ABŞ, Avropa İttifaqı, İran və qismən Hindistan).
Dördüncüsü, Ermənistan siyasi şüurunda tarixi dəyişiklik baş verdi. Son 100 ildə ilk dəfə onlar anladılar ki, müstəqil dövlət olmaq üçün Azərbaycan və Türkiyə ilə yola getmək qaçılmazdır.
Bu faktorların hər birinin geniş geosiyasi və siyasi-nəzəri təhlilinə ehtiyac vardır. Stratejidə isə bu dörd faktor bir-birini tamamlamalı və regionu təbii olaraq uzunmüddətli sülhə, əməkdaşlığa və təhlükəsizliyə aparmalıdır. Şübhə etmirik ki, məhz belə də olacaqdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru