Hacıqabul Sənaye Parkında istehsal 50 faiz yüksəlib

post-img

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili, habelə əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması haqqında 12 iyun 2024-cü il tarixli fərman imzalayıb. Ötən müddətdə müəssisənin genişləndirilməsi ilə bağlı bir sıra layihələr həyata keçirilib.

İZİA-dan verilən məlumata əsasən, indiyədək sənaye parkında investisiya həcmi bvcccc186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Eyni zamanda, sahibkarlar tərəfindən sənaye parkına 64 milyon manat investisiya yatırılıb, 576 nəfərlik daimi iş yeri yaradılıb.

Qeyd edək ki, Hacıqabul Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında əhəmiyyətli rol oynayır. Belə ki, bu müəssisədə indiyədək sahibkarlar tərəfindən 345,6 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I yarısında isə sənaye parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Hazırda ölkəmizdə sənaye parklarının sayı 8 (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı) və 4 sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir.

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 140-dan çox sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

İqtisadiyyat