Yaxud regiona mənfi münasibətə qarşı dirəniş məfkurəsi
Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində göstərilən səylər ümid verir. Bu, geniş regionumuz üçün daha böyük sabitlik və əməkdaşlıq perspektivləri yaradır. Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 67-ci plenar iclasında çıxışı zamanı belə deyib.
Əslində, Ş.Papuaşvilinin fikirləri, müəyyən mənada, şablon qarşılana bilər. Çünki hazırda onun dediklərini dilə gətirənlər çoxdur. Xüsusən, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri məsələyə diqqət yetirirlər. Görünən budur ki, Gürcüstan da ümumi mənzərədə təmsilçilik istəyindədir və bu, olduqca sevindirici məqamdır.
Deməli, tarixi “Qafqaz evi” ideyasının geniş anlamda region anlayışı baxımından dəyərləndirildiyi mərhələyə doğru gedirik. Elə bir mərhələ ki, tarixi stereotiplərə meydan oxuyacaq. Söhbət mənfi stereotiplərdən gedir. O stereotiplər ki, onlardan uzaq durulması “Qafqaz evi”ni həm də barış, əməkdaşlıq və inkişaf platformasına çevirəcək.
Bəli, “Qafqaz evi” əlahiddəlikdir və bu ideya mütləq ortaq məfkurə halına gəlməlidir. Region ölkələrinin sakinləri bu məfkurənin, əslində, yaşam təminatı, varlıq düsturu olduğunu dərk etməlidirlər. Əlbəttə, mahiyyət bərabərlilik prinsipinə əsaslanmalı, hansısa üstünlük cəhdlərinə yer olmamalı, müstəqil dövlətçilik prinsipi qəti şəkildə qorunmalıdır.
“Qafqaz evi” regiona yönəlik imperialist baxışlara müqavimət immuniteti qazanmalıdır. Bu “ev” elə bir fundamental struktura malik olmalıdır ki, hansısa kənar qüvvə ona müxtəlif yollarla təsir imkanlarından nəinki məhrum olsun, həmçinin, belə bir təsirin mümkünlüyü barədə düşünmək, planlar qurmaq cəsarəti tapmasın.
Tarixə müraciət etsək, “Qafqaz evi” ideyası ilk dəfə Mirzə Fətəli Axundovun baxışlarında özünü göstərib. Lakin Axundovdan fərqli olaraq, bəzi gürcü və erməni fikir adamları ideyaya etnik millətçilik çalarları qazandırdılar ki, bu da heç cür qəbul edilə bilməzdi. Sonrakı dövrdə sözügedən ideyanın Osmanlı dövlətinin də marağında olduğunu və Qafqazın müsəlman əhalisini nəzərdə tutduğunu söyləmək mümkündür. Əlbəttə, dahi Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balasıyıq” adlı məqaləsini və həmin məqalədə “Qafqaz evi”nin region üçün əhəmiyyətinin izahını da vurğulamalıyıq, 1920-ci ilin bolşevik işğalı nəticəsində yaranmış və 1922-1936-cı illərdə mövcud olmuş Zaqafqaziya Sovet Sosialist Respublikasını da.
Bir məqamı da vurğulayaq. SSRİ-nin dağılmasından sonra məramı Qafqaz xalqlarının konsolidasiyasına söykənmiş bir sıra təşəbbüslər irəli sürüldü ki, onların qarşısı Rusiya tərəfindən alındı. Moskvanın Ermənistanı alətə çevirməsi və Qarabağ münaqişəsi isə “Qafqaz evi”nin, obrazlı desək, cücərən toxumlarını məhv etdi. Ümumən, Rusiya Qafqazda bir sıra münaqişə ocaqlarını diri saxlamaqla, regionun vahid orqanizm halına gəlməsinə ciddi maneçilik törətdi. Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulması fonunda həmin maneələr bu gün də qalmaqdadır.
Ancaq 44 günlük müharibənin nəticələri regionun axarını dəyişdi və məsələnin üzərinə qayıdacağıq. Hələlik isə onu bildirək ki, cənab Papuaşvilinin regionun ticarət, nəqliyyat, enerji və rəqəmsal əlaqəlilik mərkəzi kimi rolunu gücləndirmək üçün böyük potensiala malik olmasına dair dedikləri çox əhəmiyyətlidir. Habelə: “Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün biz mövcud dövrə yalnız çağırışlar prizmasından deyil, həm də yeni imkanlar baxımından yanaşmalıyıq”.
Bəli, imkanlar əldən verilməməlidir və məsələ barədə Prezident İlham Əliyev də bir çox platformalarda ətraflı söz açıb. Bu baxımdan dövlətimizin başçısının 2025-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş “Regionların transformasiyası: Avrasiya” mövzusundakı sessiyada bildirdikləri bəzi məqamların üzərində dayanaq. “Hazırda yerləşdiyimiz regionun imkanları heç vaxt indiki qədər geniş olmayıb”, - deyən ölkəmizin lideri 2021-ci ilin mayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr zamanı isə inam aşılamışdı: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.
Ümumən, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Prezident İlham Əliyevin Cənubi Qafqazın inteqrasiya və inkişaf məkanına çevrilməsinin zəruriliyinə dair çoxsaylı fikirləri olub. Dövlətimizin başçısının 2022-ci il aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda açıqladığı məqamlar da xüsusi əhəmiyyət daşımaqdadır. “Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır”, – deyən Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinin, ümumən, Bakı ilə İrəvan arasında sülhün olmamasının Cənubi Qafqazın inkişafını ləngitməsi ilə bağlı fikirləri də var.
Cənab Papuaşvili çıxışında, həmçinin, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tam istismara verilməsini qarşılıqlı faydalı əməkdaşlığın və regionun inkişafına verilən birgə töhfənin parlaq nümunəsi saydığını bildirib. O da məlumdur ki, Cənubi Qafqazın vahidliyini vurğulayan regional layihə və təşəbbüslər artmaqdadır. Mövcud xüsusda isə ön plana Naxçıvana maneəsiz yol çıxır. Daha doğrusu, bu yolun kontekstində regional kommunikasiyaların açılması məsələsi. Aydındır ki, Zəngəzur dəhlizinin, böyük anlamda götürsək, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları Birgə Bəyannamənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”, yaxud “Tramp marşrutu” və ya qısaca TRIPP müddəası gerçəkləşsə, region gerçək vahid orqanizm halına gələcək.
Sonda bir daha “Qafqaz evi” ideyasının dayanıqlılığı barədə söz açaraq bildirək ki, hazırda Cənubi Qafqaz müstəvisində yaranmış şans əldən verilməməlidir. Məhz bu şansın dəyərləndirilməsi ideya üçün haqqında söz açdığımız güclü immuniteti formalaşdıracaq. İmminitet isə regionumuzu vahid orqanizm halına gətirəcək. Elə bir orqanizm ki, onun strukturundakı rifah və inkişaf ziddiyyət və münaqişələrə fürsət tanımasın.
Ə.CAHANGİROĞLU
XQ

