İrəvanın məkrli himayədarları

post-img

ABŞ və Avropa İttifaqı Ermənistanı bölgədə yeni oyuna yönləndirir

Bu gün sülh Ermənistan və Azərbaycanın kandarını kəsdirib. Bölgənin intizarla gözlədiyi həmin sülhü geri qaytarmaq üçün atıla­caq addımların bütün məsuliyyəti ABŞ-nin və Fransa başda olmaqla Avropa İttifaqının üzərinə düşə­cək. İrəvan isə bu məsuliyyətə şərik olmaqla canını qurtarmaya­caq, həm də Brüssel “xəlvətxa­na”sından sonra bölgədə baş verə biləcək arzuolunmaz hadisələrin fəsadlarından ən çox ziyan çəkən tərəf o özü olacaq. 

Üçtərəfli görüşə qədər baş verənlər

Dünən Belçika paytaxtında ABŞ Döv­lət katibi Antoni Blinken, Avropa Komis­siyasının sədri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş və onun hələlik tam açıqlanmayan nəticələri yaxın gün­lərin müzakirə mövzusu olaraq qalacaq.

Əslində, aprelin 5-i öncəsi baş verən­lər heç də qarşıdakı görüşdən az ma­raq kəsb etmirdi. Çünki, həmin olaylar yaddaqalan ştrixlərlə müşayiət olundu. Brüsseldəki üçtərəfli konfransa iki gün qalmış ABŞ Dövlət katibi Antoni Blinken, bir gün qalmış isə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycan Prezideni İlham Əliyevə zəng ediblər. Onlar dövlətimizin başçısı ilə telefon da­nışıqlarında bu görüşün ölkəmizə qarşı olmadığı, Ermənistanla yalnız ticari-iq­tisadi əlaqələrin inkişafına həsr olundu­ğu barədə bildirsələr də, bu, ciddi qəbul edilə bilməzdi. Brüssel görüşünün təş­kilatçılarının gündəlikdə yalnız İrəvana iqtisadi yardım paketin olması barədə açıqlamalarının qeyri-səmimiliyini ortaya çıxaran reallıq odur ki, belə “humanitar yardım” kampaniyası heç bir halda er­mənilər üçün Moskva bazarını əvəzləyə bilməz. İrəvan–Moskva münasibətlərinin mürəkkəbliyindən yararlanmağa çalışan Qərbin əsas məqsədinin Ukraynadan sonra Rusiyaya qarşı Ermənistanda yeni cəbhə açmaq olduğu heç kəsə sirr deyil. Yəni, sözdə haypərəst xarici güclər Cə­nubi Qafqazda yeni münaqişə ocağını körükləmək, Ermənistanı revanşa hazır­lamaq barədə düşünürlər. 

“Ermənistanı güclü görmək istəyirik”

Beləliklə, “üçlüy”ün planlaşdırdığı Brüssel formatı baş tutdu və iştirakçılar görüşün yekunları ilə bağlı uyğun bildik­ləri formada mətbuata açıqlamalar ver­dilər. 

“Ermənistan üçün regional inteqra­siya təhlükəsizlik və rifahın açarıdır. Biz istəyirik ki, Ermənistan güclü, müstəqil, regiona və dünyaya bağlı qonşuları ilə sülh şəraitində öz yerini tutsun. Birləş­miş Ştatlar və Avropa İttifaqı bu səylərə tərəfdaş olmaq istəyir. Hesab edirəm ki, bugünkü görüş bunun sübutudur”. Bu fikirləri ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə Aİ–ABŞ–Ermənistan üçtərəfli görüşünün yekunları barədə danışarkən deyib. Onun sözlərinə görə, ABŞ Er­mənistan baş nazirinin idarəçiliyinə və iqtisadi islahatlara uyğun olan səylərə sərmayə qoyur: “Biz İrəvana 65 milyon dollardan çox yardım etməyi planlaşdırı­rıq. Bu, iki il əvvəllə müqayisədə 50 faiz­dən çox artım deməkdir”. 

Ağ ev rəsmisi bildirib ki, Vaşinqton ərzaq təhlükəsizliyi, rəqəmsal infrast­ruktur, enerjinin, ticarət tərəfdaşlarının şaxələndirilməsi və İrəvanın müəyyən etdiyi digər prioritetlər üçün investisiya­larla Ermənistanın demokratik və iqtisadi dayanıqlığına dəstəyi daha da artırmağa sadiqdir: “Beləliklə, Nikol Paşinyanın sülh təklifinin kəsişmə nöqtəsində yeni nəqliy­yat marşrutları, enerji əməkdaşlığı, tele­kommunikasiya ilə inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Getdikcə inteq­rasiya olunan, insanlara fayda verəcək bir bölgə ilə güclü gələcək görünür. ABŞ və Avropa İttifaqı sizə bunu qurmaqda kömək etmək istəyir”. 

Fəqət A.Blinkenin növbəti açıqlama­sı üçtərəfli görüşün gündəliyində başqa məsələlərin də olduğuna işarə idi: “Biz Dağlıq Qarabağdan (?) didərgin düş­müş 100 min etnik erməniyə dəstəyimi­zi davam etdirəcəyik. Bu, Ermənistanın uzunmüddətli sabitliyi və rifahı, həmçinin regional təhlükəsizliyi üçün çox vacib­dir”. “Üçlər”in qapalı görüşdə daha hansı məsələləri müzakirə etdiyini, hələlik, sa­dəcə, güman etmək olar. 

Brüsseldə üçtərəfli görüşün yekunla­rına dair keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin açıqlamasından öyrə­nirik ki, Avropa İttifaqı qarşıdakı 4 il ər­zində Ermənistana 270 milyon avro qrant verəcək. AK sədri Paşinyan hökumətinin demokratik islahatlar aparmağa hazır olmasını alqışladığını bildirərək, tərəf­lərin beynəlxalq ticarət imkanlarını mü­zakirə edəcəyini vurğulayıb. Paşinyanın təklif etdiyi “Sülh qovşağı” təşəbbüsünü dəstəklədiklərini açıqlayan Lyayen daha sonra İrəvanın Rusiyaya sanksiyalardan yayınmağa qarşı tədbirlərini də alqış­layıb: “Biz, həmçinin öldürücü silah və texnikanın Rusiyanın əlinə keçməməsi üçün Rusiyaya sanksiyalarla bağlı İrəva­nın mövqeyini bəyənirik. Bu, Aİ və Ermə­nistanın həm dəyərlər, həm də maraq­lar baxımından daha da yaxınlaşdığını göstərir”. 

Bu məqamda reallığı qeyd etməyimiz zəruridir. Reallıq isə ondan ibarətdir ki, Rusiyanın sanksiyalardan yayınmama­sı üçün Ermənistanın, guya, “mübarizə aparması” tamamilə yalandır. Əksinə, rəsmi İrəvan Moskvanın Qərbin sank­siyalarından yayınmasında yaxından iştirak edir və bu “alverdən” milyardlar qazanır. Bu mövzunu həmin Qərb medi­ası dəfələrlə gündəmə gətirib və xanım Lyayenin bundan xəbərsiz olduğunu dü­şünmək sadəlövhlük olardı. Yeri gəlmiş­kən, AK rəhbəri Ursula Fon der Lyayen də, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Bor­rell də jurnalistlər qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardımla bağlı heç nə demədilər. “Üçlük”dən heç birinin İrəvanla Bakı ara­sında sülh sazişinin imzalanmasının va­cibliyindən söz açmamaları da diqqətdən yayınmadı. Onlar Nikol Paşinyanın “sülh kəsişməsi” layihəsini dəstəklədiklərini söyləsələr də, Prezident İlham Əliyevin “Qafqaz evi” ideyasını “unutdular”.

“Ermənistan ərazi bütövlüyü və su­verenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaş­dırılmasına sadiq qalır”. Bu sözləri isə üçtərəfli görüşdən sonra baş nazir Nikol Paşinyan səsləndirib. Buna qədər də dəfələrlə təkrarlanan və ümumi sözlərdən ibarət açıqlamasında N.Paşinyan onu da vurğulayıb ki, Ermənistan Alma-Ata Bə­yannaməsi əsasında sərhədlərin delimi­tasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşı­lıqlılıq prinsiplərinə tam hörmət əsasın­da bütün regional kommunikasiyaların açılmasının tərəfdarıdır. Vəssalam! Bəs, qərbli tərəfdaşları ilə bağlı qapılar arxa­sında keçirdiyi birsaatlıq söhbətində Pa­şinyan başqa hansı məsələləri müzakirə edib? Bu barədə şərh verilməyib. 

Erməni mediası Nikol Paşinyanın görüşdən əvvəl dediklərinə yer ayırıb. “Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qa­biliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkət­ləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin güc­ləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, – deyə Paşinyan bildirib. Yalnız işgüzar xarakterli açıqlamalar verən Ermənistan baş nazirinin arxasında tutduğu əlində nəyi gizlətdiyini yaxın günlərdə görəcə­yik. Belçika paytaxtına toplaşan və onla­ra dəstək verən qüvvələrin Ermənistanın inkişafı adı altında Cənubi Qafqazda yeni xaos yaratmağa çalışdıqları siyasətdən uzaq diletanta da aydındır. 

“Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaradılır” 

Qərbin bu avantürist layihəsinin əsl mahiyyətindən Bakı xəbərdardır və onun buna cavabı qəti və aydındır. Dünən Türkiyənin sabiq xarici işlər naziri, Tür­kiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasında­kı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ, Avropa İttifaqı və Ermənistan ara­sında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunub. Dövlət başçısı bildirib ki, bu for­matda görüş Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaratmağa xidmət edir: “Son günlər həm ABŞ-nin, həm də Avro­pa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə baş tutan telefon danışıq­ları əsnasında bizi inandırmağa çalışdı­lar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Amma biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə ol­duğunu bilirik. Bu, ayırıcı xətlərin yaradıl­ması və ölkəmizi təcrid etmək məqsədini güdür”. 

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şura­sının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək: “Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”. 

Dünyada geosiyasi vəziyyətin də­yişdiyini qeyd edən cənab İlham Əliyev belə bir şəraitdə Azərbaycan–Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini önə çəkib, bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

Öz növbəsində Mövlud Çavuşoğlu bildirib ki, bölgədə sülhün və təhlükə­sizliyin dayanıqlılığı, əslində, Qərbin də marağında olmalıdır: “Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan, Fransa başda olmaqla, digər Avropa dövlətləri sülhün əldə olunması üçün Ermənistana təzyiq göstərməlidirlər”.

M.Çavuşoğlunun sözlərinə görə, çoxlarına, o cümlədən, Türkiyəyə yaxşı məlumdur ki, Qərb, xüsusilə, rəsmi Pa­ris bütün imkanları ilə regionda sülhü əngəlləməyə çalışır: “Çünki bu, Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin maraqlarına uyğun deyil. ABŞ və Av­ropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq və daha da artırmaq üçün mü­naqişənin aradan qalxmamasının şərti olduğunu bilirlər. Elə buna görə də regi­onun “ən zəif bəndi” hesab olunan Er­mənistandan istifadə edirlər. Qərb Ermə­nistanı şirnikləndirərək öz tərəfinə çəkir, sonra da təlimatlarını verir. Bu, birbaşa olaraq “kökə və qamçı” siyasətinin tətbiq edilməsidir”. 

Türkiyənin sabiq xarici işlər naziri he­sab edir ki, son zamanlar Ermənistanın sülh gündəliyindən uzaqlaşması, şərti sərhəddə qoşun yığması da məhz Qər­bin direktividir: “Bu məntiqlə baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında bu gün (dünən– red.) Brüsseldə keçirilən üç­tərəfli görüşdən sonra vəziyyətin daha da gərginləşəcəyi qətiyyən istisna edilmir”.

İrəvan odla oynayır 

Beləliklə, Ermənistan və Aİ arasın­da “Eurojust” çərçivəsində əməkdaşlıq sazişinin imzalanması ilə başa çatan sönük Brüssel görüşünün əsas yekunu kimi, ABŞ və Aİ-nin erməniləri himayəyə götürdüklərini qeyd etmək daha doğru olardı. İştirakçılar bölgədə sülh və əmək­daşıq məsələlərini isə sanki görməzdən gəldilər. 

Rəsmi İrəvanın da etiraf etdiyi kimi, son altı ayda iki ölkə arasındakı şər­ti sərhəddə sakitlik dövrü hökm sürür. Ermənistan və Azərbaycanın sülhə heç vaxt olmadığı qədər yaxınlaşdığı hazırkı durumda “üçlər”in Brüssel görüşü Qər­bin bölgədə sülhə və sabitliyə münasi­bətinin səmimi olmadığını, yeni bölücü xətlər “cızmağa”, xüsusi “təsir dairələri” yaratmağa cəhd göstərdiyini bütün çıl­paqlığı ilə ortaya qoydu. Ermənistanın öz istəyinə uyğun olaraq deyil, Qərbin diktəsi ilə hərəkət etdiyi məlumdur. Fak­tiki olaraq, diplomatik müstəvidə ataca­ğı hər bir addımını avropalı “dayıları” ilə razılaşdırmağa məcbur edilən Nikol Paşinyan, deyəsən, bölgədənkənar oyunçuların iştirakı ilə Cənubi Qafqaz­da “böyük yanğın” törətməyə hazırlaşır. Görünür, yaxın üç il yarımda Bakıdan aldığı “İbtidai hərbi hazırlıq” dərslərini unutduğu görünən Ermənistana qala­mağa çalışdığı yeni ocaqda yanıb kül olmağa namizədin adını xatırlamağa ehtiyac var. Həmin bəxtsiz namizəd Ha­yastanın özüdür! 

İmran BƏDİRXANLI
XQ

Siyasət