2 iyul – Azərbaycan Polisi Günü
Hər bir dövlətin gücü təkcə onun iqtisadi inkişafı, hərbi qüdrəti və siyasi nüfuzu ilə deyil, həm də qanunun aliliyinin təmin olunması, ictimai asayişin qorunması və vətəndaş təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycan Polisi dövlətçiliyimizin mühüm dayaqlarından biri, milli təhlükəsizliyin və hüquq-mühafizə sisteminin aparıcı sütunlarından hesab edilir.
Bu gün Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü qeyd edir. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində milli polis orqanlarının yaradılması ilə əsası qoyulan bu şərəfli tarix sonradan ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə rəsmi olaraq "Azərbaycan Polisi Günü" elan edilmişdir. Bununla da milli polisimizin tarixi köklərinə verilən yüksək qiymət dövlət səviyyəsində təsbit edilmişdir.
Azərbaycan polisinin keçdiyi yol əslində müstəqil dövlətçilik tariximizin ayrılmaz hissəsidir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət institutlarının yaradılması istiqamətində mühüm addımlar atmış, polis orqanları isə dövlət hakimiyyətinin təmin olunmasında, hüquq qaydasının qorunmasında və ölkənin sabitliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra daxili işlər orqanları sovet hüquq-mühafizə sisteminin tərkibində fəaliyyət göstərsə də, bu dövrdə də peşəkar kadr potensialı formalaşmış, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində zəngin təcrübə toplanmışdır. Xüsusilə 1970–1980-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, milli kadrların hazırlanması və peşəkarlığın artırılması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanları qarşısında tamamilə yeni və daha mürəkkəb vəzifələr meydana çıxdı. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması, cinayətkarlıqla mübarizə, separatizmə və terrora qarşı qətiyyətli fəaliyyət məhz polis əməkdaşlarının üzərinə düşən ən məsuliyyətli missiyalardan idi.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü, dövlət çevrilişi cəhdləri və daxili qarşıdurmalar zamanı Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirdi. Yüzlərlə polis əməkdaşı dövlət müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda qəhrəmancasına şəhid oldu, minlərlə əməkdaş sağlamlığını itirdi. Onların igidliyi xalqımızın yaddaşında əbədi yaşayır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri daxili işlər orqanlarının əsaslı şəkildə yenidən formalaşdırılması oldu. Polis orqanlarında peşəkarlıq, intizam, qanunçuluq prinsipləri daha da möhkəmləndirildi, müasir idarəetmə sistemi yaradıldı, beynəlxalq standartlara uyğun islahatlar həyata keçirildi. Məhz həmin dövrdən etibarən Azərbaycan polisi cəmiyyətin etimadını qazanan, dövlətçiliyin etibarlı dayaqlarından birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə daxili işlər orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Müasir informasiya texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin yaradılması, "Elektron polis" xidmətlərinin genişləndirilməsi, videomüşahidə şəbəkələrinin inkişafı, kriminalistik laboratoriyaların yenilənməsi və polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətləridir.
Azərbaycan Polisi bu gün təkcə cinayətkarlıqla mübarizə aparan qurum deyil. O, eyni zamanda insan hüquq və azadlıqlarının qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkətinin təhlükəsizliyinin təşkili, kibercinayətkarlığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkarlıqla mübarizə və fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin olunması kimi çoxşaxəli vəzifələri uğurla yerinə yetirir.
2020-ci ildə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan polisi yenidən öz peşəkarlığını və vətənpərvərliyini nümayiş etdirdi. Daxili İşlər Nazirliyinin əməkdaşları və Daxili Qoşunların şəxsi heyəti döyüş tapşırıqlarını uğurla yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm rol oynadılar. İşğaldan azad edilmiş ərazilərdə ictimai asayişin təmin olunması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, qanunçuluğun bərpası istiqamətində görülən işlər bu gün də uğurla davam etdirilir.
Azərbaycan polisi beynəlxalq əməkdaşlıq sahəsində də nüfuzunu davamlı olaraq artırır. İnterpol və digər beynəlxalq hüquq-mühafizə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq transmilli cinayətkarlığa qarşı mübarizənin səmərəliliyini yüksəldir, ölkəmizin beynəlxalq təhlükəsizlik sistemində mövqeyini gücləndirir.
Bu gün Azərbaycan polisi müasir texnologiyalara yiyələnmiş, yüksək peşəkarlıq nümayiş etdirən, qanunun aliliyini əsas fəaliyyət prinsipi kimi qəbul edən güclü hüquq-mühafizə institutudur. Onun fəaliyyəti dövlət təhlükəsizliyinin, vətəndaş rifahının və ictimai sabitliyin təmin edilməsinə xidmət edir.
Azərbaycan polisinin şərəfli salnaməsi minlərlə əməkdaşın sədaqəti, vicdanlı xidməti, fədakarlığı və qəhrəmanlığı ilə yazılmışdır. Bu salnamədə şəhid polis əməkdaşlarının müqəddəs xatirəsi xüsusi ehtiramla yaşayır. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsil hüquq-mühafizə orqanları əməkdaşları üçün vətənpərvərlik məktəbi olaraq qalacaq.
108 illik inkişaf yolu göstərir ki, Azərbaycan Polisi dünən olduğu kimi bu gün də dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanır, qanunun aliliyinin təmin edilməsinə, vətəndaşların təhlükəsizliyinə və ölkəmizin sabit inkişafına ləyaqətlə xidmət edir.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının bütün şəxsi heyətini, müharibə veteranlarını və ehtiyatda olan əməkdaşları ürəkdən təbrik edir, xidməti fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və Vətənə şərəfli xidmət yolunda yeni nailiyyətlər arzulayırıq.
Nurəngiz Adilqızı
XQ

