Azad Qarabağda müasir sənaye istehsalı qurulur

post-img

Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, ümumilikdə, 233,8 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 72,8 milyon manat və yaxud 45,2 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin birinci yarısında sənaye məhsulu istehsalının 192,3 milyon manatı Qarabağ iqtisadi rayonunun payına düşüb. Belə ki, 6 ayda sənaye sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi Ağcabədi rayonunda 48,5 milyon manat, Bərdədə 36,1 milyon manat, Ağdamda 32,8 milyon manat, Füzulidə 26,4 milyon manat, Tərtərdə 20,7 milyon manat, Şuşada 20,6 milyon manat, Xankəndidə 4,6 milyon manat, Xocavənddə 2,2 milyon manat, Xocalıda 392 min manat, Ağdərə rayonunda isə 40,4 min manat təşkil edib.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda 41,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu iqtisadi rayon üzrə ən çox sənaye məhsulu Laçında (27,5 milyon manat) istehsal olunub, bununla yanaşı, ilin ilk yarısında Kəlbəcər rayonunda sənaye məhsulu istehsalı 7,4 milyon manat, Zəngilanda 3,1 milyon manat, Qubadlıda 1,8 milyon manat, Cəbrayılda isə 1,7 milyon manat təşkil edib.

Xatırladaq ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.

 

İqtisadiyyat