Emmanuel Makronun “erməniləşmə”sinin səbəbləri
Yaşadıqları ölkənin yüksək gəlirli sahələrinə müdaxilə etmək, siyasətə təsir gücünə malik nüfuzlu şəxsləri ələ almaq, bundan ötrü hər cür üsula əl atmaq erməni diasporu və lobbiçilərin “tarixin sınağından çıxmış” üsullarından sayılır. Hayların geniş qol-qanad açdıqları ölkələrdən biri, bəlkə də birincisi Fransadır. Yarım milyondan çox erməninin yaşadığı bu ölkənin “kiçik bacıları” ilə işbirliyinin tarixi neçə əsr əvvələ gedib çıxır.
Dünyanın dörd tərəfinə səpələnmiş ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” ideyasını reallaşdırmaq zəminində formalaşan lobbi qruplarının cəmləşdiyi mərkəzlərindən biri məhz Fransada yerləşir. Dünyada üçüncü, Avropada isə birinci ən çoxsaylı erməni diasporunun yaşadığı Fransada onlar ictimai rəyə, hətta Yelisey sarayının xarici siyasətinə əməlli-başlı təsir imkanlarına malikdirlər.
Məlumat üçün onu da bildirək ki, Fransada erməni diasporunun dayaqları, strukturları keçən əsrin 20-ci illərindən formalaşmağa başlayıb. Məhz o illərdə ermənilərin Avropaya və ABŞ-a miqrasiyası kütləvi hal alıb. Həmin dövrdə Fransada erməni dilində 90-a yaxın qəzet çap olunurdu. Heyrətamiz faktdır, elə deyilmi? Şəbəkələşmiş hay strukturu indi daha geniş üfiqlərə “boylanır”.
* * *
Hər işin bir səbəbi, formalaşan ənənənin bir zəmini olur. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı qərəzli, ifrat subyektiv, bəzən isə aşkar düşmənçilik mövqeyindən çıxış etməsi təsadüfi deyil. Bəlkə də bu “ənənəni” doğuran səbəblər, ilk baxışda, oxucuya paradoksal, məntiqdən uzaq, diplomatiyadan kənar görünə bilər. Amma ortaya erməni amili çıxanda vəziyyət kökündən dəyişir. Makronda hay rəğbətinin yaranmasını şərtləndirən amillərin arasında erməni əsilli bir qadın yer alır. Yerli ekspertlərdən bəziləri onu “Makronu idarə edən qadınlardan biri” hesab edirlər.
ARAYIŞ: Astrid Panosyan-Buve. Atası erməni, anası norveçli olan 52 yaşlı bu qadın Parisdəki Ali Kommersiya Məktəbində, Siyasi Tədqiqatlar İnstitutunda və Kennedi adına Harvard Dövlət İdarəetmə Məktəbində təhsil alıb. 2002-2015-ci illərdə Fransanın ən nüfuzlu şirkətlərindən sayılan "Groupama"da işləmiş A.Panosyan sonradan bu şirkətin baş direktoru təyin edilib. 2007-ci ildə E.Makron iqtisadiyyat naziri təyin ediləndə, A.Panosyanı özünə müşavir götürür. Erməni Panosyan mənsub olduğu etnosun Fransadakı maraqlarını da nəzərə alırdı. Astrid Panosyan Parisdəki “Uber” taksi servisinin səhmdarları, erməni icmasının rəhbərləri Manvel Sukiasyan və Pyer Atanyana “krışalıq” edir.
O, Fransa Milli Assambleyasının üzvüdür və bu günlərdə ABŞ Konqresində erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə əsas məruzəçi olub. ABŞ Konqresindəki dinləmələrdə iştirak edən Fransa Senatının erməni əsilli üzvü A.Panosyan tribunadan “Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzündən” danışıb. Mövcud vəziyyətdə təmsilçisi olduğu Fransanın Ermənistanı tək qoymadığını, ona hər cür yardım göstərdiyini yüksək pafosla söyləyən erməni Panosyan konqresmenlərə niyə belə bir dəstəyin ABŞ-nin göstərmədiyi barədə sual ünvanlayıb.
Konqresdəki çıxışında Fransa ilə Ermənistan arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələrdən danışan Panosyan yenidən sözünün əvvəlinə qayıdaraq ABŞ qanunverici orqanının üzvlərinə, tədbirdə iştirak edən diplomatlara üzünü tutaraq deyib: “Birləşmiş Ştatlar nədən Fransa kimi hərəkət edə bilmir?”.
* * *
Burada təəccüb doğuran heç nə yoxdur. Yuxarıda qeyd etdiymiz kimi, Fransa kimi, ABŞ da erməni diasporunun güclü olduğu ölkələrdəndir. Panosyanın Ağ evi Azərbaycana təzyiq göstərməyə çağırması da başadüşüləndir. Sadəcə, Harvard məzunu olan iqtisadçı erməni “axçi”nin anlamadığı məsələ hazırda təkcə Cənubi Qafqazda deyil, həm də bütün dünyada formalaşmış yeni geosiyasi reallığı dərk etməməsidir.
Fransa isteblişmentinin böyük əksəriyyətinin ermənilərə simpatiyası olduğunu nəzərə çatdıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bu ənənənin tarixi köklərə malik olduğunu vurğuladı: “Hələ Osmanlı İmperiyası dövründə erməniləri türklərə qarşı qızışdıran dövlətlərin başında Fransa dayanırdı. Bu ölkə həmin “ənənəyə” bu gün də sadiq qalıb. Doğrudur, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransa ilə münasibətləri normal müstəvidə qurulmuşdu. Hazırkı dövlət başçısı Emmanuel Makrondan fərqli olaraq, əvvəlki prezidentlər – Jak Şirak, Nikola Sarkozi, Fransua Oland, ən azı, balans naminə ölkəmizlə münasibətləri qoruyub saxlayırdılar. Baxmayaraq ki, onların da ermənilərə rəğbəti kifayət qədər çox idi. Sadəcə, Makronun hay rəğbəti əndazədəni aşır. O, ermənilərə hüdudsuz rəğbətini İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə açıq şəkildə büruzə verdi. Emmanuel Makron və Fransa höküməti, bütövlükdə, erməni separatizminə hər zaman öz dəstəklərini ifadə ediblər”.
Aşkar görünən həqiqət odur ki, Fransa Ermənistanı Cənubi Qafqazda özünün forpostu kimi, həm də maraqlarının “icraçısı” hesab edir. Amma Parisi pəjmürdə edən cəhət bu işin “icrasına” Azərbaycanın maneçilik törətməsidir. O da məlumdur ki, rəsmi Paris Türkiyəyə qarşı da düşmən mövqeyi sərgiləyir, qardaş ölkəni bu bölgədə özünə potensial rəqib kimi görür. Cənubi Qafqaz Fransa üçün ona görə strateji əhəmiyyət daşıyan məkandır ki, onun buradan zəngin sərvəti və əlverişli mövqeyi olan Mərkəzi Asiyaya yolu açılır. Yəqin Yelisey sarayının başbilənləri molla rejimi çökəndən və ya siyasi mühit liberallaşandan sonra İran istiqamətində də irəliləməyi düşünürlər. Bütün hallarda Parisin bölgə ilə bağlı “strateji planlarını” Ermənistan vasitəsilə reallaşdıra bilməyəcəyini özü də yaxşı dərk edir, amma hərəkətlərində bunu əksini nümayiş etdirir.
Siyasi şərhçi E.Şahinoğlu da bu qənaəti paylaşır: “Onlar, sadəcə, anlamaq istəmirlər ki, Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək mümkün deyil. Əgər onlar Azərbaycanla münasibəti piləşdirirlərsə uduzan özləri olacaq. İndi isə rəsmi Paris bu münasibətləri yerə vuraraq, Bakıdakı səfirini geri çağırıb. Eyni addımı Azərbaycan da ata bilər. Bu siyasətini davam etdirməklə Fransa heç nə əldə etməyəcək. Bəli, Parisin Bakı ilə münasibətləri gərginləşdirməkdə əsas səbəbi Türkiyə–Azərbaycan tandemi ilə bağlıdır. Cənubi Qafqazda həm güclü Azərbaycan, həm də Türkiyə–Azərbaycan İttifaqı danılmaz həqiqətdir. Bu, Fransa siyasi dairələrini narahat edir. Amma Yelisey sarayı bu reallığı nə zamansa qəbul etmək məcburiyyəti qarşısında qalacaq”.
Görünən odur ki, rəsmi İrəvana cəlbedici perspektivlər vəd edən onun “böyük bacısı”, sadəcə, ermənilərin hissləri ilə oynayır. Bu oyunun mərkəzində isə Parisin Ermənistanla Rusiya arasında münasibətlərin getdikcə daha da soyumasından sui – istifadə elementi dayanır. Emmanuel Makronun saxta himayədarlıq ritorikasına uyan Nikol Paşinyan isə anti-Rusiya çıxışları ilə özünü və ölkəsini uçuruma doğru aparır. Amma Hayastan baş nazirinin Azərbaycanla münasibətləri normallaşdırmaq üçün atdığı son addımları onun uçurumdan yan keçəcəyinə ümidləri artırır...
İ.HƏSƏNQALA
XQ