Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

1.1. Baş nazir                                    17160 manat

1.2. Baş nazirin birinci müavini        15950 manat

1.3. Baş nazirin müavini                   14850 manat

1.4. nazir                                          13750 manat

1.5. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra

hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri            13200 manat

1.6. nazirin birinci müavini                                                        12650 manat

1.7. nazirin müavini, digər mərkəzi icra hakimiyyəti

orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər

tutulan orqanın rəhbərinin birinci müavini                                12100 manat

1.8. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra

hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini           11550 manat

2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilsin:

2.1. Bakı şəhəri                                                            13200 manat

2.2. Gəncə və Sumqayıt şəhərləri                                9900 manat

2.3. digər şəhər, rayon və şəhər rayonu üzrə              8800 manat.

3. Müəyyən edilsin ki:

3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır;

3.2. bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

4. Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulsun.

5. “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 197 (Cild I); 2024, № 7, maddə 796) 1 – 4-cü hissələri ləğv edilsin.

6. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2026-cı il

Fərmanlar