Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 201 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.1-ci bənddə “3060” rəqəmləri “12000” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 1.2-ci bənddə “2650” rəqəmləri “11000” rəqəmləri ilə əvəz edilsin;
1.1.3. 1.3-cü bənddə “2450” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
1.1.4. 1.4-cü bənddə “2250” rəqəmləri “9000” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə ləğv edilsin.
2. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 612 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissə üzrə:
2.1.1. “3260 manat” sözləri “13750 manat, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat” sözləri ilə əvəz edilsin;
2.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qeyd olunan vəzifə maaşları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilmişdir.”;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Baş prokurora və onun müavinlərinə ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə maaşından, habelə pul təminatından (əməkhaqqından) hesablanan üstəlik əlavələr və birdəfəlik ödənişlər şamil edilmir. Baş prokurora və onun müavinlərinə, ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə xidmət ilindən asılı olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi ilə müəyyən edilmiş əməyin ödəniş pillələri üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsala bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilsin və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılsın.”.
3. Müəyyən edilsin ki, bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onların bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2026-cı il

