Astanadakı Qumilyov adına Avrasiya Milli Universitetində Türk Akademiyasının (TA) nəşr etdirdiyi kitabların təqdimatı olub.
Tədbirdə TA-nın vitse-prezidenti Asxat Kesikbayev, Azərbaycan, Qırğızıstan və Türkmənistanın bu ölkədəki səfirləri Ağalar Atamoğlanov, Dastan Dyuşekeyev, Batır Rəcəbov, Türkiyə və digər ölkələrin diplomatları, alimlər, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdim olunan əsərlər arasında Krım tatarlarının şairi Bəkir Çobanzadənin qazax dilinə ilk dəfə tərcümə olunan “Tiltutka” adlı seçilmiş əsərlərindən ibarət topluya xüsusi diqqət yetirilib. Kitabda müəllifin türkologiya sahəsində əhəmiyyətli olan tədqiqatları yer alıb.
Tədbirdə “Türk dillərinin terminoloji lüğətləri”nin yaradılması layihəsi də təqdim olunub. Kitab iqtisadiyyat, tibb və hərbi sahələri əhatə edir.
Nəşrlər arasında Əhməd Buranın böyük türkmən şairi Məhtimquli Fəraqinin 300 illik yubileyinə həsr olunmuş “Məhtumquli” monoqrafiyası və Azərbaycan alimi Azər Turanın türk dünyasının görkəmli simalarından biri olan “Əli bəy Hüseynzadə” kitabı vardır.
Şairlər Məhəmməd Hüseyn Şəhriyar və Bulud Qaraçorlu Səhədin yaradıcılığının yer aldığı “Özləm tərənnümləri” adlı Azərbaycan poeziya toplusu marağa səbəb olub.
Asxat Kesikbayev çıxışında TA-nın prezidenti Şahin Mustafayevin təbrikini çatdıraraq qeyd edib ki, akademiyanın hər bir yeni nəşri təkcə elmi iş deyil, həm də elmin möhkəmləndirilməsinə mühüm töhfədir.
Tədbir iştirakçıları Türk Akademiyasına türk xalqlarının mədəni irsinin qorunub saxlanması və inkişafına verdiyi mühüm töhfəyə görə minnətdarlıqlarını bildirib, belə nəşrlərin vahid elmi məkanın yaradılmasına səbəb olduğunu və türk dövlətləri arasında bilik mübadiləsi imkanlarını genişləndirdiyini vurğulayıblar.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Astana