Oxatan A – yadplanetlilərin ideal ünvanı?

post-img

Alimlərin hesablamalarına görə, yüksək inkişaf etmiş yadplanetli sivilizasiya üçün ən məntiqli addım Süd Yolu qalaktikasının mərkəzinə - fövqəlkütləvi qara dəliyin yaxın orbitinə yerləşmək olardı. Bunun səbəbi orada zamanın yavaşlaması effektidir: bu şəraitdə qalaktikanı ən qısa müddətdə dolaşıb öyrənmək mümkündür.

Zamanın cazibə qüvvəsi altında daha yavaş axdığını ilk dəfə Albert Eynşteyn hesablamışdı. Bu, cazibənin mahiyyətinin – yəni hər hansı kütləsi olan cismin məkan-zamanın görünməz “toxumasını” əyməsi kimi başa düşülməsinin qaçılmaz nəticəsi idi. Dahi fizik bu fikri 1915-ci ildə “Ümumi nisbilik nəzəriyyəsi”ndə irəli sürmüşdü. 1971-ci ildə isə bu nəzəriyyə eksperimental təsdiqini tapdı: sərnişin təyyarələrinə son dərəcə dəqiq atom saatları yerləşdirildi və uçuşdan sonra yer üzündəki eyni modellə müqayisə olundu. Nəticədə məlum oldu ki, təyyarələrdə zaman bir qədər “irəli qaçmışdı”. Deməli, cisim nə qədər kütləvidirsə, zamanın yavaşlaması effekti bir o qədər güclüdür.

Bu mövzu üzərində yaxınlarda Çexiya Elmlər Akademiyasının Fizika İnstitutundan alim Castin Fenq (Justin C. Feng) və müstəqil tədqiqatçı Kris Reiss (Chris Reiss) düşünüblər. Onlar zamanın yavaşlaması fenomenini nəzərdən keçirərək, mümkün bir yadplanetli sivilizasiya barədə fərziyyə irəli sürüblər. Tədqiqatçılar bu ideyanı arXiv.org elmi portalında dərc etdikləri məqalədə izah ediblər. Onların fikrincə, hər bir qalaktikada zamanın ən çox yavaşladığı nöqtə - onun mərkəzində yerləşən fövqəlkütləvi qara dəlikdir. Süd Yolu qalaktikasında bu obyekt Oxatan A (Sagittarius A) adlanır və onun kütləsi Günəşin 4,3 milyon qatına bərabərdir. Təxminən 26 min işıq ili uzaqlıqda yerləşən bu nəhəng cismin yaxınlığında zaman bizə nisbətən təxminən 100 dəfə daha yavaş axır. Yəni bizdə bir əsr keçənə qədər, orada cəmi bir il ötür.

Alimlərin qənaətinə görə, texnoloji cəhətdən yüksək inkişaf etmiş bir sivilizasiya üçün bu effektdən istifadə etmək ağıllı olardı. Əgər onlar Oxatan A-ya yaxınlaşsalar, qalaktikanın yaxın bölgələrini cəmi bir insan ömrü ərzində araşdıra bilərlər. Üstəlik, Süd Yolunun mərkəzi ətrafında çoxlu ulduz sistemləri cəmlənib. Lakin fövqəlkütləli qara dəliyin bilavasitə yaxınlığında planet yerləşməsi mümkün deyil - orada planetlər, ümumiyyətlə, mövcud ola bilməz.

Astrofiziklər bu mənada “İnterstellar” filmindəki Miller planeti ideyasını da tənqid ediblər: filmdə təsvir edilən zaman yavaşlaması yalnız fiziki baxımdan real olmayan qara dəlik xüsusiyyətləri ilə mümkündür; əslində, belə yaxınlıqda planet çox güman ki, parçalanardı. Buna görə alimlər belə bir sivilizasiyaya və ya gələcək nəsillərimizə planet deyil, kiçik və azkütləli kosmik stansiyada yaşamağı “məsləhət” görürlər — bu cür obyekt cazibə qüvvələrinin təsirinə daha davamlı olar.

Belə stansiyanın sakinləri öz kosmik gəmilərini qalaktika boyunca səyahətə göndərə, onların nəvələri isə bu gəmilərin geri dönüşünü görə bilərlər. Əgər bu gəmilər işıq sürətinə yaxın hərəkət edə bilsələr, “yerli” zamana görə Oxatan A orbitindən çıxan bir gəmi Günəş sisteminə cəmi 260 il ərzində çatar. Hətta çox daha yavaş hərəkət edilsə belə, zamanın yavaşlaması qalaktika miqyasında heyrətamiz imkanlar açır.

Alimlər, həmçinin, ulduz kütləli qara dəliklərdən ibarət “zəncir” vasitəsilə Süd Yolunda fövqətsürətli nəqliyyat sistemi qurmaq ideyasını da nəzərdən keçiriblər: belə halda kosmik gəmi hər bir qara dəliyin yanından keçərkən trayektoriyasını dəyişir və bu yolla qalaktikanı “qara dəliklər halqası” üzrə dolaşa bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu konsepsiya məşhur Fermi paradoksunu da izah edə bilər - yəni kainatda digər ağıllı sivilizasiyalardan heç bir iz görməməyimizin səbəbini. Bizim vaxt ölçümüzlə, onların kosmik gəmiləri yalnız hər bir neçə yüz, bəlkə də on min ildən bir “uçuşa” çıxır. Bundan başqa, bu qədər inkişaf etmiş sivilizasiya öz varlığını gizlətməyə çalışacaq, çünki belə yüksək sürətlərdə hər hansı toqquşma və ya müşahidə onları asanlıqla məhv edə bilər.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı