Kəlağayı Günləri - 2025

post-img

2025-ci il noyabrın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə "Kəlağayı Ev Muzeyi"ndə "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində ilk tədbirə start verildi.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı qonaqları salamladı.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Güllü Eldar Tomarlı   layihə haqqında geniş məlumat verdi. Qeyd etdi ki, illərdir milli dəyərimiz olan kəlağayını təbliğ edirik. 2014-cü ildə kəlağayımız Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur. Kəlağayımızın UNESCO-ya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024-cü ildə "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında, respublikamızın bölgələrində, Gürcüstanın Tbilisi, Rustavi, Marneuli şəhərlərində, Moskvada, Sankt-Peterburqda tədbirlər, festivallar, sərgilər keçirildi. Bu il də final olaraq 26 noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sərgi və geniş konsert proqramı  keçiriləcək.

Sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov xalqımızın milli dəyərlərinin qorunmasının, gələcək nəslə ötürülməsinin vacibliyini, bu sahədə  Mehriban xanım Əliyevanın misilsiz əməyini vurğuladı. Şöbə müdiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlının son illərdəki uğurlu fəaliyyətindən söhbət açdı: “Artıq 5 ildir ki, Güllü xanımın rəhbərlik etdiyi İctimai Birlik hər il Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin kiçik qrant müsabiqəsinin qalibi olur. Xətai rayonunda Heydər Əliyev parkındakı amfiteatrda ilk dəfə 2024- cü  ildə  “İlk Kəlağayı Festivalı”, 2025 - ci ildə isə davamı olaraq "ll Kəlağayı Festivalı" keçirilmişdir. Muzeyin ekspanatlar çoxaldıqca nümayiş etdirilməsi darısqallıq ucbatından çətinliklər yaratdığını da bilirik. Bu muzeyin daha geniş yerdə fəaliiyyəti üçün rayon rəhbəliyi səviyyəsində işlər aparılır”.

Çıxış edən araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı kəlağayının qədimliyindən, xanımlarımızın yaraşıq, gözəllik rəmzi olmasından, sağlamlığı qorumasından və  digər özünəməxsus xüsusiyyətlərindən söz açdı: “Kəlağayı xalqın yaddaşıdır, şərəfli tarixidir, nənələrdən qalma mənəvi əmanətdir. Bu qədim baş örtüyü ilə Azərbaycan xanımlarının ovqatını, yaşını, sosial vəziyyətini dəqiq müəyyənləşdirmək mümkündür. Güllü xanımın mənəvi dəstəyi ilə kəlağayı ədəbiyyatı - neçə-neçə kitablar, həmçinin kəlağayını vəsf edən mahnılar yaranmışdır. Güllü xanım kəlağayını nəinki ölkəmizdə, eləcə də bir çox xarici ölkələrdə - Türkiyədə, Gürcüstanda, Rusiyanın böyük şəhərlərində uğurla təqdim edib. 

Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri -  tanınmış əmək qəhrəmanı Tərlan Musayeva, Fəxrəddin Mahmudov, Eyzanat Osmanova, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Polad Ağa və gənclər Güllü Eldar Tomarlının yorulmazlığından, Vətən, kəlağayı və papaq sevgisindən danışdılar, ona bu şərəfli işdə uğurlar arzuladılar.

Gənc aşıq Dərya Nəsibova ən  ifası alqışlarla qarşılandı.

Sonda Güllü Eldar Tomarlı mənəvi dəstəyə görə tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.















Mədəniyyət