Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin optimallaşdırılması məqsədilə qərara alıram:

1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilsin:

1.1. tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;

1.2. dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;

1.3. bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.2.1. bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğini;

2.1.2.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısını;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Publik hüquqi şəxslər:

3.1. altı ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşlarının yuxarı həddi çərçivəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müəyyən edilməsini təmin etsinlər;

3.2. strukturları, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqları barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılmış publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş hesabatlarla birlikdə təqdim etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2026-cı il

Fərmanlar