Adam Şiff oğrudur!

post-img

ABŞ pezidenti ermənipərəst senatoru aşkar rüsvay etdi

Bu günləri onlar görməli və yaşamalı idilər. Söhbət son zamanlar ermənipərəst senatorlar və Konqres üzvlərindən gedir. Onlar layiq olduqları ağır günlərin “dadını çıxarırlar”. Doğrudur, onların bəziləri artıq Femida tərəfindən ittiham olunaraq həbsxanaya salınıb, bəziləri isə məsuliyyətə cəlb olunub. İki gün əvvəl ABŞ Prezident Donald Tramp qlobal ermənilərin “parlaq” tərəfdarı kimi məşhurlaşmış kaliforniyalı senator Adam Şiffin əməllərini olduqca düzgün xarakterizə edərək onu “xəstə adam” adlandırıb.

Ağ Ev rəhbəri bədnam senatora qarşı aparılan istintaqla bağlı yayılan son xəbərləri şərh edərkən deyib: “Adam Şiff siyasətdə indiyə qədər rastlaşdığım ən aşağı təbəqəyə malik individlərdən biridir. O, həm də qorxunc insandır... Düşünürəm ki, o, həqiqətən də xəstədir”.

Oxuculara xatırladaq ki, Merilend ştatının böyük münsiflər heyəti senator Adam Şiffə qarşı iddia edilən ipoteka, bank və poçt fırıldaqçılığı, habelə maliyyə institutlarına verdiyi yalan ifadələrlə bağlı cinayət ittihamlarını nəzərdən keçirir. Ermənipərəst senatorun qanun pozuntuları Federal Mənzil Maliyyələşdirmə Agentliyi (FHFA) tərəfindən aşkar edilib. Senatorun vergi və ipoteka məqsədləri üçün həm Merilend ştatındakı əmlakını, həm də Kaliforniya kondominiumunu əsas iqamətgahı kimi iddia etdiyi mülkü müsadirə oluna bilər..

***

Yeri gəlmişkən, bu, prezident Donald Trampın demokrat senator haqqında ilk dəfə belə sərt danışması deyil. O, 2024-cü ilin fevral ayında “TruthSocial” sosial media platformasındakı bir yazısında Şiffi “şlaqbax və itirən” adlandıraraq onu əməlli-başlı təhqir etmişdi. Buna səbəb ermənipərəst senatorun 2019-cu ilin sentyabrında Trampı “vətənə xəyanətdə” ittiham etməsi olmuşdu. Daha sonra Şiff bu itihamla bağlı ABŞ Nümayəndələr Palatasında da çıxış etmişdi. O, Konqresə Trampın 2019-cu ilin iyulunda Ukrayna Prezidenti Vladimir Zelenski ilə “telefon danışığının məzmununu” təqdim etdi. Amma Ağ Ev rəhbəri konqresmenin onun sözlərini qəsdən təhrif etdiyini bildirmişdi.

Xatırladaq ki, Adam Şiff ABŞ liderini “Rusiya ilə gizli sövdələşmədə” günahlandırıb və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri kimi kəşfiyyat orqanlarının Trampın Zelenski ilə söhbəti ilə bağlı işçinin şikayətini araşdırdığı barədə ilk məlumat yayıb. Buna cavab olaraq Tramp tvitterdə Şiffin Konqresdəki dinləmələrdə özündən “saxta və dəhşətli” bəyanat uydurduğunu və bunu, guya, ABŞ prezidentinin Ukrayna prezidenti ilə telefon danışığında dediyi kimi qəbul etdiyini yazıb: “Bunun (bəyanatın – red.) telefon danışığı zamanı dediklərimlə heç bir əlaqəsi yox idi”.

Ağ Ev rəhbəri öz paylaşımında ermənipərəst konqresmenin saxtakarlığını bir daha vurğulayaraq, onu Konqresdən getməyə çağırıb. Daha sonra bu zəmində Tramp və Şiff arasında münaqişə xeyli uzandı. İkinci dəfə prezident seçildikdən sonra, 2025-ci ilin iyulunda Donald Tramp ermənipərəst senatoru oğru adlandırdı və onu vergi saxtakarlığında ittiham etdi: “Adam Şiff oğrudur! O, buna görə cavab verməlidir, necə ki, onlar (demokratlar – red.) məni və bir çoxlarını məsuliyyətə cəlb etməyə çalışıblar. Yeganə fərq odur ki, biz tamamilə günahsız idik; hər şey uydurulmuş böyük bir mifdən ibarət idi”. O, iddialarını təsdiqləməkdən ötrü sosial mediada sübut kimi vergi sənədlərini paylaşaraq, bu barədə “Truth Social”da yazıb.

ABŞ prezidenti, həmçinin Adam Şiffin kredit almaq üçün sənədləri saxtalaşdırdığına diqqət çəkərək, fırıldaqçılığına görə həbsxanaya getməli olduğunu vurğuladığı başqa bir yazı dərc edib və konqresmeni ipoteka fırıldaqçılığı sxeminə görə “fırıldaqçı” adlandırıb.

***

Bütün bu faktlar onu göstərir ki, hazırda Dairəvi kabinetdə oturan şəxsin əlində bu ermənipərəst konqresmenə qarşı kifayət qədər sübutları var. Bu isə Adam Şiffin də ABŞ-dakı erməni diasporunun anti-Azərbaycan “xorunda” solistlik edən həmkarı Bob Menendezlə eyni aqibətlə üzləşəcəyini deməyə əsas verir. Onun da Menendez kimi, ABŞ Konqresində erməni maraqları naminə lobbiçilik fəaliyyəti ilə bağlı kifayət qədər “təcrübəsi” var. Məsələn, hazırda məhkum həyatı yaşayan həmin Menendez son 20 ildən artıq bir müddətdə dəfələrlə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verib, Konqresdə və Senatda ölkəmizi ləkələmək məqsədi daşıyan dinləmələrə müəlliflik edib. O, Senatın Xarici Əlaqələr Komitəsinin sədri olduğu müddətdə Bakıya qarşı sanksiyaların tətbiqi və “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” haqqında ikitərəfli qanun layihəsinin müəllifi kimi də tanınır. Beləliklə, 2023-cü ilin sentyabrında Menendez onun və həyat yoldaşı, livanlı erməni əsilli Nadin Arslanyanın Nyu-Cersi ştatından üç iş adamı ilə korrupsioner sövdələşmələrdə iştirak etmələri və yüz minlərlə dollar rüşvət almaları, hətta xarici kəşfiyyata işləmələri ittihamları ilə mühakimə olundu.

2024-cü ildə Nyu-York məhkəməsi onu qəsb etməkdə, ədalət mühakiməsinə mane olmaqda, Misir və Qətərlə əlaqəsi olan iş adamlarına edilən xeyir-dualara görə rüşvət almaqda təqsirli bildi. Onun evində axtarış zamanı FTB agentləri təxminən yarım milyon dollar nağd pul, 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli “Mercedes-Benz” kabrioletini aşkar ediblər.

***

Bu ilin əvvəlində keçmiş demokrat senator 11 il həbs cəzasına məhkum edildi və məhkəmənin hökmü bu ilin iyun ayında qüvvəyə mindi. Menendezin erməni əsilli həyat yoldaşı da 4,5 il həbs cəzası aldı.

Qlobal ermənilərin Konqresdəki tərəfdarları arasında demokrat Frank Pallone də xüsusi “diqqətə və yerə” layiqdir. Bütövlükdə onun erməni lobbisinə verdiyi töhfələr bir qalın kitabın səhifələrini doldura bilərdi. Bu siyahıya ölkəmizə qarşı Qarabağda “etnik təmizləmə aparmaqda” ittihamları, Bakıya qarşı israrlı sanksiya çağırışları, Xankəndidəki separatçı rejimin “müstəqilliyinin tanınması” ilə bağlı qətnamənin qəbuluna cəhdlərin göstərilməsi də daxildir. Təbii ki, bu siyahıya onun COP29 ərəfəsində beynəlxalq ictimaiyyəti şiddətlə Azərbaycan paytaxtında keçirilən BMT-nin iqlim konfransını boykot etməyə çağırması, qarayaxma kampaniyasına başçılıq etməsini də əlavə etmək lazımdır.

Amma, atalar demişkən, nə tökərsən aşına, o da çıxar qaşığına. Yəni bumeranq qanunu heç vaxt ləğv olunmayıb və bu gün də öz effektini sübuta yetirir. Menendez kimi Şiff və Pallone də, qlobal erməni icmasının maraqlarının digər müdafiəçiləri, diasporun səxavətlə maliyyələşdirdiyi saxtakar korrupsionerlər layiq olduqları cazanı alacaqlar. Bu, həm də Ağ Ev rəhbərinin obyektivliyinin və ədalətə söykənən qətiyyətli kursunun qalibiyyəti sayılmalıdır. Ümid edirik ki, bugünədək erməni lobbisinin pulları ilə özlərinə hördükləri “çətir”in arxasında gizlənməyi bacaranların hamısı tezliklə eyni aqibəti yaşayacaqlar.

P.S. Üç il bundan əvvəl internetdə yayılan xəbərlərdə deyilirdi ki, Adam Şiff məşhur rusofob Ceykob Şiffin nəvəsidir. Ceykob hələ çar Rusiyası dövründən ruslara qarşı mübarizə aparıb, bolşevikləri maliyyələşdirib, rus-yapon müharibəsində isə Yaponiyanı dəstəkləyib.

İ.HƏSƏNQALA
XQ

Siyasət