Vətən müharibəsinin xronikası: 31 oktyabr

post-img

Zəfər marafonunun 35-ci günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

• Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən, artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit-raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

• Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Müsahibədə dövlətimizin başçısı jurnalistin – “Kim birinci atəş açdı?” sualına cavabında deyib: “Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan–Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.

Ali Baş Komandanın İsrail və Türkiyə dronlarına görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olması ilə bağlı qərəzli fikrinə cavabı da diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, İsrail dronları Azərbaycanda artıq uzun illərdir ki, var. Onların bəziləri Ermənistanın işğalındakı torpaqlarımızın azad edilməsi zamanı qəsbkarın başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunub. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam edib: “Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”.

Prezident İlham Əliyev müsahibədə “Human Rights Watch” və “Amnesty International” təşkilatlarının ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeləri barədə də fikirlərini diqqətə çatdıraraq adları çəkilən qurumların Azərbaycana daim şər-böhtan atdıqlarını, Azərbaycan həqiqətlərini söyləmədiklərini, qarayaxma kampaniyası apardıqlarını vurğulayıb. Ölkə rəhbəri əlavə edib ki, bu təşkilatlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit dayanıblar. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səslərini çıxarmayıblar. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar susublar. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur.

Azərbaycan Prezidenti müsahibədə Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyi, torpaqlarımızı azad etmək fikrində olmadığı barədə də fikirlərini diqqətə çatdırıb: “Əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, – onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, – göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, – oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”.

• Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.

• Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

• Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

XQ



Siyasət