Hikmət Hacıyevin maraqlı müqayisəsi
“Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğat dünyada yalnız ikrah və inamsızlıq yaradır”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasında milyarder Ceff Bezosun “Vaşinqton Post“ qəzetində dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.
ABŞ-dəki erməni lobbisinin sifarişlərini yerinə yetirən bəzi media qurumları son vaxtlar anti-Azərbaycan fəaliyyətlərinə yeni nəfəs veriblər. Prezidentin köməkçisi, xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı “Vaşinqton Post“ və Konqresin müəyyən üzvləri tərəfindən çirkin təbliğat kampaniyasının aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını üzə çıxardığını qeyd edib.
Hikmət Hacıyev bildirib ki, mən xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Vaşinqton Post”un, eləcə də Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü əks etdirən məqaləsinə cəlb etmək istərdim.
Qeyd edək ki, Bezos sahibi olduğu “Vaşinqton Post” və digər media orqanlarının timsalında göstərir ki, illik ictimai etimad və reputasiya sorğularında media qurumları və jurnalistlər müntəzəm şəkildə, demək olar ki, ən aşağı reytinqdə, çox vaxt Konqresdən bir qədər yuxarıda olurlar.
Lakin “Gallup” təşkilatının sorğusuna əsasən, bu il biz daha aşağıya, hətta Konqresdən də aşağı səviyyəyə düşməyi bacarmışıq. Bizim peşəmiz indi ən az inam və etibara malik peşədir”, – deyən C.Bezos sözlərinə onu da əlavə edib ki, etibardan düşən təkcə ona məxsus olan “Vaşinqton Post” deyil: “Vaşinqton Post” və “Nyu York Tayms” mükafatlar alırlar, intəhası biz getdikcə yalnız müəyyən elita ilə ünsiyyətdə oluruq, daha çox özümüz özümüzlə danışırıq”.
Prezidentin köməkçisi deyib: “Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Vaşinqton Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Milyarder Ceff Bezosun ABŞ mətbuatının vəziyyətinə reaksiyası bu ölkədə mediaya etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir”. Onun sözlərinə görə, C.Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda isə etimad daha da aşağıdır.
H.Hacıyev daha sonra üzünü Qərbin muzdlu mirzələrinə tutaraq yazır: “Vaşinqton Post”dakı “yoldaşlar”! Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son dönəmindəki “Komsomolskaya pravda”nı xatırladır”.
XQ