Orta hesabla insan gün ərzində 7-23 dəfə əsnəyir. Perm Politexnik Universitetinin alimləri bu proses zamanı orqanizmdə nələrin baş verdiyini, kimlərə “yoluxucu” əsnəmənin təsir etmədiyini, onun stress, baş ağrısı, yuxululuq və cansıxıcılıq kimi hallarda necə dəyişdiyini və niyə əsnəmə ilə oksigen çatışmazlığı və bədənin istilik tənzimlənməsi arasında əlaqənin ikinci dərəcəli olduğunu izah ediblər.
Əsnəmə – mürəkkəb neyrofizioloji proses
Əsnəmə yüksək sinir fəaliyyətinin bir çox mərkəzlərini işə salan mürəkkəb neyrofizioloji aktdır. Tibbi elmlər namizədi, “Kimya və biotexnologiya” kafedrasının aparıcı elmi işçisi Valeri Litvinovun sözlərinə görə, mərkəzi sinir sistemində tormozlayıcı proseslər yığıldıqda, dopamin neyronları aktivləşir və bu siqnal beyin kötüyündəki tənəffüs mərkəzinə ötürülür. Nəticədə xarakterik zəncirvari proses baş verir: dərin nəfəsalma, diafraqma və qabırğaarası əzələlərin yığılması, 2–5 saniyəlik nəfəsin saxlanılması, boyun və üz əzələlərinin gərilməsi, sonra isə güclü nəfəsvermə.
Nəticədə nəfəs alınan havanın həcmi normaldan dörd dəfə çox artır, bu da qanda oksigen səviyyəsini müvəqqəti yüksəldir. Əzələlərin gərilməsi isə ürəyə daha çox qan axını təmin edir, ürək döyüntülərinin sayını və nasoslanan qanın həcmini 20–25% artırır. Bu mexanizm orqanizmin “iş rejimini” incə şəkildə tənzimləyir.
Əsnəmə və oksigen çatışmazlığı arasında əlaqə yoxdur
Yayılmış fikrin əksinə olaraq, elmi tədqiqatlar göstərib ki, qandakı oksigen və ya karbon qazı səviyyəsinin dəyişməsi əsnəməyə təsir etmir. Litvinov bildirir ki, havasız mühitdə əsnəmək havanın tərkibi ilə deyil, oyanıqlıq səviyyəsinin dəyişməsi ilə bağlıdır. Havasızlıq insanı yuxulu və diqqətsiz edə bilər, bu da əsnəməni müvəqqəti aktivləşmə mexanizmi kimi işə salır. Əgər insan aktiv qalırsa, bu reaksiya baş verməyə də bilər. Yəni əsas amil oksigen çatışmazlığı deyil, mərkəzi sinir sisteminin funksional vəziyyətidir.
“Yoluxucu” əsnəmə və empatiya
Koqnitiv-psixoloq Yuliya Neverovanın sözlərinə görə, “yoluxucu” əsnəmə güzgü neyronlarının fəaliyyətinə əsaslanır. Bu neyronlar həm hərəkəti yerinə yetirərkən, həm də başqasının eyni hərəkətini izləyərkən aktivləşir. Onlar təqlid və empatiya qabiliyyətinin əsasını təşkil edir.
Əsnəməni daha çox yaxın dostdan və ya ailə üzvündən “yoluxmaq” ehtimalı var, çünki emosional bağ güzgü neyronlarının reaksiyasını gücləndirir. Bu hal “empatik əsnəmə” adlanır. Autizmli insanlar isə çox zaman bu effekti göstərmirlər, çünki üz ifadələrini tanımaq və empatiya qurmaq qabiliyyətləri zəif ola bilər.
Heyvanlarda əsnəmə refleksi
Bir çox sosial heyvanlar (itlər, şimpanzelər, canavarlar) də insanın əsnəməsini təkrarlaya bilir. Bu, qrupun vəziyyətini sinxronlaşdırmaq üçün qədim təkamül mexanizmi sayılır.
Əcdadlarımız və heyvanlar arasında əsnəmə ümumi yorğunluq və ayıqlığın azalması siqnalı idi, bu da təhlükəyə qarşı xəbərdarlıq rolunu oynayırdı.
Pişiklərdə isə əsnəmə əsasən sosial məsafəni qoruma jesti kimi qəbul edilir, empatiya əlaməti deyil.
Cansıxıcılıq zamanı əsnəmək
Cansıxıcılıq psixoloji aktivliyin azalması ilə bağlıdır. Bu zaman sinir sistemində tormozlayıcı proseslər güclənir və əsnəmə mexanizmi işə düşür. Dopamin ifrazı beyni “təmizləyir”, diqqəti artırır və insana qısamüddətli “aydınlıq” hissi verir.
Stress və əsnəmə
İmtahan və ya çıxış öncəsi əsnəmə sinir sisteminin gərginliyini azaltmaq məqsədi daşıyır. Bu zaman dopamin yerinə serotonin ifraz olunur, o da əzələləri boşaldır və sakitləşdirici təsir göstərir. Axşam əsnəməsi də eyni mexanizmlə baş verir – orqanizmi yuxuya hazırlayır.
Əsnəmə və beyinin soyuması
Bəzi hipotezlərə görə, əsnəmə beyni soyutmağa kömək edir, lakin bu, əsas yox, əlavə mexanizmdir. Əsas məqsəd - sinir sisteminin aktivlik səviyyələrini tənzimləməkdir.
Əsnəmə və göz yaşları
Əsnəyərkən üz əzələlərinin gərilməsi göz yaşı vəzilərini stimullaşdırır, eyni zamanda, axar kanallar sıxılır. Nəticədə maye yığılır və göz yaşları yanaqlara axır.
Əsnəmə və baş ağrısı
Migren və ya gərginlik zamanı beyin kötüyündəki tənəffüs mərkəzi qıcıqlanır, əsnəmə isə bu balanssızlığı bərpa etməyə kömək edir - spazmı azaldır, qan dövranını yaxşılaşdırır, ağrını yüngülləşdirir.
Əsnəməni idarə etmək mümkündürmü?
İnsan iradə ilə əsnəməni bir qədər ləngidə bilər, lakin tam dayandıra bilməz.
Bu refleks dərin beyin strukturları tərəfindən idarə olunur və şüurdan asılı deyil. Buna görə əsnəmə adətən qəfil və qeyri-ixtiyari şəkildə baş verir.
Bir sözlə, əsnəmə - orqanizmin sinir sistemindəki disbalansa cavab olaraq işə düşən, oyanıqlıq səviyyəsini tənzimləyən mürəkkəb və zəruri mexanizmdir.
Hazırladı:
S.ELAY
XQ

