“Qrossmeyster”in növbəti gedişi

post-img

Onun gözlənilməz “kombinasiyaları”na dünyanın “böyük gücləri” də “mat” qalırlar 

Qazaxın işğal altında qalan, anklav olmayan dörd kəndinin geri alınmasına qədər Azərbaycan hakimiyyəti ilk baxışda mümkün görünməyənləri belə reallığa çevirməyi bacarmışdır. Üç il beş ay bundan əvvəl Cənubi Qafqazın ən uzunömürlü münaqişə bölgəsində 44 günlük müzəffər savaşla geosiyasi, hərbi vəziyyəti kökündən dəyişən və bununla daxili və xarici aktorlara şok effekti yaşadan, sonrakı mərhələdə bir güllə atılmadan Laçını, Kəlbəcəri, Ağdamı işğaldan azad edən, yeddi ay öncə Qarabağ iqtisadi rayonumuzda birsutkalıq lokal antiterror tədbiri ilə erməni separatizminin kökünü kəsən, Azərbaycanın əzəli əraziləri üzərində suverenliyini bərpa edən, daha sonra yenə qan tökmədən on minlərlə ermənini öz xoşu ilə Qarabağın dağlıq hissəsindən Ermənistana yola salan, Xankəndidə Zəfər paradı düzənləyən və nəhayət, dörd gün bundan öncə Rusiya sülhməramlılarının ərazimizi vaxtından əvvəl tərk etməsini reallaşdıran Prezident İlham Əliyevin Vətəni və xalqı qarşısındakı xidmətləri çağdaş tariximizin şərəfli səhifələri kimi neçə-neçə elmi araşdırmanın mövzusu, gələcək nəsillər üçün isə qürur salnaməsi olacağını indidən əminliklə söyləmək olar. 

Aydın səmada güclü şimşək

Azərbaycan Prezidenti İlham Əliyev atdığı uğurlu diplomatik addımları ilə dünyanı heyrətləndirməkdə davam edir. Onu da nəzərə almalıyıq ki, yuxarıda sadaladığımız uğurlar silsiləsi planeti­mizin çalxalandığı, onun siyasi nəbzinin kəlləçarxa çıxdığı bir dönəmdə baş verir. Neçə gedişi öncədən düşünən siyasət qrossmeysteri təmkinini pozmadan öz oyununu davam etdirir. Sadəcə dava­mını gətirmir, həm də qarşısındakı rəqi­bini oyunu özünün diktə etdiyi dürüst və ədalətli qaydalarla oynamağa vadar edir. Burada diplomatiyaya uymayan başqa üsullar kimi bəhanələr də qəbul edilmir. Hər növbəti gediş qarşı tərəf üçün aydın səmada çaxan şimşək effekti yaradır. 

– Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sər­həd təhlükəsizliyi komissiyasının səkki­zinci görüşündə əldə olunmuş razılığı bu istiqamətdə atılmış olduqca əhəmiyyətli addım kimi dəyərləndirmək lazımdır. Delimitasiyanın məhz bu istiqamətdən başlaması da Azərbaycanın təkidi ilə baş verdi. Cənab Prezidentin ən xırda de­tallarına qədər əvvəlcədən düşünülmüş məntiqi siyasətinin nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar, “böyük güclər”in li­derləri, hətta Azərbaycana çəp baxanlar da onun iki ölkə arasında normallaşmaya xidmət edən xoşniyyətli hər addımını təq­dir edirlər. Bu dəfə də belə oldu. 

Xoşniyyətli anlaşma dəstəklənir 

BMT-nin Baş katibi Antonio Quter­reş dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistan arasında əldə olunmuş məlum razılaşmanı alqış­ladığını bildirib. Bu barədə dünya təşki­latı rəhbərinin rəsmi nümayəndəsi Ste­fan Düjarrikin yaydığı bəyanatda deyilir. Onun sözlərinə görə, Baş katib Ermənis­tanla Azərbaycan arasında münasibət­lərin normallaşması prosesini diqqətlə izləyib. Bəyanatda qeyd olunur: “Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normal­laşması üçün bütün məsələləri həll et­məyə çağırır”. 

Türkiyə Xarici İşlər Nazirliyi Azərbay­can–Ermənistan sərhədinin delimitasi­yası komissiyasının 2024-cü il aprelin 19-da keçirilmiş iclasında əldə olunmuş razılaşmanı alqışladığını bildirib. 30 ildir işğal altında olan 4 kəndin Azərbayca­na qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmadan məmnunluq ifadə olunan rəsmi açıqlamada birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət meyilin yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğu vurğulanır.

ABŞ Dövlət katibi Antoni Blinken Qa­zax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunmasını alqışlayıb. Bu barədə, o, “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiya­sı üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”. 

Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Azərbaycan və Er­mənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyasına dair imzalanan sənədin sülh sazişinin qarşısında duran mühüm maneəni aradan qaldırdığı bildirilir: “Al­maniya tərəflərə davamlı sülh yolunda hər cür dəstəyi verməyə hazırdır”.

“Sərhəd komissiyalarının işi və im­zaladığı hüquqi sənədlər, 1991-ci il Alma-Ata sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidve­rici xəbərlər var”. Bu sözləri Avropa İtti­faqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar özünün “X” hesabında paylaşıb. Diplomat onu da qeyd edib ki, Aİ Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi­ni dəstəkləyir: “Avropa İttifaqı danışıqlar prosesini, iki ölkənin hərtərəfli və davamlı nizamlanma səylərini tam dəstəkləyir”.

Aydın məsələdir ki, Ermənistan müxalifəti, bir cəbhədə birləşmiş anti–Paşinyan qüvvələr, daşnak-revanşist ünsürlər, ümumiyyətlə, sülh danışıqları­nın əleyhinə olduqları kimi, dörd kəndin Azərbaycana qaytarılmasına da siyasi qıcıq göstərirlər. “Bu, dövlətimizin təh­lükəsizliyinə və həyat qabiliyyətinə yeni ciddi çağırışlar gətirəcək milli utanc və alçaqlıq dövrüdür”. Bu fikirləri sosial şəbəkədə yayan İrəvan Dövlət Univer­sitetinin şərqşünaslıq fakültəsinin iran­şünaslıq kafedrasının müdiri Vardan Voskanyan işğal altındakı kəndlərimizi geri almağımızı özləri üçün “acı fakt” sa­yır: “Azərbaycan mediası yazır ki, İlham Əliyev bir güllə belə atmadan növbəti dəfə ərazi qazanıb”. 

Rəsmi Bakının haqqına düşəni ala­raq tarixi ədaləti bərpa etməsini “acı fakt” kimi həzm edə bilməyən erməni “alimi”nə qarşıda bundan daha acı faktları udmaq məcburiyyətində qalacağını xatırlatmaq istərdik.

Özünü siyasətçi sayan Mesrop Ara­kelyan isə Nikol Paşinyan hökuməti tərə­findən 4 kəndin Azərbaycana, respub­lika əhəmiyyətli yolun bir hissəsinin isə Gürcüstana təhvil verilməsini “cinayət” adlandırır. Sənin keçmiş hökumət baş­çılarının Azərbaycan ərazisinin 20 faizini otuz il işğal altında saxladıqları azmış kimi, “Yevlaxı, Bərdəni, Gəncəni də ala biləcəkləri” barədə avantürist bəyanatları səsləndirmələri beynəlxalq cinayət de­yildisə, bəs nə idi? İndi sizin üçün yaxın 30 ilin “cinayətkar tarixinizdən” ibrət dər­si götürüb, ağlınızı başınıza toplamağın məqamıdır. 

Problemlər indi “Qafqaz evi”ndə çözülür

Beləliklə, Ermənistan və Azərbay­can birgə qarşılıqlı anlaşma şəraitində, vasitəçisiz bu məsələni həll etdilər. Bir daha sübut olundu ki, Qərb dövlətləri bu proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez təmin olunar. “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənista­nın bir anklav kəndi Azərbaycan ərazisin­dədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalı və müza­kirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalı və bu ank­lavlara orada yaşayan insanlar yerləşdi­rilməlidir”. Bu sözləri cənab Prezident iki il bundan əvvəl demişdi. Vaxt və reallıq onu göstərdi ki, rəsmi İrəvanın Qərbdəki havadarlarının diktəsi ilə nə deməsindən asılı olmayaraq, məsələ məhz Azərbay­can Prezidentinin söylədiyi şəkildə həllini tapmış oldu. 

“Qafqaz evi”nin iki sakininin öz ara­larında razılığa gəlmələrinə ən maraqlı reaksiya Ermənistanın baş nazirindən gəldi. Dörd kəndlə bağlı hökumətlərarası ikitərəfli razılaşma barədə jurnalistlərin sualına cavab verən Nikol Paşinyan ilk dəfə olaraq Ermənistan və Azərbaycanın məsələni danışıqlar masası arxasında həll etdiyini vurğulayıb. Bildirib ki, baş verənləri şişirtmək istəmir: “Amma, eyni zamanda, bunu qiymətləndirməmək də olmaz. Artıq vəziyyət əhəmiyyətli dərə­cədə dəyişdiyi üçün bu dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir. Bu, o deməkdir ki, bizim cəbhə xəttimiz yox, artıq sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu, o demək olacaq ki, Er­mənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

Bununla Bakı ilə birbaşa dialoqun faydasını etiraf edən Paşinyan dolayısı ilə “Qafqaz evi” formatının effektivliyini də təsdiqləmiş oldu. Münasibətləri va­sitəçisiz, ikitərəfli dialoq şəklində normal­laşdırmağın bir nümunəsi kimi keçən ilin dekabrında Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənis­tan baş naziri aparatı arasında təmasları qeyd etməmək mümkün deyil. Bu nöqte­yi-nəzərdən dörd ay əvvəl hər hansı va­sitəçi olmadan qəbul edilmiş birgə bəya­nat tarixi sənəd idi. Məhz həmin sənəddə sülh üçün tarixi imkanların mövcudluğu qeyd olunmuş, ərazi bütövlüyünə və su­verenliyə bir daha dəstək ifadə edilmişdi. Vasitəçisiz dialoqun əyani nəticəsi kimi hərbi əsirlərin qarşılıqlı şəkildə dəyişdiril­məsini və Ermənistanın öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə razılığını bildirməsini xüsu­si qeyd etmək lazımdır.

Sonuncu gedişə doğru

Ermənistan Qazaxın anklav olma­yan 4 kəndini qaytarmaqla bir məsələni də aktuallaşdırmağı, sərhədlərin delimi­tasiyasında 1991-ci il Alma-Ata Bəyan­naməsinə söykənməyi planlaşdırır. Hələ­lik görünən odur ki, İrəvan bununla eyni vaxtda bir neçə hədəfə çatmağı düşünür. Onun birinci hədəfi delimitasiya prose­sində SSRİ dağılana qədərki xəritələri gündəmdən çıxarmaqdır. İkincisi hədəfi isə Bakıya “güzgü prinsipi”ni qəbul et­dirmək və Azərbaycan qoşunlarının 44 günlük müharibədən sonra tutduğu stra­teji yüksəkliklərdən geri çəkilməsinə nail olmaqdır. 

Delimitasiya komissiyalarının razılaş­masında qeyd olunub ki, tərəflər, həmçi­nin baza prinsipini əsasnamə layihəsin­də təsbit etmək barədə razılığa gəliblər. Yəni, İrəvan delimitasiya planında bu razılaşmadan istinad nöqtəsi kimi ya­rarlanmaq istəyir. Məhz buna görə Bakı ikitərəfli razılaşmaya mühüm bir əlavə edib. Razılaşmanın “delimitasiya prose­sində Alma-Ata Bəyannaməsinə əsasla­nacaq” hissəsində qeyd olunur ki, “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sül­hün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq bəndi bu sazişlə müəyyənləşdi­rilmiş prinsiplərə uyğunlaşdırılacaq”.

Bu isə o deməkdir ki, delimitasiya pro­sesində Alma-Ata Bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, amma dövlətlərarası sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər. Fəqət, İrəvanın arzuladığı “güzgü prinsipi”ni – qoşunla­rın geri çəkilməsi variantını Bakı heç bir halda qəbul etməyəcək. Çünki sovetlər dönəmində Ermənistana bağışlanmış ərazilərimizlə bağlı məsələni də aktu­al olaraq gündəlikdə saxlayır. Sadəcə olaraq, imzalanacaq sülh sazişinin mət­ninə delimitasiyanın keçmiş xəritələrə əsaslanması məsələsi daxil edilə və bu razılaşmanın “Alma-Ata bəyannamə­sinə əsaslanması” bəndi dəyişdirilə bilər. Yəni, hazırda əldə olunmuş razılaşmaya bu qeydin daxil edilməsi Ermənistanın delimitasiya prosesində söykənmək istə­diyi “nöqtə”ni əlindən çıxarır. Bu isə sülh danışıqlarının növbəti raundunun pred­metidir.

Nəyi, necə və nə zaman edəcəyi­ni həmişə düzgün hesablayan siyasət qrossmeysterinin məsələyə son nöqtəni də Azərbaycan dövlətinin və xalqının mə­nafeyinə tam uyğun gələn formada qoya­cağına heç kəsin, o cümlədən İrəvanın da şübhəsi olmasın. Qarşı tərəf, sadəcə, zaman çarxının heç də onun xeyrinə fır­lanmadığını nəzərə almalı, “tet–a–tet” görüşü mümkün qədər tez və az itki ilə başa vurmağa çalışmalıdır. 

İmran BƏDİRXANLI
XQ

Siyasət